Multikulturalizm Mərkəzinin rəhbəri beynəlxalq dəyirmi masada çıxış edib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Dünya və Ənənəvi Dinlərin Liderlərinin VII Qurultayı çərçivəsində Qazaxıstanın Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi tərəfindən təşkil olunan “Sülhün dayanıqlı inkişafında nailiyyətlərin əldə olunmasında dini liderlərin rolu” mövzusunda dəyirmi masada çıxış edib. Rəvan Həsənov çıxışında ətraf mühitin mühafizəsi və iqlim fəaliyyətindən danışıb. O bildirib ki, ətraf mühitin mühafizəsi və iqlim fəaliyyəti günümüzdə qlobal miqyasda ən əhəmiyyətli məsələlərdən birinə çevrilib. Bu istiqamətdə bir sıra tədbirlər və fəaliyyətlər həyata keçirilir ki, bunlar arasında ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyinə qarşı fəaliyyətlər mühüm yer tutur. İcraçı direktor noyabr ayında Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) diqqət çəkib. Məlumat verib ki, uğurla təşkil olunan COP29-da ətraf mühitin mühafizəsi və iqlim dəyşikliyi ilə bağlı müzakirələr aparılıb, mühüm qərarlar verilib. O qeyd edib ki, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyinə qarşı fəaliyyətlərin həyata keçirilməsində dini liderlərin rolu çox önəmlidir. Dini liderlərin sülh və dayanıqlı inkişafda, ətraf mühitin mühafizəsində oynadığı rol, yalnız dini mühitlərlə məhdudlaşmır, eyni zamanda, ümumilikdə insanlıq üçün əhəmiyyətli olan sosial və iqtisadi məsələləri də əhatə edir. Rəvan Həsənov vurğulayıb ki, sülhün dayanıqlı inkişafında nailiyyətlərin əldə olunmasında dini liderlərin fəaliyyətləri dərin əxlaqi və mənəvi prinsipələrə söykənərək cəmiyyətlərə müsbət təsir göstərir.
Qeyd edək ki, İlk dəfə 2003-cü ildən Qazaxıstanın paytaxtında keçirilən Dünya və Ənənəvi Dinlərin Liderlərinin Qurultayı sülh və firavanlığın ümumi dəyərləri naminə müxtəlif konfessiyaların səylərini birləşdirir.