“Heydər Əliyev İli” çərçivəsində Paraiba Federal Universitetində mühazirə keçirilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çərçivəsində silsilə tədbirləri davam etdirir. 
Silsilə tədbirlər çərçivəsində mayın 16-da Braziliyanın Paraiba Federal Universitetinin tələbələri üçün mühazirə keçirilib. Mühazirəni universitetin professoru Leyla Bijos açıb. Espirito Santo Dövlət Universitetinin gənc tədqiqatçısı Juan Xavier ümummilli lider Heydər Əliyevin irsi ilə bağlı fikirlərini çatdırıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Tədris şöbəsinin müdiri dosent İrina Kunina Sovet İttifaqının süqutundan sonra Azərbaycanın dirçəlişində Ümummilli Lider Heydər Əliyevin oynadığı rol barədə məlumat verib. Mühazirə zamanı Heydər Əliyevin Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesində rolu, neft diplomatiyası konsepsiyası, multikulturalizm siyasəti haqqında danışılıb.
Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçısı tələbə Hanna Kruz de Azevedo Maya bu məktəb çərçivəsində keçirilən tədbirlər və mühazirələrlə bağlı təəssüratlarını bölüşüb.
Mühazirə fəal diskussiya ilə başa çatıb.
Qeyd edək ki, Mərkəz ilin sonuna qədər “Azərbaycan multikulturalizmi” fənninin xarici ölkə universitetlərində tədrisi layihəsinin icra olunduğu ali təhsil müəssisələrində Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbirlər, konfranslar, seminarlar, dəyirmi masalar və mühazirələri davam etməyi nəzərdə tutur.

Etiketlər