Bizim gücümüz etnik və mədəni müxtəlifliyimizdədir

Məqaləyə ümummilli liderin Heydər Əliyevin “Azərbaycanın varı, dövləti təkcə onun pambığı, yeraltı və  yerüstü sərvətləri deyil, ərazisində yaşayan xalqlarıdır” dəyərli kəlamı ilə başlamağım təsadüfi deyildir. Çünki ulu öndər  Heydər Əliyev çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirməklə, keyfiyyətcə ən yüksək mövqeyə qaldırmışdır. O, bütün dünyaya sübut etdi ki, Azərbaycan dini və irqi ayrı-seçkilik, islamofobiya, ksenofobiya, antisemitizm kimi təhlükəli amillərə qarşı özünün başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini üstün tutaraq, tarixən fərqli etnik qrupların, müxtəlif dinə, dilə, və irqə mənsub insanların  birgə yaşadığı mədəni müxtəlifliyə sahib olan ölkədir.

Ölkəmizdə yaşayan hər bir xalq öz etnik xüsusiyyətini saxlamaqla bərabər, digər xalqların və etnik qrupların həyat tərzində, məişətində, adət və ənənəsində, mədəniyyətindəki bir çox mütərəqqi amilləri əxz edərək, qarşılıqlı surətdə inkişaf etmiş və bu xalqlar bir-birinə daha da yaxınlaşmaqla yanaşı, öz dillərini, adət-ənənələrini,  həmçinin etnoqrafik xüsusiyyətlərini qoruyub saxlaya bilmişlər. Azərbaycan əhalisinin əsas hissəsi azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 adda millət və etnik qruplardan ibarətdir. Onların arasında Altay ailəsinin türk qoluna məxsus azərbaycanlılar, tatarlar, ahısqa türkləri, həmçinin hind-avropa (tatlar, talışlar, dağ yəhudiləri, kürdlər), qafqaz (udilər, ləzgilər, avarlar, saxurlar, buduqlular, ingiloylar, qrızlar, xınalıqlar), slavyan (ruslar, malakanlar, ukraynalılar) dil qruplarının təmsilçiləri vardır. Qeyd olunan etnik qrupların nümayəndələri özlərini azərbaycanlı saysalar da, hər bir qrup özünəməxsus fərqli mədəniyyətin elementlərini qoruyub saxlamışdır. Bu mədəniyyət məişət həyatında, sənətkarlıqda, mətbəxdə və müxtəlif mərasimlərdə öz əksini tapmaqdadır. Qeyd edilməsi mühümdür ki, dünyanın etnik xəritəsində udi  adlı etnos yalnız Azərbaycanın ərazisində mövcuddur.Udilər Qafqazın qədim sakinlərindəndir və dilləri Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olmuş, çoxlu qədim ünsürləri qoruyub saxlaya bilmişlər. Onlar Azərbaycanın Şəki, Oğuz, Qəbələ rayonlarının ərazisində (1999-cu ildə aparılmış siyahıyaalmaya əsasən 4066 nəfər) yaşamışlar. Bu gün udilərin yaşadığı ərazi isə Şəki-Zaqatala iqtisadi-coğrafi bölgəsinə daxildir. Hətta udilər yerli əhali ilə qohumluq əlaqələri quraraq onlarla qaynayıb qarışmışlar.

 Azərbaycanda yaşayan azsaylı xalqlardan biri də, əsasən Qusar, Quba, Xaçmaz rayonları ərazisində kompakt halında, eləcə də Bakı, Gəncə, Sumqayıt şəhərlərində yaşayan ləzgilərdir, onlar Azərbaycan əhalisinin 2,2 faizini təşkil edir və əksəriyyəti İslam dininə etiqad edir. Ölkəmizdə yaşayan digər azsaylı xalqlardan biri isə kürdlərdir və Azərbaycanda kürdlərin məskunlaşması haqqında ilkin məlumat X əsrə aiddir. Bu dövrə aid ərəb mənbələrində Şirvanda, Aranda, Beyləqanda, Dərbənddə və Azərbaycanın digər regionlarında kürdlərin yaşaması göstərilir. Hazırda Azərbaycanda kiçik Qafqazın cənub  qərbində yerləşən Kəlbəcər və Laçın rayonlarının və Naxçıvan MR-nın Sədərək rayon mərkəzində, Culfa rayonunun Teyvaz və Şərur rayonunun Dərəkənd kəndlərində yaşayırlar.

Digər bir etnik qrup isə İber dil ailəsinə daxil olan dildə danışan və müsəlman dininə etiqad edən ingiloylardır ki, onlar əsasən Qax və Zaqatala rayonları ərazisində yaşayaraq, orta əsrlərdə müsəlmanlığı qəbul etmişlər. Etnik, psixoloji, mədəni və s. cəhətlərinə görə azərbaycanlılarla qohumluq əlaqələrinə malik olan ingiloylar, yaşadıqları cəmiyyətə sıx inteqrasiya olmaları ilə seçilirlər. Digər etnik qruplardan biri olan tatlar  isə Azərbaycanda əsasən Abşeron yarımadasında Xızı, Şabran, Quba, Şamaxı, İsmayıllı rayonlarının bir sıra kəndlərində yaşayırlar. Azərbaycandakı azsaylı xalqların, o cümlədən tatların dil və mədəniyyətlərinin əsasən türkdilli mühitdə qorunub saxlanması həm elmi, həm də siyasi cəhətdən xüsusilə mühümdür. Tatların ictimai vəziyyəti və ailə məişəti yeni məzmun kəsb etmiş, xeyli inkişaf etmiş hətta demək olar ki, onların mədəni inkişafı Azərbaycan türklərinin mədəni tərəqqisi ilə eyniləşmişdir. Elə buna görə də bu gün tatların nəinki təkcə məişəti və həyat tərzini, hətta, ümumiyyətlə, tarixi-mədəni inkişafını ümumi mənada Azərbaycan xalqından, o cümlədən də azəri türklərinin inkişaf problemlərindən, bu xalqın ümumi irəliləyiş prosesindən ayrı təsəvvür etmək mümkün deyil.

Azərbaycanda yaşayan ən qədim xalqlardan  biri də yəhudilərdir və  onlar hazırda Bakı, Sumqayıt, Quba və Oğuz rayonunda məskunlaşıblar. Bizim coğrafiyada, Azərbaycan türkləri ilə yəhudilərin bir yerdə yaşaması tarixi yüzilliklər öncə mövcud olmuş, Alban dövlətinə qədər uzanır. Bütövlükdə ölkədə yəhudilərin sayı 16.000-dir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, təxminən 6.000-i Bakıda, 4.000-i Qubada, min nəfəri isə başqa şəhərlərdə yaşayır. Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti Bakıda və Sumqayıtda yaşayır. Gürcü yəhudiləri təxminən 700 nəfərdir. Yəhudilərin say baxımdan çoxluq olaraq yaşadıqları yerlərdən biri Oğuz rayonudur ki, burada “Cuhudlar məhəlləsi” deyilən bir qəsəbə vardır ki, həmin ərazidə yəhudilərin 2 böyük sinaqoqları vardır.

Araşdırmamızdan da belə aydın olur ki, ölkəmizdə məskunlaşan, yerli əhali ilə səmimi münasibət qurmağı bacaran hər millət kimi yəhudilər də ölkəmizin vətandaşları kimi qəbul edilərək nə dini, nə irqi əsaslarla Avropanın bir çox ölkələrindən fərqli olaraq ayrı-seçkiliklə qarşılaşmayıblar.

 Bir etnos kimi talışlardan bəhs etsək deyə bilərik ki, onlar  müasir Azərbaycan Respublikasının cənub bölgəsi sayılan Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı rayonları ərazisində kompakt və həm də azərbaycanlılarla qarışıq halda yaşamışlar. Tarixən başlıca məskunlaşma ərazilərindən başqa, talışlar Azərbaycanın başqa regionlarında, habelə Bakı, Sumqayıt kimi sənaye şəhərlərində də yaşamağa başlamışlar.1999-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına görə talışların sayı 76,8 min nəfər olmuşdur. Talışlar əkinçilik, maldarlıq, ipəkçilik, bağçılıq, üzümçülük, arıçılıq və balıqçılıqla məşğul olurlar.

Qeyd olunan etnik qrupların nümayəndələri ilə yanaşı, digər azsaylı xalqlar da  özlərini azərbaycanlı saysalar da, hər bir qrup özünəməxsus fərqli mədəniyyətin elementlərini qoruyub saxlamışdır. Bu mədəniyyət məişət həyatında, sənətkarlıqda, mətbəxdə və müxtəlif mərasimlərdə öz əksini tapmaqdadır.

Qeyd edilməsi mühümdir ki, MDB ölkələri içərisində Azərbaycanın milli azlıqların hüquqlarının qorunması ilə bağlı qoşulduğu beynəlxalq konvensiyalar qanunvericilik baxımından daha mükəmməldir. Belə ki, Azərbaycan BMT Baş Assambleyasının 1992-ci il 18 dekabr tarixində milli, etnik, dini və dili azlıqlara mənsub şəxslərin hüquqları ilə bağlı qəbul etdiyi Bəyannaməyə və Avropa Şurasının 1995-ci il fevralın 1-də “Milli azlıqların hüquqlarının qorunması haqqında” qəbul etdiyi Çərçivə Konvensiyasını təsdiq etməklə bu qanuna 13 iyun 2000-ci ildə qoşulub.

Bir sözlə, bu  gün  Azərbaycan  yerli  aborigen tayfa birləşmələri və xalqlarla yanaşı, öz taleyini bu torpağa bağlayan bir sıra milli azlıqların, azsaylı xalqların və etnik qrupların  doğma  Vətəninə  çevrilib. Bugünə qədər ölkəmizdə heç bir etnik və dini zəmində münaqişə baş verməyib və bu proses indiki gərgin siyasi şəraitdə də davam etdirilir. Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələrinin ruh yüksəkliyi ilə, Vətənini torpağını qorumaq naminə könüllü olaraq orduya yazılması və hətta bu yolda şəhid olmağı belə gözə alması bunun bariz nümunəsidir. Bu bir nümunə kimi beynəlxalq ictimaiyyətin də diqqətini çəkir. Azərbaycanın milli qəhrəmanı Albert Aqrunovun “Mən burada doğulmuşam, bura mənim Vətənimdir və müharibənin sonuna qədər vuruşacam”  deməsi və şəhid olması ilə Milli Qəhrəman adına layiq görülərək, şərəfinə abidə ucaldılması  yalnız tolerant, multikultural  mühiti olan bir dövlətdə  mümkündür.

 Prezident İlham Əliyevin də qeyd etdiyi kimi "Azərbaycanda  millətlərarası, dinlərarası  həmrəyliyin yüksək səviyyəsi, həyata keçirilən real siyasətin nəticəsidir ki, müxtəlif dinlərin nümayəndələri ölkəmizdə əsrlər boyu sülh və ləyaqət şəraitində yaşayıblar. Bu gün bizim tarixi abidələrimiz həmin mədəni müxtəlifliyi özündə əks etdirir. Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil. Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bizim gücümüz mədəni müxtəlifliyimizdədir. Multikulturalizmin alternativi yoxdur. Onun alternativi ayrı-seçkilik, ksenofobiya və islamofobiyadır". Multikulturalizmin  beynəlxalq aləmdə  eyni ölkədə yaşayan  xalqların mədəniyyət hüquqlarını  tanıyan humanist dünyagörüşü və ona uyğun olan siyasət kimi qəbul edərək, cəsarətlə demək olar ki, Azərbaycanın ərazisində yaşayan  ləzgi də, avar da, kürd də, talış da, udin də, yəhudi də başqası da–bütünlüklə hamısı azərbaycanlıdır. Bu əvəzsiz sözlər dünən də qiymətli idi, bu gün də qiymətlidir, sabah isə daha böyük dəyərə malik olacaq.

Tahirə Məmmədzadə,

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı

 

https://ikisahil.az/post/bizim-gucumuz-etnik-ve-medeni-muxtelifliyimizdedir?fbclid=IwAR22JwkzHP0cjiaNXKYtN573zQMLWeZJKU9PdyOzr01OS3YCOTc5c3XxVDo

Etiketlər