XV Beynəlxalq Multikulturalizm Məktəbi Şuşada davam edir
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkil etdiyi “Sülhün, dialoqun və tolerantlığın qorunmasında mədəni irsin rolu” adlı XV Beynəlxalq Multikulturalizm Məktəbi Şuşa şəhərində davam edir.
Sentyabrın 25-də məktəb iştirakçıları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Günel Yusifinin “Mədəniyyət və inancın kəsişməsi: Dini müxtəlifliyin Azərbaycan nümunəsi” mövzusunda mühazirəsini dinləyiblər.
Günel Yusifi mühazirəsində qeyd edib ki, Azərbaycan dini müxtəliflik baxımından çox zəngindir. Amma xoşbəxtlikdən müxtəlif dinlərin və dini-fəlsəfi cərəyanların yayıldığı ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşan dini-etnik qruplar yerli əhali ilə qaynayıb-qarışıb, qohumluq əlaqələri qurublar və sözün əsl mənasında birgəyaşayışın harmonik vəhdətini nümayiş etdirirlər. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman həmrəy olublar. Vətənimizdə bu cür mükəmməl tolerantlıq mühitinin yaranması dini dözümlülüyün Azərbaycan xalqının xarakterik xüsusiyyəti və milli-mənəvi sərvəti olmasına dəlalət edir. Məruzəçi bildirib ki, Azərbaycan dünyada məscid, kilsə və sinaqoqun bir arada olduğu, eləcə də müxtəlif dinlərin mənsublarının heç bir ayrı-seçkilik halı ilə qarşılaşmadıqları nadir ölkələrdən biri, bəlkə də, birincisidir.
Mühazirə XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, XV Beynəlxalq Multikulturalizm Məktəbində Azərbaycan, Rusiya, Türkiyə, Cənubi Koreya, Serbiya, Yaponiya, Qazaxıstan, Rumıniya, Moldova, Özbəkistan, Hindistan, Morokko, Bolqarıstan, Gürcüstan, Amerika Birləşmiş Ştatları, Mozambik və Konqodan olan 30-a yaxın tələbə iştirak edir. Oktyabrın 1-dək davam edəcək məktəbin İştirakşıları üçün Şuşa, Laçın və Ağdam şəhərlərinə ekskursiyalar təşkil olunacaq.
Xatırladaq ki, Mərkəz yarandığı gündən etibarən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı bir sıra layihələr həyata keçirir. BBMM-in mühüm əhəmiyyət kəsb edən layihələrindən biri də artıq ənənə şəklini alan və mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Məktəblərinin təşkil olunmasıdır. Layihə BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində dünyanın və Azərbaycanın ali təhsil müəssisələrində Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün ildə iki dəfə XV Beynəlxalq Multikulturalizm Məktəbi təşkil olunur. Burada məqsəd tələbə gənclərin nəzəri biliklərinin multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə şahid olmalarına şərait yaratmaqdır. Artıq dəyərli ənənəyə çevrilən multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.