Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Qafqaz Albaniyasının tarixinə həsr olunmuş yeni layihəyə start verib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Qafqaz Albaniyasının tarixinə həsr olunmuş yeni layihəyə start verib. Layihə çərçivəsində xarici ölkə universitetlərinin tələbələri, müəllimlər və Azərbaycan tarixinin bu mühüm dövrü ilə maraqlanan hər kəs üçün ölkələrimizdə multikultural cəmiyyətin formalaşmasına təsir göstərən bir sıra mühazirələrin keçirilməsi planlaşdırılır. İlk mühazirə martın 23-də online şəkildə həyata keçirilib. AMEA-nın Şərqşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov tərəfindən təqdim olunan mühazirədə "Azərbaycan multikulturalizmi"nin tədris edildiyi Vrotslav Universitetinin (Polşa), Aleksandr İohan Kuza adına Universitetin (Rumıniya), Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin (Bolqarıstan), Belqrad Universitetinin (Serbiya) və Karamzin adına Xarkov Milli Universitetinin (Ukrayna) 30-ya yaxın tələbəsi iştirak edib. Tədbirin moderatoru BBMM-in tədris şöbəsinin müdiri dosent İrina Kunina olub.

Mühazirədə həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Rumıniyadakı nümayəndəsi prof. L. Bejenaru, Polşanın Vrotslav Universitetində "Azərbaycan multikulturalizmi" kursunun müəllimi İ. Kərimova, Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Azərbaycan dili və mədəniyyəti mərkəzinin direktoru S.Şiqaeva-Mitreska, Sebiyanın Belqrad Universitetinin Azərbaycan dili və mədəniyyəti mərkəzinin direktoru Z.Əlizadə iştirak ediblər.

Etiketlər