Multikulturalizm Mərkəzi Qazaxıstanın Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi ilə əməkdaşlıq edəcək

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Qazaxıstanın Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanacaq. Bununla bağlı BBMM-in icraçı direktoru Rəvan Həsənov və  Dialoq Mərkəzinin İdarə Heyətinin sədri Dianna Esenova arasında onlayn görüş keçirilib. Görüşdə Rəvan Həsənov Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, Mərkəz dinlərarası və mədəniyyətlərarası dialoqun təşviq olunmasına hər zaman öz töhfəsini verir. Bu istiqamətdə beynəlxalq konfranslar, dəyirmi masalar təşkil edir. O, belə tədbirlərin keçirilməsində beynəlxalq əməkdaşlıqların mühüm rol oynadığını diqqətə çatırıb.
Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin İdarə Heyətinin sədri Dianna Esenova Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əməkdaşlığa xüsusi önəm verdiklərini vurğulayıb. 
Görüşdə Dünya və Ənənəvi Dinlərin Liderlərinin VII Qurultayı çərçivəsində “Sülhün dayanıqlı inkişafında nailiyyətlərin əldə olunmasında dini liderlərin rolu” mövzusunda birgə dəyirmi masanın təşkil edilməsi müzakirə olunub. 
Qeyd edək ki, Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin yaradılması ideyası 2018-ci ilin oktyabrında Dünya və Ənənəvi Dinlərin Liderlərinin VI Qurultayının iştirakçıları tərəfindən irəli sürülüb. İlk dəfə 2003-cü ildə Qazaxıstanın paytaxtında keçirilən Dünya və Ənənəvi Dinlərin Liderlərinin Qurultayı sülh və firavanlığın ümumi dəyərləri naminə müxtəlif konfessiyaların səylərini birləşdirir.
 

Etiketlər