Multikulturalizmin alternativi yoxdur.
Azərbaycan Respublikasının davamlı və dayanıqlı inkişafını təmin edən amillərdən biri siyasi kursu ümummilli lider Heydər Əliyev tərəfindən elan edilən və bu gün Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən Azərbaycan multikulturalizmidir. 2014-cü ildə tolerantlığın, yəni ölkədə Azərbaycançılıq ideologiyasına uyğun olaraq mədəni, dini, linqvistik müxtəlifliyin müdafiəsi məqsədi ilə prezident fərmanı əsasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Bu yaxınlarda mərkəzin yaradılmasının beş illiyi qeyd olunub. Mərkəzin İcraçı direktoru Rəvan Həsənov suallarımızı cavablandırmağa lütfkarlıqla razılaşaraq təşkilatın fəaliyyəti haqqında geniş məlumat vermişdir.
- Xoş gördük, cənab Həsənov. 2019-cu ilin fevral ayında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru vəzifəsinə təyin edilmisiniz. Bu təyinat təsadüfi deyildi?
- Əslində əsasının qoyulduğu gündən mənim fəaliyyətim mərkəzlə əlaqədar olub. Almaniyada təhsilimi başa çatdırdıqdan dərhal sonra mən, 2014-cü ildə Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzimə Baş məsləhətçi vəzifəsinə dəvət edildim. Həmin vəzifədə bir il işlədikdən sonra Azərbaycan Respublikası Prezidentinin administrasiyası nəzdində Kamal Abdullanın rəhbərlik etdiyi Millətlərarası Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət Müşaviri Xidmətinə dəvət edildim. 2017-ci ildə Millətlərarası Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət Müşaviri Xidməti ləğv edildi və mən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə İcraçı direktor əvəzi təyin olundum.
Mərkəzin mövcud olduğu bütün müddət ərzində onun kollektivi intensiv fəaliyyət göstərmiş, Himayəçi şuranın təklif etdiyi müxtəlif layihələri həyata keçirmişdir. Mərkəzin layihələrinin uğurla reallaşdırılması Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycanı layiqli şəkildə təmsil edir və xarici təşkilatlarla geniş əlaqələri müvəffəqiyyətlə davam etdirir. O, haqlı olaraq Azərbaycan Respublikasının dünyadakı vizit kartı hesab edilir.
-Siz xaricdə yüksək keyfiyyətli təhsil almısınız və bir müddət Almaniyada yaşamısınız. Almaniyada çox sayda etnosun nümayəndələri yaşayır. Deyə bilərsinizmi həmin mühitdə qazandığınız təcrübə mərkəzin multikulturalizm sahəsinə aid layihələrinin reallaşdırılmasında sizə necə yardımçı olur?
- Mən hüquqşünasam və həm Azərbaycan hüquqşünaslığı, həm də beynəlxalq hüquqşünaslıq sahəsində məlumatlıyam. Həmin mənada Bakıda və Almaniyada aldığım təhsil mənim üçün faydalı olmuşdur. Bu mənə Azərbaycanda və Avropa ölkələrində millətlərarası münasibətlərlə bağlı vəziyyəti təhlil etmək və qiymətləndirmək fürsəti vermişdir. Çox sayda Avropa ölkəsinin rəhbərliyinin multikulturalizmdən imtina etdiyi bir dövrdə Azərbaycan multikulturalizm kursuna sadiq olduğunu bəyan etmişdir. Mən, bunun niyə baş verdiyini yaxşı başa düşürəm. Bu iki prosesi müqayisə etmək mümkündür. Multikulturalizm ictimai və siyasi fəaliyyət olmaqla yanaşı yaxşı bilinməsi, Azərbaycan praktikasına peşəkar şəkildə inteqrasiyası tələb olunan hüquqi sənədlər, qanunlar, dövlət proqramları, BMT-nin və digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdən ibarət nəhəng hüquqi bazadır. Multikulturalizm siyasəti hüquqin və qanuni bazaya əsaslanmalıdır. Hüquq sahəsində aldığım təhsil bu baxımdan mənə çox yardımçı olur.
Almaniyada olduğum müddət ərzində mən iki kitab dərc etdirməyə müvəffəq oldum. Digər tərəfdən xarici ali təhsil müəssisələrindən, məsələn İllinoys Texnoloji Universitetindən təkliflər gəlirdi. Mən hüquq sahəsində elmi fəaliyyətinmi davam etdirirəm. Azərbaycan Elmlər Akademiyasının dissertantıyam və kiber-cinayətlər üzrə işlərin təhqiqatında ixtisaslaşmışam. Aldığım təhsil işimdə mənə çox kömək edir.
- Yaxşı, bəs multikulturalizm nədir? Dövlət siyasəti, elmin bir sahəsi yoxsa dəyərlər sistemi?
- Multikulturalizmi bir neçə nöqteyi-nəzərdən yanaşmaq olar. Məlum olduğu kimi, bu termini elmə keçən əsrin 60-cı illərində liberalizm nəzəriyyəçiləri daxil etmişdir. O, ilk dəfə Kanadada və Avropanın bəzi ölkələrində qəbul edilmişdir. Bu gün dünyada mədəni və dini mənsubiyyətləri ilə bir-birindən fərqlənən 2000-dən çox xalq yaşayır. Digər tərəfdən BMT üzvü olan ölkələrin sayı 193-ü keçmir. Buradan belə nəticə hasil olur ki, mono-etnik dövlətin mövcudluğu mümkün deyil və xalqlar bir ölkə daxilində birlikdə yaşamağa məcburdur. Multikulturalizm mədəni və dini mənsubiyyəti fərqli olan qrupların bir ölkə daxilində sülh şəraitində yaşamasını nəzərdə tutur. Dövlətin tolerant münasibət göstərməklə kifayətlənməyib fərqli mədəni və dini mənsubiyyəti olan qrupların mövcud olmasına icazə verməsini multikulturalizm adlandırmaq mümkün olsa da burada söhbət orta səviyyəli multikulturalizmdən gedir. Güclü multikulturalizm nəinki həmin dinlərin və mədəniyyətlərin bərabər hüquqlu mövcudluğunu, inkişafını qəbul etməyi, həm də dövlət tərəfindən davamlı və dayanıqlı şəkildə onlara maliyyə, hüquqi və mənəvi yardım göstərilməsini nəzərdə tutur. Azərbaycanda məhz güclü multikulturalizm modelinin tətbiq edildiyini deyə bilərik, çünki həm Prezident, həm də dövlət ölkədə çox-mədəniyyətliliyin və çox-məzhəbliliyin qorunmasında maraqlıdır. Ölkə əhalisinin 96 faizi müsəlman olsa da islam dövlət dini deyil. Bütün müsəlman, xristian və yəhudi təşkilatları hüquqi şəxsdir. Dövlət onlara eyni səviyyədə maliyyə yardımı göstərir. Bir təşkilata verdiyi icazəni digər təşkilatlara da verir. Azərbaycanda dövlət sinaqoqların, kilsələrin və məscidlərin tikintisinə vəsait ayırır. Dünyanın başqa heç bir ölkəsində bunu görə bilməzsiniz. Bu, eyni zamanda dövlətin bütün dinlərə və məzhəblərə verdiyi dəstəyin eyni səviyyədə olmasının və heç bir ayrı-seçkiliyə yol verməməsinin təcəssümüdür.
Müsəlman icması daxilində də heç kim məzhəb mənsubiyyətinə görə sıxışdırılmır. İslamın şiə və sünni cərəyanlarına mənsub olmalarına baxmayaraq bütün müsəlmanlar birlikdə və həm şiə, həm də sünni imamların olduğu eyni məsciddə ibadət edir. Bu müştərək ibadət vəhdət adlandırılır və ona ancaq Azərbaycanda rast gəlmək mümkündür.
Xarici ekspertlər bu faktın onlar üçün son dərəcə təəccüblü olduğunu gizlətmir. Onlar hesab edir ki, Azərbaycanın təcrübəsinin tətbiqi müxtəlif islam cərəyanları arasında münaqişələrin qarşısının alınmasına imkan verə bilər. Bizə çox vaxt belə sual verirlər: "Katolik kilsələrinin tikilməsini niyə öz üzərinizə götürürsünüz? Qoyun bununla Vatikan məşğul olsun!" Qeyd etməyə dəyər ki, Azərbaycanda dini institutlar ilə dövlət orqanları arasında formalaşmış münasibətlər bu mürəkkəb sahədə daxili vəziyyəti nəzarət altında saxlamağa və xaricdən dağıdıcı təsirin qarşısını almağa imkan verir. Digər tərəfdən, dövlət kilsənin, dini təşkilatların daxili işlərinə qarışmır. Onların hamısı qanun qarşısında bərabərdir.
- Mərkəzin Qafqaz Albaniyası ilə bağlı layihəsi də var. Deyə bilərsinizmi, bu layihənin reallaşdırılması multikulturalizm sahəsində dövlət siyasətini necə əks etdirir?
- Bir tarixçi kimi siz şübhəsiz bilirsiniz ki, Qafqaz Albaniyası Qafqazın ən qədim dövlətlərindən biridir. Qafqaz Albaniyası xristian ölkəsi olmuşdur. Alban apostol kilsəsi bu dini yola VI əsrdə qədəm qoymuşdur. Kilsə tarixində Alban kilsəsi avtokefal kilsə kimi tanınır. VIII əsrdə Alban knyazlığı süqut etdikdən sonra albanların bir hissəsi öz mədəniyyətini, dinini və dilini qoruyub saxlaya bilmişdir. Ancaq 1836-cı ilin mart ayında imperator I Nikolayın fərmanı ilə bu kilsə erməni qriqoryan kilsəsinin tabeliyinə verilmişdir. Nəticədə Alban apostol kilsəsi azadlığını itirmiş, ermənilərin Azərbaycan torpaqlarına qarşı iddialarına xidmət edən təbliğat alətinə çevrilmişdir. Bu gün həmin layihə bizim dövlətin maraqlarını əks etdirir və Azərbaycan xalqının mirası hesab edilir. Alban kilsəsinin ardıcıllarından bu gün Azərbaycanın Qəbələ rayonunda yaşayan etnik azlıq - udinlər qalmışdır. Ancaq udinlərin erməni qriqoryan kilsəsinə qətiyyən aidiyyəti yoxdur. Bu baxımdan bizim məqsədimiz dünya ictimaiyyətini Alban apostol kilsəsinin tarixi, Azərbaycan mədəniyyəti üçün əhəmiyyəti barədə məlumatlandırmaq, onun avtokefallığını bərpa etməkdir. Bu prosesi Azərbaycanın və xarici ölkələrin növbəti aparıcı alimləri cəlb edilmişdir: tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü Fərid Məmmədov; filologiya üzrə fəlsəfə doktoru, ilahiyyatçı Bion Veqqe (Norveç), Artyom Kranov (Rusiya) və digər alimlər. Müxtəlif tədbirlər və dəyirmi masalar təşkil edilir. Müxtəlif məcmular dərc etdirilir. Bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.
- Ümumi tariximizə qayıdaq. Necə bilirsiniz, "multikulturalizm siyasəti" terminini sovet dövlətinə nə dərəcədə aid etmək olar? Bildiyiniz kimi, SSRİ yüzlərlə xalqın birgə yaşadığı 15 respublikadan ibarət idi.
- Mən bu terminin Sovet İttifaqının milli və ya dini siyasətinə aid edilməsinin adekvat addım olduğunu düşünmürəm. Əlbəttə, Sovet İttifaqında bütün xalqların birgə yaşaması faktını inkar etmək olmaz. Ancaq bu, multikulturalizm anlayışının müasir məzmununa qətiyyən uyğun deyil. Sovet dövləti Azərbaycan, Qazax, Özbək xalqlarının, digər xalqların milli kimliyinin inkişaf etdirilməsində maraqlı deyildi. Digər tərəfdən, Sovet İttifaqında dinə mənfi münasibət hökm sürürdü və yeganə etiqad kommunizmə olan etiqad idi. Hakimiyyət uğrunda mübarizə apardıqları dövrdə bolşeviklər hüquq və azadlıqlardan danışırdı. Onlar bütün xalqların öz kimliyini itirəcəyini bəyan etməkdən çəkinir, ancaq eyni zamanda planlı surətdə vahid sovet xalqının yaradılması istiqamətində iş aparırdılar. Bu, multikulturalizm anlayışının məzmununa qətiyyən uyğun deyil. Əlbəttə, sovet cəmiyyəti çox-mədəniyyətli idi. Ancaq dövlətin siyasəti belə deyildi!
Multikulturalizm mərkəzi 2014-cü ilin may ayında yaradılmışdır. Keçən müddət ərzində multikulturalizmin Azərbaycan modelinə maraq əhəmiyyətli dərəcədə artmışdır. Mərkəziniz multikulturalizmin Azərbaycan modelinin bütün dünyada populyarlaşmasına böyük töhfə vermiş, bir çox ölkədə mərkəzin filialı açılmışdır. Onların fəaliyyəti barədə danışa bilərsiniz?
- 5 illik fəaliyyət müddətində multikulturalizm mərkəzinin fəaliyyət coğrafiyası xeyli genişlənmişdir. Bu gün artıq 9 ölkənin universitetlərində və elmi mərkəzlərində mərkəzin filialları açılmışdır. Həmin filiallara ictimaiyyətin yaxşı tanıdığı insanlar rəhbərlik edir: Bridcit Vayqerber (Almaniya), Tereza Damasio (Portuqaliya), Arye Qut (İsrail), Janna Skott (ABŞ), Qriqoriu Aureliya (Moldova), Aleksandr Nesterov (Rusiya), Lyudmila Benejaru (Rumıniya), Sandro Teti (İtaliya), Bolqarıstan. Filiallar nəinki Azərbaycan mədəniyyətinin təbliği, həm də multikulturalizm ideyalarının siyasi sahədə yayılması ilə məşğul olur. Bir beynəlxalq təşkilat olan mərkəzimiz bütün dünyaya göstərir ki, hal-hazırda multikulturalizmin alternativi yoxdur, çünki bütün xalqlar özünə məxsus mədəniyyətlərini qoruyub saxlamaq hüququna malikdir. Bunu beynəlxalq hüquq normaları təsbit edir.
Biz, Azərbaycanın və xarici ölkələrin ali məktəblərində multikulturalizmin Azərbaycan modelinin tədrisinə yardım edirik. Tərəfimizdən İngilis və Azərbaycan dillərində tədris proqramları, materiallar, dərsliklər işlənib hazırlanmışdır, Rus dilində dərsliyin nəşrinə hazırlıq gedir. Yaponiyanın, Hindistanın, Polşanın, Litvanın, Çexiyanın, İtaliyanın, Rumıniyanın, Almaniyanın və İsveçrənin ən böyük ali məktəblərinin tədris proqramına "Multikulturalizm" adlı yeni fənn daxil edilmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, dövlətimiz tərəfindən filiallara heç bir maliyyə yardımı göstərilmir, onların əməkdaşlarına maaş ödənilmir. Bu, tamamilə xarici ali məktəblərin öz təşəbbüsüdür. Bizim köməyimiz irimiqyaslı tədbirlərin, məsələn beynəlxalq konfransların təşkili ilə məhdudlaşır.
- Azərbaycanın bu sahədə yaxın tərəfdaşlarından biri qonşu və qardaş ölkə olan Qazaxıstandır. Qazaxıstanın mərkəzin elmi və ya tədqiqat layihələrində iştirakı barədə nə deyə bilərsiniz?
- Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Qazaxıstanlı həmkarlarla müsbət münasibətlər qurmuşdur. Biz dəfələrlə müştərək tədbirlər, o cümlədən iki konfrans təşkil etmişik. Qazaxıstanın multikulturalizm modeli tərəfimizdən diqqətlə tədqiq edilir. 2015-ci ildə Qazaxıstanın türkoloqları ilə birlikdə alman alimi, şərqşünas Fridrix fon Dits tərəfindən oğuz dastanı "Kitabi-Dədə Qorqudu" alman dilində çapının 200 illiyinə həsr olunmuş beynəlxalq kollokvium təşkil edilmişdir. Qazaxıstanda hələ ki, "Multikulturalizm" fənni tədris edilməsə də, gələcək fəaliyyətə bu məsələnin həlli daxil edilmişdir. İki ölkənin dövlət orqanları arasında bununla bağlı danışıqlar aparılır. Sizin multikulturalizm modeliniz bizim üçün çox maraqlıdır və biz Qazaxıstanla əməkdaşlığa böyük diqqət göstəririk.
-Bu gün biz Avropada multikulturalizm nəzəriyyəsinin böhran dövründə olduğunu müşahidə edirik. Bunu Avropa Parlamentinə son seçkilərdə sağ partiyaların qalib gəlməsi də təsdiq edir. Bu barədə nə düşünürsünüz? Bəlkə multikulturalizm modeli xətalıdır, yoxsa dalana dirənmişdir?
- Bu prosesi bütün dünya izləyir. Avropa cəmiyyəti assimilyasiyanın və təcrid siyasətinin müxtəlif versiyalarını tətbiq etməyə çalışdı. Ancaq bu bir nəticə vermədi. Hal-hazırda avropa multikulturalizmi modeli tükənmişdir. Bəs cəmiyyətə yeni nə təklif olunacaq? Bu, çoxlarını düşündürən məsələdir.
- Dövlət başçısı, Prezident İlham Əliyev 2016-cı ili multikulturalizm ili elan etmişdir. Multikulturalizmin təməlində hansı ruhani, mənəvi dəyərlər dayanır?
- Prezidentimiz öz çıxışlarında multikulturalizmi həyat tərzi adlandırır. Azərbaycan xalqı həmişə tolerant, qonaqpərvər və multikultural olmuşdur. Bu anlayışın siyasi banisi Heydər Əliyevdir. Həmin siyasəti bu gün qlobal miqyasda prezidentimiz İlham Əliyev davam etdirir. Azərbaycan sivilizasiyalar, mədəniyyətlər arasında dialoqu təmin etməyi öz üzərinə götürmüşdür. Prezident İlham Əliyev 2016-cı ili multikulturalizm ili elan etdikdə Azərbaycanın bütün ictimai təşkilatları bu ideyaya tərəfdar çıxdı. 2016-cı ildə çox sayda tədbirlər, nəşrlər və forumlar təşkil edildi. Azərbaycan əvvəllər neft zəngini ölkələrdən biri hesab edilirdisə də bu gün vəziyyət əhəmiyyətli dərəcədə dəyişmişdir. Bu gün bizim ölkə bütün insanların bərabər olduğu, bütün dinlərin təmsil olunduğu ölkə hesab edilir. Bu, son dərəcə vacib məqamdır. Bizim multikulturalizm modelimizə əslində Azərbaycanın brendi deyə bilərik. Cəmiyyətdə stabillik hökm sürməsə ölkənin iqtisadi inkişafından bəhs etmək olmaz.Daxildə sakitçilik yoxdursa digər sahələrində inkişafı mümkün olmayacaqdır.\
- Sonda sizdən yaxın gələcəkdə reallaşdırmağı planlaşdırdığınız layihələr haqqında danışmanızı xahiş edirəm.
- Bu yaxınlarda biz 9 illik məktəb təşkil edəcəyik. Yay və qış məktəbləri multikulturalizm üzrə nəzəri tədris kurslarının məntiqi davamıdır. Məktəbə Azərbaycan mədəniyyəti ilə artıq tanış olan tələbələr dəvət ediləcək. Yay məktəbində ilk dəfə 100-dən çox xarici ölkə tələbəsinin iştirak edəcəyi, Azərbaycanlı tələbələrlə mədəniyyətlərarası dialoq quracağı beynəlxalq forum təşkil ediləcək. Ümidvaram ki, bunu gənclər arasında bir hərəkata çevirməyə müvəffəq olacağıq. - Payızda isə Qafqaz Albaniyası ilə bağlı beynəlxalq konfrans təşkil etməyi planlaşdırırıq. Bundan başqa, mərkəzimiz bizim dəstəyimizə ehtiyacı olan ictimai təşkilatlarla əməkdaşlığını daima davam etdirir.
- Çox sağ olun! Beynəlxalq mərkəzə uğurlar arzulayıram.
Müəllif: Arman SULEYMENOV