VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları İsmayıllının İvanovka kəndində olublar  

 

Prezident İlham Əliyevin tövsiyəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə  keçirilən “Sivilizasiyalararası dialoq: yeni çağırışlar” adlı VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları fevralın 15-də Qəbələdən  Şamaxıya qayıdıblar.

Şirvan hotelinin konfrans zalında  Bakı Beynəlxalq  Multikultiralizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənovun “Azərbaycan Multikulturalizminin siyasi-hüquqi qaynaqları” və Mərkəzin analitika şöbəsinin müdiri, fəlsəfə doktoru Rəşad İlyasovun “Azərbaycan Multikulturalizminin  ədəbi-bədii  və fəlsəfi qaynaqları” mövzularında mühazirələri dinlənilib.

Multikulturalizm Azərbaycanda tarixi inkişaf nəticəsində formalaşsa da onun siyasi əsasları Ulu Öndər Heydər Əliyev tərəfin qoyulub və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir deyən mühazirəçi Rəvan Həsənov müstəqillik qazandıqdan sonra Azərbaycanın BMT, ATƏT, Aİ və İslam Həmrəyili Təşkilatı kimi mühüm beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Vurğulayıb ki,   etnik-milli azlıqlar və dini konfessiyalarla bağlı 50-dən çox beynəlxalq sənədə qoşulan Azərbaycan onları öz daxili qanunvericiliyində əks etdirib. Qeyd edib ki, beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində ratifikasiya olunan, beynəlxalq sənədlərdə əks etdirilən normalar Azərbaycan Respublikasının Konstitusiyasında və müvafiq qanunvericilik aktlarında təsbit edilərək ölkədəki multikulturalizm mühitinin qorunması baxımından  xüsusi önəm kəsb edir. Bu normaların pozulması isə Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə məsuliyyət yaradır.

Əsas qanunvericilik sənədi olan Konstitusiyamızın 18-ci maddəsi (Din və dövlət), 21-ci maddəsi (Dövlət dili), 25-ci maddəsi (Bərabərlik hüququ), 44-cü maddəsi (Milli mənsubiyyət hüququ), 45-ci maddəsi (Ana dilindən istifadə hüququ), 48-ci maddəsi (Vicdan azadlığı) mövcud etno-mədəni, linqvistik və dini müxtəlifliyin qorunmasıda zəmanət rolunu oynayır.

Fəlsəfə doktoru Rəşad İlyasov isə öz mühazirəsində Azərbaycanın dünyada tanınan ayrı-ayrı şair və filosoflarının  yaradıcılığına istinad edərək onların multikultural və tolerant düşüncələrini təsvir və təhlil edib. Mühazirə zamanı Azərbaycan ədəbiyyatında və fəlsəfi düşüncəsində multikulturalizm ideyaları nümunələr və iqtibaslar göstərilərək şərh edilib. Bu sahədə Azərbaycanın zəngin irsi dünya sivilizasiyasına və multikultural mühitinə tarixi, ədəbi-bədii və fəlsəfi  düşüncə baxımından öz töhfələrini vermişdir.

Mühazirələrdən sonra tələbələrin sualları cavablandırılıb. Tələbələr -İndoneziyadan olan Annissatul, Əfqanıstandan Muhammed Ehsan və başqaları mədəniyyətlərarası konfiliktlər, Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqlarının ölkəmizdə necə yayıldığı, Nizaminin, Füzulinin yaradıcılığındakı multikultural  dəyərlərin  hazırkı duruma təsiri və sair suallarla əlaqədar ətraflı bilgilər verilib.

Günün ikinci yarısında tələbələr İsmayıllı rayonunda molokanların kompakt yaşadığı İvanovka kəndinə səfər edib, yerli əhali ilə görüşüblər. Beynəlxalq multikulturalizm məktəbinin iştirakçılarına kəndin tarixi və molokanların həyat tərzi, məişəti haqqında məlumat verilib. Bildirilib ki, İvanovka kəndinin əsası 1847 –cı ildə çar hakimiyyəti dövründə Qafqaza köçürülən ruslar tərəfindən qoyulub. Son statistikaya əsasən, kənddə üç min nəfərdən artıq əhali yaşayır.  Deyilənə görə kəndin adı  onun yaradıcısı olan  İvan Perşinin şərəfinə adlandırılıb.

İvanovka Azərbaycanda yeganə kolxoz olan kənddir. Əsası 1930-cu ildə qoyulan kolxozda 1000-ə yaxın təsərrüfat qeydə alınıb. Təbii qida məhsulları və içkiləri ilə məşhur İvanovkada istehsal olunan məhsullar satış üçün republikanın bir çox ərazisinə göndərilir. Gigiyenik şəraitdə ağartı və qida məhsulları,  eləcə də yağ, İvanovka çörəyi və içki olmaqla istehsal edilən bütün məhsullar təkcə kənd ərazisində deyil, respublikanın dörd bir yanında tələb olunan məhsullar sırasındadır. İvanovka sakinləri tamamilə ruslar olsa da, adət-ənənələrində qədim rus ənənələri ilə yanaşı Azərbaycanın adətlərini də görmək mümkündür.

"İvanovka folklor qrupu"nun ifaları VI Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Запись VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları İsmayıllının İvanovka kəndində olublar   впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.