Şərəfli ömrün səhifələri
Maqsud İbrahim oğlu Hacıyev 1935-ci il sentyabr ayının 10-da Qonaqkənd (Quba) rayonunun Gümür kəndində anadan olmuş, 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. Azərbaycan EA-nın Şərqşünaslıq, Milli Münasibətlər, Arxeologiya və Etnoqrafiya və Dilçilik İnstitutlarında elmi işçi və Baş elmi işçi vəzifələrində çalışmışdır.
Fasilələrlə üç dəfə Əfqaıstanda olmuş, tərcüməçi, Sovet səfirliyinin ikinci katibi, Ümuməfqanıstan Siyasi klubunun sədri, Əfqanıstan İctimai Elmlər Akademiyasının professoru vəzifələrində çalışmışdır. İranda iki dəfə tərcüməçi qismində iştirk etmiş və İsfahan Metalurgiya zavodunun tikintisində Sovet mütəxəssislərinin rəhbərinin müavini vəzifəsində çalışmışdır.
Maqsud müəllim uzun illər ərzində Azərbaycan ədəbiyyatının Yaxın Şərq xalqları ədəbiyyatı ilə əlaqələrini tədqiq etmiş, Azərbaycan və İran dramaturgiyalarının qarşılıqlı təsirini öyrənmişdir. O, eyni zamanda işlədiyi ölkələrin mədəniyyəti və siyasi-ictimai həyatı ilə də dərindən maraqlanmış, müxtəlif maraqlı materiallar toplamış, onları zaman-zaman Azərbaycan oxucularına təqdim etmişdir. M.Hacıyev «Azərbaycanda yazılmış ilk fars dili dərslikləri haqqında», «İranda dramaturgiyanın yaranmasında azərbaycanlıların rolu», «Sabir mənim müəllimimdir», «Şairlər məskəni» və s. kimi məqalələri İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinə həsr olunmuşdur.
M.Hacıyevin İran səfəri nəticəsində yaranmış «Beş il qonşu diyarda» irihəcmli publisistik əsəri 1976-cı ildə nəşr edilmişdir. Gərgin zəhmətin bəhrəsi olan bu əsər dərhal oxucuların ürəyinə yol tapdı. Şair Cabir Novruz M.Hacıyevin bu əsərini sonralar ədəbiyyatımızda xarici ölkələrə səfərlər nəticəsində yaranacaq və ədəbi janr kimi formalaşacaq memuar-xatirə ədbiyyatının başlanğıcı saymışdı. Sabir Rüstəmxanlı isə onu həmin illərin ən yaxşı publisistik nümunəsi hesab edərək Azərbaycan publisistikasında «Şərqi bizə tam əzəməti ilə yenidən tanıtdıran əsər» adlandırmış, əsəri yalnız müəllifin deyil, bütün siyasi-memuar ədəbiyyatımızın, ədəbi-siyasi publisistikamızın nailiyyəti hesab etmişdir. M.Hacıyevin İran səfərinin nəticəsi olaraq «İstedadlı müəllim, görkəmli uşaq yazıçısı», «Ölümündən sonra doğulan insan», «Cənub nəsiminin ətri», «N.Nərimanovun əsərləri Təbrizdə», «Arşın mal alan İran səhnəsində», «Bir İran tayfası haqqında», «Qədim İran mədəniyyəti həftəsi», «Sovet-İran münasibətlərinə dair», «Bir Azərbaycan kəndinin ədəbiyyat xəzinəsi barəsində», «Azərbaycan nağılları fars dilində», «Puriya Vəlinin yaradıcılığına dair», «İsfahanda Azərbaycan abidələri», «Şəhriyarın Heydərbabaya salam poemasına yeni nəzirə», «Dumanlı Təbriz» fars dilində, «Müasir İran uşaq ədəbiyyatı və S.Behrəngi yaradıcılığı» və məqalələri çap olundu. Onun qonşu İrana səfərindən sonra yaranmış «İran etüdləri» sənədli povesti, «Suda toy», «Bir yay axşamı», «Üç kartof və üç yüz uşaq» və s. hekayələri müxtəlif vaxtlarda çap olunmuşdur.
M.Hacıyev dahi Nizami Gəncəvinin yubileyinə həsr olunmuş elmi konfransda ölməz şairin «Xosrov və Şirin» poemasındakı coğrafi adların etimologiyası və onların lokalizasiyası məsələsi haqqında maraqlı məruzə etmiş, sonra həmin məruzəni ayrıca məqalə şəklində çap etdirmişdir. Məzmun və əhatə dairəsinə görə geniş və yeni mülahizələrdən ibarət olan bu məqalə sonralar Əfqanıstanın Yazıçılar İttifaqının orqanı olan «Jvəndun» jurnalında çap olunmuş və geniş farsdilli oxucu auditoriyasının diqqətini cəlb etmişdir. M.Hacıyev dost Əfqanıstana, bu şərq ölkəsinin ədəbiyyat və mədəniyyətinə dair xeyli əsər və məqalələr həsr etmişdir. M.Hacıyevin bu ölkəyə ilk səfərinin bəhrəsi olan «Məzari-Şərif muzeyində», «Sönməz məşəl», «Qardaşlaşma», «İnsan hücum edir», «Üç il əfqanlar arasında», və s. kimi publisitik yazılarını oxucular maraqla qarşılamışlar. Sonrakı səfərlərin məhsulu olan «Əfqanıstan görüşləri» kitabı, «İnqilabi Əfqanıstanda», «Dörd ildə gördüklərim», «Xəzər tez-tez yuxuma girir», «Dostluq təranələri», «Dost diyardan məktub», «Qərib damla ana dənizə qovuşur», «Əfqanıstan: ağrım, sevincim», «Yaxın qonşu uzaq qohumdan yaxşıdır», «Əfqan ədəbiyyatında milli barışıq», «Ədəbiyyat sülhün xidmətində», «Əfqan aprel inqilabı mövzusu sovet ədəbiyyatında», «Əfqan qadınları inqilabi keşikdə», «Azadlığın böyük günəşi», «Müasir əfqan şeirində Azərbaycan mövzusu», «Zamanın sınağından çıxmış dostluq», «Qoca diplomatın xatirələri», «Əfqanıstandakı əfşarlar haqqında» və s. kimi elmi-publisistik əsər və məqalələri geniş oxucu müzakirəsinə verilib. M.Hacıyevin əfqan yazıçı və şairlərdən olan Əbdülqadir Əbhər, Dəstəgir Pəncşiri, Seyid Hüseyn Aşəftoyi-Baxtəri, Xəlilullah Xəlili, Abdulla Naibi, Ə.R.Zəryab, H.Neysan, Ziyai və başqalannın ədəbi yaradıcılığından elədiyi tərcümələr bu qədim ölkəni Azərbaycan oxucusuna sevdirməkdə əhəmiyyətli rol oynamışdır. M.Hacıyevin «Əfqanıstan görüşləri» 1989-cu ildə «Yazıçı» nəşriyyatında çapdan buraxılmışdır. Aydın Ağayev, Tofiq Mütəllimov, Ağacavad Cəfərov və başqaları əsər haqqında dəyərli fikirlər söyləmişlər. Tarix elmləri doktoru, prof. Həsən Əlibəyli «Əfqanıstan görüşləri» kitabının müqəddiməsində yazırdı: «Oxucular M.Hacıyevin «Əfqanıstan görüşləri» kitabı vasitəsilə əfqan torpağına səfər edəcək, müəllifin bu ölkənin müxtəlif nümayəndələri ilə maraqlı görüşləri, Azərbaycan-Əfqan ədəbi-mədəni əlaqələri, əfqan ictimaiyyəti qarşısında duran ciddi siyasi-iqtisadi problemlər, qədim Şərq mədəniyyətinin inkişafında misilsiz rol oynamış ağsaçlı şəhərlərin tarixi, xalqın özü kimi qədim olan bayram, toy və digər mərasimlərlə yaxından tanış olacaqlar. M.Hacıyev Əfqanıstanın Nəngəhar vilayətinin mərkəzi Cəlilabad şəhərində Əfqanıstan İctimai Elmlər İnstitutunun filialının yaradılmasında fəal iştirak etmişdir. O, xaricdə olarkən görkəmli şairlərimiz Rəsul Rza, Nəriman Həsənzadə, Əlfi Qasımov, Əlibala Hacızadə, Fazil Rəhmanzadə ilə ədəbi əlaqədə olmuş, oxucularımızı qonşu ölkənin mədəni-siyasi hadisələrilə tanış etmişdir. M.Hacıyev İran və Əfqanıstanda işlədiyi müddətdə, görkəmli şəxsiyyətlərimizin bu ölkələrdə səfərləri zamanı onlarla ünsiyyətdə olmuş, səfərlərinin səmərəli olmasına kömək etmiş, onların səmimi təşəkkürünü qazanmışdır. M.Hacıyev Əfqanıstanda olarkən Kabul Universitetində Sovet-Əfqan dostluq Cəmiyyətinin şöbəsinin yaradılması və fəaliyyətə başlamasında çəkdiyi böyük zəhmətə görə Əfqan-Sovet Dostluq Cəmiyyətinin xüsusi tərifnaməsinə layiq görülmüşdür. Onun Sovet-Əfqan dostluğuna, Əfqan və Azərbaycan ədəbi əlaqələrinə, Əfqanıstanda milli barışıq siyasətinə, Əfqanıstanın bəşər mədəniyyətindəki roluna və s. dair müxtəlif elmi konfrans və simpoziumlardakı məruzələri maraqla dinlənilmişdir. M.Hacıyevin dost Əfqanıstan diyarındakı səmərəli fəaliyyəti bu ölkədəki Sovet Səfirliyi rəhbərliyinin Azərbaycan EA-nın prezidenti A.Salayevə məktubunda xüsusi qeyd olunur, onun bu dost ölkədə sovet xalqının, xüsusilə, Azərbaycan xalqının mədəniyyəti və ədəbiyyatının təbliği işi yüksək qiymətləndirilmişdir. M.Hacıyev «Yüksək dövlət səviyyəsində siyasi tərcüməçi» diplomatik adına layiq görülmüş, diplom almışdır.
Məlum olduğu kimi, Araz üzərindəki su bəndinin tikilişi ilə əlaqədar qədim Xudafərin körpüsünün dağıdılacağı ehtimalı respublika ictimaiyyətini bərk narahat etdiyindən ölkədə Xudafərinin müdafiəsi cəmiyyəti yaranmışdı. Bu cəmiyyətin qarşısına qoyduğu məqsəd tarixi abidəmizi - Şimalla Cənub arasındakı yeganə qədim körpümüzü dağılmaqdan qoruyub hifz etmək idi. M.Hacıyevin «Dalğa» qəzetində, «Qobustan» jurnalında çap etdirdiyi «Pirimiz, ocağımız Xudafərin», «Xudafərin harayı» kimi irihəcmli məqalələrinin də səmərəli rolu olmuşdur.
M.Hacıyevin Azərbaycan xalqının adət və ənənələrinə, həmişəyaşar qədim Novruz bayramına, unudulmuş xalq oyunlarımıza həsr olunmuş və bir sıra qəzet və jurnallarda çap olunmuş məqalələri: «Azərbaycanlıların adət və ənənələrindən», «Azərbaycanlıların bəzi adət-ənənələri haqqında», «İnamlar və inanclar», «Qədim oyunlarımızı həyata qaytaraq», «Xalq oyunlarımız və klassik poeziya», «Qədim Novruz bayramı haqqında», «Qədim Novruz gəlir», «Torpağın Novruz nəfəsi», «Novruz bayramı min il bundan əvvəl və bu gün», «Elimizə Novruz gəlir», «Qədim azərbaycanlılarda Novruz bayramı» və s. kimi aktual yazılar müəllifə rəğbət qazandırmış, xalqımızın qədim adət-ənənələrinin, toy-düyün oyunlarının yenidən bərpa olunaraq təmtəraqla qeyd edilməsində az rol oynamamışdır. M.Hacıyev uzun illər azərbaycanlıların unudulmuş adət ənənələri, inamları və inancları haqqında tədqiqatlar aparmış, onlardan bəzi parçaları müvafiq olaraq bir sıra qəzetlərdə də çap etdirmişdir. Sonra bu axtarışlar onun «İnanclar və inamlar» kitabında toplanaraq “Gənclik” nəşriyyatında çap olundu. Müəllifin bu faydalı tədqiqatı xalqımızın yaddaşlardan silinmiş adət-ənənələrinin məişətimizdə yenidən bərpasına əhəmiyyəti danılmazdır.
Başımıza gələn faciələr, M.Hacıyevi də narahat edir, düşündürür, yazıları, publisist qələmi ilə erməni xəyanətini damğalayaraq, müharibə dövrünün sosial-iqtisadi problemlərini təhlil edir, düşdüyümüz çətin şəraitdən çıxış yolları axtarır. Onun «Vətəndaşlıq borcumuz», «Mərhəmət hissimiz korşalmasın», «Düşmən fitvasına uymayaq», «Niyə belə aciz olduq?», «Yalan dəlillər qurtaranda», «Birliyimizə inanıram», «Bizi nələr birləşdirir?», «Qələbəmizin rəhni birliyimizdir», «Diriliyimiz birliyimizdədir» və s. kimi məqalələri düşmənə nifrət, vətənə məhəbbət aşılayır, nankor və xəyanətkar erməni yağıları üzərində labüd qələbəyə səsləyir.
M.Hacıyev Azərbaycan Sovet Ensiklopediyasında işlədiyi zaman, dilçiliyin müxtəlif məsələlərinə, xüsusilə İran dilçiliyi və İran dillərinə dair xeyli məqalə çap etdirmişdir. «İran dilləri», «İran dilçiliyi», «Avesta dili», «Bəluc dili», «Tacik dili», «Fars dili», «Talış dili», «Kürd dili», «Pəncab dili», «Pamir dilləri», «İşkaşim dili», «Yazqulam dili», «Puştu dili», «Pəhləvi dili», «Qədim fars dili», «Orta fars dili», «Müasir fars dili», «Mixi yazılar», «Urdu dili», «Osetin dili» və s. kimi məqalələrlə yanaşı, Maqsud Hacıyev, uzun illər Azərbaycan tatlarının dili, tarixi, etnoqrafiyası, xüsusilə, bu xalqın adət ənənələrinin tədqiqi ilə məşğul olmuşdur. O, tatların dilinə dair bir neçə məqalə və monoqrafiya çap etdirmişdir. O, Tatların tarixi-etnoqrafik oçerki monoqrafiyasında: Tatlar-tarixi baxış, Tatlar mədəni inkişaf yolunda, Tatlarda ailə və evləmə, Tatlarda mədəni-əxlaqi dəyərlər, Tatların maddi-mədəniyyəti, Tatlarda qədim etiqadlar və s. məsələlər tədqiq olunmuşdur və qeyd etmək lazımdır ki, bunları ilk olaraq M.Hacıyev tədqiq etmişdir. Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının elmi “Xəbər”lərində, İran İR-nın “Peyam-e Nevin” jurnalında, Moskva, Sankt-Peterbuq, Düşənbə, Tiflis şəhərlərinin elmi nəşrlərində tatlar və tat dilinə dair məqalələr nəşr etdirmiş, bu barədə müxtəlif elmi konfranslarda məruzələr etmişdir. Onun “Tat dilinin öyrənilməsi tarixindən”, ”Tat dilindəki bəzi bitki adlarının etimologiyasına dair, “Tat dili əsaında)”, “Tat etnonimi haqqında”, “Azərbaycan ərazisindəki bəzi toponimik adların mənşəyi dair”, “Azərbaycanın bəzi toponimləri barədə”, “Tat dili”, “Tatlar haqında söz”, “Tat mədəniyyətinin inkişaf yoları”, “Tat dilində Azərbaycan sözləri”, Milli məsələ və Azərbaycan tatlarının ikidillilik məsələsi”, “Bir can bir ürək”, “Nicatımız birlikdədir”, “Düşmən fitfasına uymayaq”, “Tatlar kimdir”, “Türkün türkdən başqa dostu var”, “İftixar və qürur haqqı ilə”, “Əsil ziyalılıq milli birlik rəmzi olmaqdır”, “Azsaylı xalqlara böyük qayğı”, “Dövlətçilik ənənələrimizdə milli siyasət” və s kimi tatlar və tat dilinə, xalqımızın birlik və vəhdətinə həsr olunmuş məqalələri çap olunmuşdur. Maqsud Hacıyev tat dilinin müxtəlif ləhcələrindən biri olan Qonaqkənd ləhcəsinə dair yazdığı “Tat dilinin Qonaqkənd ləhcəsi” adlı monoqrafiyası Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatında, 1971-ci ildə, çap olunduqdan sonra istər Azərbaycanda, istərsədə onun sərhədlərindən kənarda bu dillə maraqlanan tədqiqatçılar arasında böyük rəğbətlə qarşılanmış və bu haqda yüksək rəylər bildirmişlər. Ak. Əlisohbət Sumbatzadə, ak. Məmmədağa Şirəliyev, Prof. Əbdüləzəl Dəmirçizadə, Prof. Əkrəm Cəfər, Tofiq Əhmədov, Əbülfəzi Azmudə, Naseh Nateq, Mahmud Əfşar Yəzdi və s. kimi Azərbaycan və İran alimlərinin bu monoqrafiyaya dair elmi resenziyaları və rəyləri əsərin İranşünaslıq, Azərbaycan dilçiliyi və ümumiyyətlə, Azərbaycan ərazisindəki müxtəlif dillərin bir-biri ilə qarşılıqlı əlaqələrinin əhəmiyyətinə həsr olunduğu qeyd edilir. Az müddətdə M.Hacıyevin bu monoqrafiyası İran dilləri, ümumi dilçilik və dil əlaqələri problemləri ilə məşğul olan mütəxəssis dilçilərin istinad etdikləri ədəbiyyat cərgəsinə daxil edilir və indi də istinad olunan mötəbər dilçilik ədəbiyyatı siyahısındadır. M.Hacıyev uzun illər üzərində çalışdığı «Azərbaycan tatlarının dili (fonetika, leksika, morfologiya və sintaksis)» (Bakı, 1995) adlı fundamental əsərini çap etdirərək oxuculara təqdim etmişdir. O, tat dilinin müxtəlif ləhcələrinin dil materiallarını bir sıra türk dilləri, o cümlədən, xüsusilə tat dilinin ən yaxın ünsiyyətdə olduğu Azərbaycan dili ilə, fars, tacik, kürd, talış, əfqan və s İran dilləri ilə müqayisə edərək maraqlı nəticələr əldə etmiş, müxtəlif sistemli dillərin qarşılıqlı əlaqələr probleminə xeyli yenilik gətirmişdir.
Düşmənə nifrət M.Hacıyevin tat dilində yazdığı şeirlərinin («Vasal» («Bahar»), Aəzməşr, 1994), «Bə aftayaz bə yə cigə» (“Günəşlə birgə”, Azəməşr, 1995), şeir və poemalarından ibarət “Sevgi nəğmələri” (2006) ikicildliyinin bir sıra şeirlərinin də əsas leytmotivini təşkil edir. Qədim tarixə malik olan Azərbaycan tatlarının da bu torpağın həqiqi varisləri kimi vahid və bölünməz Azərbaycan xalqı tərkibində ləyaqətli yerinə, onların ümumi və müştərək vətənimizin ictimai-siyasi, ədəbi və mədəni həyatında oynadığı rola dair bir sıra yazıları sözün əsl mənasında ona şöhrət gətirmişdir. İlk dəfə olaraq məhz M.Hacıyev bir sıra tat nağıllarını Azərbaycan dilinə tərcümə edərək çap etdirmiş, tat nağıllarını toplayaraq «Düta birar» («İki qardaş». Azərnəşr, 1993) adı ilə tat dilində nəşr etdirmişdir. M.Hacıyev Azərbaycanda yaşayan tatların dili və mədəniyyətini öyrənmək, bu xalqın adət-ənənələrini yaşatmağa xidmət edən Respublika «Azəri» Tat mədəniyyət mərkəzinin təsisçisi və sədri olmuşdur.«Azəri» Tat Mədəniyyət Mərkəzi ölkəmizdə gedən siyasi hadisələrdən də kənarda qalmır, xalqımızı narahat edən bu və ya başqa məsələlərə dərhal öz münasibətini bildirir. Respublikamızın başqa siyasi və ictimai təşkilatları kimi tat mədəniyyət mərkəzi də xalqımıza qarşı törədilmiş qanlı 20 yanvar faciəsi, düşmən təxribatları, Azərbaycanı parçalamağa yönəldilmiş separatik meyillər və sairəyə qarşı öz səsini ucaltmış, xəyanət yolunu, düşmən dəyirmanına su tökmək cəhdlərini qətiyyətlə pisləmişdir.
Bu uğurlu yolda ona daima dəstək verən, yuxusuz gecələrinə şahid olan, köməyini əsirgəməyən, yazılarını ilk olaraq tənqid və təqdir edən həyat yoldaşı, nurani, mehriban Məfkurə xanıma təşəkkür edirik.
Maqsud müəllimlə Məfkurə xanımın, bu gözəl insanların dörd övladları, nəvələri və nəticələri var.
Biz, tanınmış Şərqşünas, görkəmli Tatşünas, Maqsud İbrahim oğlu Hacıyevi: ZAMANIN yüzlərlə ədəbi-bədii və publisistik məqalələrin və onlarla kitabların, o cümlədəən ZAMANIN ÖZÜ ZAMANIN SÖZÜ, AZƏRBAYCAN TATLARININ DİLİ, TATLARIN TARİXİ-ETNOQRAFİK OÇERKİ kitablarının müəllifini, BÖYÜK TATI, anadan olmasının 85 illiyi münasibətilə, Azərbaycan ədəbi ictimayəti adından, Azərbaycanda yaşayan tatlar adından, “Azəri Tat Mədəniyyət Mərkəzi” İctimai birliyinin üzvüləri adından səmimi qəlbdən təbrik edir, ona can sağlığı və gözlərinə nur diləyirik.
“Azəri Tat Mədəniyyət Mərkəzi” İctimai Birliyinin sədri
Elman Əhmədov