XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları Şuşa şəhəri ilə tanış olublar
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkil etdiyi “Sülhün, dialoqun və tolerantlığın qorunmasında mədəni irsin rolu” adlı XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları Şuşa şəhəri, buranın tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları əvvəlcə Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı olan ərazi və qala divarları ilə tanış olublar. Onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.
Yuxarı Gövhər Ağa məscidinə gələn qonaqlara məlumat verilib ki, qədim Şuşada 17 məhəllə, hər məhəllədə məscid, hamam və bulaq olub. 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Yuxarı Gövhər Ağa məscidində də konservasiya və bərpa işləri aparılıb.
Xarici tələbələr İsa bulağına, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə də baş çəkib, Cıdır düzündən açılan əsrarəngiz mənzərəni seyr ediblər.