Gürcüstanda keçirilən konfransda multikultural təhsil müzakirə olunub
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Layihələr şöbəsini müdiri, dosent İrina Kunina Gürcüstanın Tbilisi şəhərində keçirilən “Bölünmüş dünyada körpülərin qurulması: Dialoq və Anlaşma vasitəsilə ürəklərin diplomatiyası” adlı beynəlxalq konfransda iştirak edib. ABŞ-ın Briqam Yanq Universitetinin Beynəlxalq Hüquq və Din Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə İrina Kunina “Müəllimlərin və ictimai liderlərin təlimi: Multikultural təhsil dinlərarası dialoqu necə təşviq edir” mövzusunda məruzə edib.
Konfransda Azərbaycan, Mərkəzi Asiya, Yaxın Şərq, Cənubi Asiya və ABŞ-dan olan alimlər təhsil, vətəndaşlıq, vətəndaş və dini dialoq vasitəsilə körpülərin qurulması mövzusunu müzakirə ediblər. Beynəlxalq tədbirdə fikir ayrılıqları şəraitində belə dialoq və əməkdaşlığa kömək edən empatiya, anlaşma və insan əlaqələrinin gücünün tanınması məsələləri diqqət mərkəzində olub.