Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni binada fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib

Bakı, 20 fevral

Fevralın 20-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) yeni binada fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, BBMM-in Himayəçilər Şurasının sədri akademik Kamal Abdullayev, rəsmi dövlət qurumlarının rəhbərləri və nümayəndələri, həmçinin dini və milli icmaların rəhbərləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları binada yaradılan şəraitlə tanış olublar.

Daha sonra X Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçılarının BBMM-in Himayəçilər Şurasının üzvləri və mərkəzin kollektivi ilə görüşü keçirilib.

Görüşdə çıxış edən Kamal Abdullayev qeyd edib ki, Azərbaycanda multikultural mühitin qorunması və inkişafı istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır. Ölkəmizdə multikulturalizm dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. O deyib: “Azərbaycan multikulturalizmi keşməkeşli uzun illərdən keçib gəlsə də, ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində multikulturalizmin siyasi əsası qoyulub. Multikultural dəyərlər, Azərbaycanda yaşayan xalqların dillərinin, ədəbiyyatlarının inkişaf etdirilməsi, öz ana dillərində təhsilalma hüquqları rəsmi sənədlərdə öz əksini tapıb. Əsası Ulu Öndər tərəfindən qoyulan multikultural siyasət bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan multikulturalizmi Avropanın universitetlərində tədris olunur. Həmin universitetlərdə Azərbaycan ədəbiyyatı, mədəniyyəti, Azərbaycan dəyərləri, yəni Azərbaycan həqiqətləri tədris olunur”. Qeyd olunub ki, Heydər Əliyev Fondu tərəfindən müxtəlif ölkələrdə, o cümlədən İtaliyada multikulturalizm sahəsində önəmli tədbirlər görülüb.

Azərbaycanlı və xarici tələbələr arasında sıx əlaqələrin və səmimi dostluq münasibətlərinin qurulması istiqamətində mühüm addımların atıldığını deyən Kamal Abdullayev bildirib ki, ildə iki dəfə təşkil olunan qış və yay məktəblərinin məqsədi Azərbaycan multikulturalizmini xarici universitetlərdə öyrənən tələbələrin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Məhərrəm Əhmədov qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi din siyasətinin prioritet istiqamətlərindən biri məhz tolerantlıqla bağlıdır. Xalqımızın minilliklər ərzində formalaşmış tolerantlıq ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, yerli və beynəlxalq səviyyədə təşviq və təbliğ etmək dövlətin din siyasətinin əsas hədəfləri sırasındadır. Qış məktəbinin də artıq ənənə halını alması bu siyasətin tərkib hissəsidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, multikulturalizm Azərbaycanın dövlət siyasəti, xalqımızın həyat tərzidir. Azərbaycan dövləti özünün multikultural siyasətini, tolerant mövqeyini daim qoruyur və inkişaf etdirir. Onun sözlərinə görə, Azərbaycanda multikultural həyat tərzinin qədim tarixi və böyük ənənələri var. Ən qədim zamanlardan ölkəmizdə müxtəlif xalqların nümayəndələri arasında dərin dostluq və qarşılıqlı əməkdaşlıq mühiti formalaşıb.

Sonra BBMM-in müşaviri Aytən Qəhrəmanova X Beynəlxalq Multikulturalizm Qış Məktəbinin fəaliyyəti ilə bağlı təbrik məktublarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

BBMM-in icraçı direktoru Rəvan Həsənov qış və yay məktəblərinin təşkili layihəsinin dünyada sülhün möhkəmlənməsinə töhfə verdiyini bildirib. R.Həsənov əlavə edib ki, burada iştirak edən hər bir gənc ölkəsində Azərbaycanla bağlı təəssüratlarını bölüşəcək. Bunun nəticəsində Azərbaycana gəzmək və təhsil almaq üçün gələn gənclərin sayı daha da artacaq.

Daha sonra Himayəçilər Şurasının digər üzvləri çıxış edərək qış məktəbinin önəmindən bəhs ediblər.

Sonda Ziya Şıxlınskinin “Azərbaycan motivləri” sənədli filmi nümayiş etdirilib.