İsrail televiziya kanalında Arye Qutun çıxışı İsrailin erməni icmasını yerindən oynatdı

Dünya birliyi bir neçə gün bundan əvvəl ağır pandemiya şəraitində faşizm üzərində Qələbənin 75 illiyini qeyd etdi. Bizim hamımızı ümumi keçmiş birləşdirir və biz babalarımızın, ulu babalarımızın müharibə illərində göstərdikləri qəhrəmanlıqlara layiq olmalıyıq.

 Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut bu fikirləri İsrailin 9-cu Televiziyasının “Gün” informasiya-analitik proqramında çıxış edərkən və Ermənistanın baş naziri Nikol Paşinyanın babasının kollaborasionist olması və Njdenin rəhbərliyi altında erməni legionunda xidmət etməsi barədə məlumatları şərh edərkən söyləyib.

Arye Qut qeyd edir ki, o, bir israilli və sovet ordusunun zabitinin nəvəsi kimi öz babasına görə fəxarət hissləri keçirir. “Lakin mənim babam qazanılan qələbə ilə yanaşı, yəhudi xalqının tarixində qorxunc və dözülməz faciəyə çevrilən dəhşətli Holokost soyqırımının da şahidi olub. Mənim babam bu soyqırımı zamanı bütün ailəsini, hazırkı Ukraynanın ərazisində yaşayan bütün doğmalarını itirib. O, cəbhədə olduğuna görə sağ qalmışdı. O, Vətənini müdafiə edərək, Zaporojyedən Berlinədək getdi, lakin öz doğmalarını qoruya bilmədi”, - Arye Qut vurğulayır.

İsrailli ekspert qeyd edir ki, 9 May ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyan özünün babası – Nikol Paşinyanın şəklini paylaşaraq bu sözləri yazıb: “Nikol Paşinyan, 1913-1943. 138-ci atıcı diviziyasının 554-cü atıcı alayında xidmət edib. Vətən uğrunda ölənlərə əbədi eşq olsun”.

Məlum olub ki, Ermənistanın baş naziri Nikol Paşinyanın babası İkinci Dünya müharibəsi zamanı faşistlərlə və nasistlərlə əməkdaşlıq edən kollaborasionist olub. Ermənistanın baş nazirinin “Facebook”da öz babasına həsr etdiyi postdan sonra erməni jurnalistlər tərəfindən onun babasının şəxsiyyətinin araşdırılması nəticəsində əldə edilmiş məlumatlar ictimaiyyətə təqdim olunub.

Arye Qut qeyd edir ki, xüsusən “Iravunk.com” saytı bu mövzuya “Düşmənlə əməkdaşlıq edib, həlak olub”: baba Nikol Paşinyan haqqında məlumatlar” adlı məqalə həsr edib. Lakin baş nazirin paylaşımından dərhal sonra çoxsaylı şərhlərdə göstərilir ki, Nikol Vartanoviç Paşinyan nasist ordusunun sıralarında, məhz Qaregin Njdenin rəhbərlik etdiyi legionda vuruşub.

Arye Qut “Gün” informasiya-analitik proqramında çıxış edərkən vurğulayıb ki, əvvəlki Sarkisyan rejimi faşistlərə Qaregin Njde ləqəbi altında xidmət edən faşist cəlladı və satqını Qaregin Ter-Arutyunyana Yerevanın mərkəzində 6 metrlik abidə ucaldıb. “Əfsuslar olsun ki, Ermənistanın yeni hakimiyyəti bu abidəni sökmədi. Rəsmi Yerevan artıq birinci il deyil ki, faşist və antisemit Qaregin Njdenin qəhrəmanlaşdırılması ilə məşğuldur”, - deyə beynəlxalq münasibətlər sahəsində israilli ekspert, ictimai xadim Arye Qut qeyd edib.

Arye Qutun sözlərinə görə, xalqların öz tarixlərini, tarixi keçmişini təfsir etmək və özlərinin milli qəhrəmanlarının xatirəsini əbədiləşdirmək kimi suveren hüquqlarına heç kim qarışmır. “Lakin dəhşətli Holokost cinayətlərində əli olan adamlar milli qəhrəmanlar kimi qələmə veriləndə biz susmamalıyıq.

Bu gün artıq sirr deyil ki, faşizm ideologiyası, faşist Almaniyası ilə sıx əməkdaşlıq edən erməni faşist və nasistlərin qəhrəmanlaşdırılması Ermənistanda dövlət səviyyəsində təbliğ edilir, onlara abidələr qoyulur, küçələrə, təhsil müəssisələrinə, strateji mərkəzlərə onların adı verilir. Faşizmin, antisemitizmin və terrorizmin populyarlaşdırılması Cənubi Qafqazın bu ölkəsində dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib. Ən dəhşətli və ürəkbulandırıcı odur ki, faşizm ideologiyası “Njdeizm” adı altında Ermənistanda tədris müəssisələrinin proqramına salınıb və gənc nəsil bu “dəyərlər” ruhunda tərbiyə olunur”, - deyə israilli ekspert qeyd edir.

“Yaradıcılarından biri faşist Njde olan 20 minlik erməni legionunun İkinci Dünya müharibəsi zamanı törətdiyi qəddarlıqları tarix və yəhudi xalqı heç vaxt unutmayacaq. Arxiv sənədləri ilə təsdiqlənən tarixi faktlar mövcuddur. Başda general Njde olmaqla erməni legionunun məqsədi yəhudilərə və alman ordusu üçün “yararlı olmayan” digərlərinə qarşı basqınlar törətmək, onları məhv etmək idi.

Məhz erməni legionunun fəaliyyəti nəticəsində Simferopol, Yevpatoriya, Aluşta, Kerç və Feodosiya, həmçinin Qərbi Krımın digər rayonları yəhudilərdən tamamilə təmizlənib. Bütün bunlardan sonra biz müasir Ermənistanda erməni faşisti və antisemitinin milli qəhrəman dərəcəsinə qaldırmalarına etinasız baxa bilərikmi?”, - deyə Arye Qut sual verir.

İsrailli ekspert qeyd edir ki, müasir Ermənistanın bu siyasətini gec açılan bomba adlandırmaq olar. Çünki bu ideologiya ilə böyüyən gənclik gələcəkdə faşizmi və terrorizmi davam etdirəcək.

Ertəsi gün İsrailin erməni icması sərt reaksiya verib, Arye Qutun ölkənin Doqquzuncu televiziya kanalında çıxışını pisləyərək israilli eksperti “provokasiyada”, Ermənistanın hazırkı rəhbərinin faşist babası, “Ermənistanın milli qəhrəmanı” və Vermaxtın erməni legionu haqda “yalan xəbərlər” yaymaqda təqsirləndirib.

İsrail-Ermənistan parlament lobbisinin sabiq rəhbəri Aleksandr Sinker İsrailin Doqquzuncu televiziya kanalında çıxış edərək, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qutun təqdim etdiyi faktlar qarşısında heç bir ciddi tarixi və ya siyasi əks-dəlil qoya bilməyib. Onun 6 dəqiqəlik çıxışı belə adlandırılan Ermənistan-İsrail əməkdaşlığının perspektivlərinə və guya Azərbaycan ilə Arye Qutun İsraillə Ermənistan arasındakı münasibətlərin gələcəyinə “qibtə etmələri”nə həsr olunmuşdu.

Arye Qutun fikrincə, İsraildə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycan-İsrail münasibətləri nikbin xarakter daşıyır və strateji tərəfdaşlıq səviyyəsindədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin