Dövlət müşaviri UNESCO-nun Təhsil üzrə Beynəlxalq Bürosunun rəhbəri ilə görüşüb

 

Foto YUNESKO nümayəndəsi ilə görüş 1

Sentyabrın 28-də  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin  UNESCO-nun Təhsil üzrə Beynəlxalq Bürosunun (İBE) rəhbəri Mmantsetsa Marope ilə görüşü olub.

Dövlət müşaviri  Azərbaycan Prezidentinin 15 may 2014-cü il tarixli Fərmanı ilə yaradılan BBMM-in fəaliyyətindən söz açaraq  qısa müddət ərzində qurumun ölkəmizdə yaşayan etnik və dini icmalar arasında əlaqələrin yaradılıb möhkəmləndirilməsi, Azərbaycan multikulturalizminin öyrənilməsi və təbliği istiqamətində çoxsaylı regional və beynəlxalq tədbirlərin həyata keçirildiyini deyib. Kamal Abdullayev   BBMM-in həyata keçirdiyi layihələr  sırasında beynəlxalq multikulturalizm yay və qış məktəblərinin təşkili, “Multikulturalizm terrora qarşı” proyektini, “Azərbaycanın Gənc Dostları” Beynəlxalq Klubunun təsis olunmasını,  ölkənin 28, dünyanın 20 nüfuzlu universitetində  “Azərbaycan multikulturalizmi” fənninin tədrisini, multikulturalizmlə bağlı kitabların hazırlanmasını və nəşrini qeyd edib.

Mmantsetsa Marope  çıxışında rəhbərlik etdiyi qurumun yaradılması və fəaliyyəti haqqında danışıb: “Təhsil üzrə Beynəlxalq Büro 1925-ci ildə Cenevrədə qeyri-hökumət təşkilatı kimi fəaliyyətə başlayıb və 1999-cu ildən UNESCO-nun kurikulumların inkişaf etdirilməsi, təhsilin məzmunu, metodları və tədris strategiyalarına məsul institutudur”.

Büro rəhbəri multilulturallıq və tolerantlıq ənənələri deyiləndə insanları fərqləndirən nüansların deyil, onları yaxınlaşdıran, birləşdirən amillərin vacib olduğunu və dünyada ekstremizmin, zorakılığın yayıldığı bir zamanda multikulturalizmin Azərbaycanda həyat tərzi kimi qəbul edilməsinin təqdirəlayiq olduğunu vurğulayıb.

Mmantsetsa Marope  Azərbaycan multikulturalizminin  YUNESKO-nun Tədris Proqramına daxil edilməsi istiqamətində səylərin birləşdirilməsinin vacibliyindən söz açıb: “Biz Azərbaycanın tarixən multikulturalizm sahəsində topladığı qiymətli təcrübəni  öz işimizdə tətbiq etmək istərdik”.

Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqovun da iştirak etdiyi görüşdə Azərbaycan multikulturalizminin YUNESKO səviyyəsində təbliği və təşviqinin gələcək perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Запись Dövlət müşaviri UNESCO-nun Təhsil üzrə Beynəlxalq Bürosunun rəhbəri ilə görüşüb впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.