Tarixi mirasın tolerantlıq dərsləri

Rəvan Həsənov
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru

    Bəşəriyyət tarixi təkamül prosesinin qanunlarına tabe olan, bir-birini ara vermədən əvəzləyən və sonsuz dəyişikliklərdən ibarətdir. Harmoniyanın və ahəngdarlığın əldə olunması yolunda qazanılan bütün uğurlar məhz bu transformasiyanın nəticəsidir. Nəsillərin minilliklər boyu topladığı zəngin təcrübə, saysız uğurlar  əslində, elə bir potensialdır ki, onun öyrənilməsi və təbliği vacib olmaqla yanaşı, həm də insanlığı narahat edən bütün taleyüklü suallara aydın və əhatəli cavablar verir.

    Lakin onu da təəssüf hissi ilə qeyd etmək lazımdır ki, tarixin sınaqlarından, həyat təcrübəsindən çıxmış müdriklik dərsləri gələcəyə uzanan yolları heç də həmişə işıqlandırmır. Bunun səbəbi isə tarixi təcrübənin azlığından deyil, bəşəriyyətin unutqanlığından, əvvəlki dövrlərdə buraxılan səhvlərdən ibrət dərsi almamasından, onları yenə də təkrar etməsindən irəli gəlir. 

1995-ci ilin noyabr ayının 16-da UNESKO-nun «Dözümlülük prinsipləri haqqında» Bəyannaməsi elan olunmuşdur. Bu günü dünya Tolerantlıq günü kimi qeyd edir. 1997-ci ildə isə BMT-nin Baş Assambleyası xüsusi qənamə ilə üzv dövlətlərə həmin tarixin beynəlxalq səviyyədə qeyd olunmasını təklif etmişdir. Bu əlamətdar bayram irqindən, dilindən, dinindən, sosial mənşəyindən asılı olmayaraq, bütün insanların bu günü və gələcəyi naminə onlar arasında etnik və mədəni müxtəlifliyin düzgün, səmimi dərk edilməsi; qarşılıqlı dialoqun, əməkdaşlığın, birgə yaşayış normalarının qurulmasının vacibliyini bir daha xatırlatmaq, onları daim gündəmdə saxlamaq üçün təsis olunmuşdur. Beynəlxalq sənədlərdə «tolerantlıq» kimi təsbit olunmuş bu prinsip dünyanın etnik və mədəni müxtəlifliyinin, özünü ifadə tərzlərinin, fərdiliyin düzgün dərk  edilməsinə yönəldilmişdir.  Həmin sənədi birincilər sırasında dəstəkləyən Azərbaycan Respublikası indi bütün dünyada həm də etnomədəni münasibətlərə, fərdiliyə, özünü ifadə tərzlərinə tolerant münasibət göstərən nümunəvi dövlət kimi kimi tanınır. Odur ki,  biz «ümumbəşəri mədəniyyət» dedikdə, onun bütün etnik mədəniyyətlərin toplusu, bəşəriyyətin ortaq tarixi-mədəni irsi olduğunu xüsusi qeyd etməliyik. Onu da vurğulamalıyıq ki, müasir dövrdə toleratlıq prinsipləri  həm də dünyada sülh və təhlükəsizliyin, qarşılıqlı faydalı əməkdaşlığın, xalqların hüquq bərabərliyinin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun bərqərar olunmasına istiqamətləndirilmiş beynəlxalq səylərin ayrılmaz tərkib hissəsidir.

      Ümumbəşəri mədəniyyət zəngin, rəngarəng və çoxşaxəlidir. O, tarix boyu Yer üzündə yaşamış bütün xalqların, nəsillərin topladığı misilsiz mirasa - təcrübəyə söykənir. Bu unikal və universal dəyərlər sistemi etnik, dini, irqi mənsubiyyətindən asılı olmayaraq, hamıya və hər kəsə məxsusdur. Onu insanlığın ən qiymətli sərvəti olaraq müxtəlif dövrlərdə dünyanın bütün xalqlarının içərisindən çıxmış dühalar əl-ələ verərək yaratmışlar. Heç bir etnos, heç bir nəsil bu əvəzolunmaz xəzinəni - dünya mədəniyyətini öz adına çıxara, mənimsəyə, saxtalaşdıra və ya inhisarı altına ala bilməz.

   Mədəniyyətin yaradıcı gücü onun ruhundadır. Bu ruh hər birimizin qəlbinə, təfəkkürünə hakim kəsilərək, bizim həyat eşqimizi, qurub-yaratmaq, sülh və əmin-amanlıq içərisində yaşamaq həvəsimizi qüvvətləndirir. Mədəniyyətin insanlar arasında yaydığı ruh nəsilləri düzgün yol seçməyə,  sabitlik,  davamlı inkişaf şəraitində yaşamağa sövq edir. Bu zaman mədəni müxtəlifliyin qorunması taleyüklü əhəmiyyət danışmağa başlayır.

     Bəşəriyyət daim harmonik inkişafın formulunun, alqoritmlərinin axtarışındadır. Bu axtarış isə yalnız bütün xalqların birliyi, onların hər birinin qlobal quruculuq işinə layiqli tövhələri hesabına öz bəhrəsini verməkdədir.

     Azərbaycan müasir dövrün  həyəcan, narahatlıq doğuran çağırışlarına özünün ən böyük uğurlarından biri – multikulturalizmin Azərbaycan modeli ilə cavab verməkdədir. Bu həm də onunla əlamətdardır ki, dəyişən, yeniləşən dünyada Azərbaycan xalqının mədəni müxtəlifliyə qayğısı, onun inkişafında, daha da möhkəmlənməsində marağı dünyanın diqqət mərkəzindədir və bu proses beynəlxalq səviyyədə uğurla dəstəklənir.

    Minilliklərin bir-birini əvəz etdiyi dövrdə Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyev seçim yolunun xalqlar və dinlər arasında bərabərliyin və qarşılıqlı faydalı əməkdaşlığın olduğunu göstərmişdir. Azərbaycan xalqı onun bu istiqamətdə bütün müdrik tövsiyə və çağırışlarını yekdilliklə dəstəkləmişdi. Bu xalqımızın tarixi missiyasında əsaslı dönüşə səbəb olmuşdur. Heydər Əliyev kursunun layiqli varisi olan Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev həmin birlik, bərabərlik konsepsiyasına yeni nəfəs vermiş, onu daha da zənginləşdirərək təkmilləşdirmiş, reallaşdırmışdır. Bu proses davamlı və mükəmməl olan Azərbaycan multikulturalizmi modeli kimi formalaşmış, ölkəmizi sosial-mədəni müxtəlifliyin unikal xəzinəsinə çevirmişdir.

   Multikulturalizm siyasəti bu gün Azərbaycan xalqının qiymətli  sərvətidir. Lakin bu  xəzinə həm də beynəlxalq münasibətlərdə mühüm dəyərə malikdir. Hazırda sivilizasiyalar, mədəniyyətlər arasındakı dialoqun qurulmasını sürətləndirən, onun effektivliyini artıran mühüm amillərdən biridir. Azərbaycanın multikulturalizm modeli daim inkişafdadır və davamlı olaraq yeni-yeni əməkdaşlıq, anlaşma yollarının axtarışındadır.

     Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təməli beş il əvvəl Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qoyulmuşdur. Mərkəz multikulturalizm siyasətinin daha möhkəm təməl üzərində qurulması və inkişafı məqsədilə dövlət başçısının verdiyi dəyərli tövsiyələr əsasında ötən müddət ərzində ölkəmizdə xalqlar və fərqli konfessiyalar arasında tarixi birgəyaşayış həyat  tərzinin möhkəmləndirilməsi, inkişafı və təbliği istiqamətində fəaliyyətini gücləndirmiş, yeni yaradıcılıq platformasını formalaşdıra bilmişdir. Eyni zamanda, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dünyada sosial-mədəni, etnik və dini müxtəlifliyin qorunması, xalqlar və konfessiyalar arasında səmərəli dialoqun  qurulması, Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üçün fəaliyyətini ölkə ərazisi ilə məhdudlaşdırmamış, sərhədləri aşaraq, öz baxışları, araşdırmaları və təkliflərini beynəlxalq müstəviyə də çıxara bilmişdir. 

   Lakin tolerantlıq heç də həmişə səmimiyyətlə qarşılanmır. Təssüf ki, dövrün gerçəklikləri, tələbləri və çağırışları ilə barışmaq istəməyənlər, proseslərə korporativ maraqlar çərçivəsindən yanaşanlar, dünyanı yenidən xaosa sürükləmək, etnik, dini və ya irqi zəmində qarşıdurma yaratmaq istəyənlər hələ də vardır. Onların fəaliyyətini məhdudlaşdırmaq, təhdidləri, münaqişə ocaqlarını aradan qaldırmaq məqsədilə, dünyanın bütün sağlam fikirli tərəqqipərvər qüvvələri birləşməlidirlər. Bu səylərin mərkəzində isə multikulturalizm ideyaları və tolerantlıq səyləri dayanır.

      Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyət göstərdiyi ötən beş il ərzində bir sıra uğurlara imza atmış, dünyanın onlarca ölkəsindən olan intellektualları, sağlam düşüncəli tədqiqatçıları, mütəxəssisləri bir araya gətirərək, ölkə və beynəlxalq miqyaslı mühüm layihələri gerçəkləşdirə bilmişdir. Əminliklə demək olar ki, bu gün Azərbaycan multikulturalizmi regionda və dünyada sabitliyə, təhlükəsizliyə, etnomədəni müxtəlifliyin qorunmasına, mədəniyyətlərin dialoquna qarşı  yönəldilmiş bir çox təhdidlərə layiqli humanitar cavabdır.

      Bu addımlar içərisində «Bakı prosesinin» mühüm əhəmiyyəti vardır. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis olunan həmin proses Azərbaycanı növbəti dialoq məkanına çevirməklə yanaşı, dövlətimizin sülh və əməkdaşlıq səylərini bir daha dünyaya tanıtmışdır.

Davamlı inkişaf yolu ilə inamla addımlayan Azərbaycanın məqsədi regionda və dünyada sülhün, mehriban qonşuluq münasibətlərinin, hüquq bərabərliyi və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında əməkdaşlığın bərqərar olunmasıdır. Bu məqsədlər təcavüzkar Ermənistanla müqayisədə Azərbaycan Respublikasınının beynəlxalq münasibətlərdə mövqeyini və nüfuzunu xeyli gücləndirməkdədir. Odur ki, dünya birliyi Azərbaycanın təkcə ərazi bütövlüyünün bərpa olunmasına yönəlik səylərini deyil, həm də onun dünyada sabitliyin, əmin-amanlığın, mədəniyyətlər arasında dialoqun qurulması istiqamətində fəaliyyətini dəstəkləyir.

      Tolerantlıq günü Azərbaycanda formal bayram deyildir. O, qədim Azərbaycan torpağında minilliklər boyü xalqların, dinlərin qarşılıqlı anlaşma şəraitində birgəyaşayışının təməlini qoymuş əcdadlara ehtiramının, etnik, dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarımızın  xoşbəxt gələcəyə ümidlərinin təntənəsidir.

 

Etiketlər