VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları İsmayıllıda
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən “Bakı Prosesi 10 il: Mədəniyyətlərarası dialoqun inkişafına töhfə kimi” VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları avqustun 3-də İsmayıllıya gəliblər.
Yay Məktəbinin iştirakçıları Heydər Əliyev Mərkəzində BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gil və rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla görüşüblər.
Qeyd edək ki, Beynəlxalq Multikulturalizm Qış və Yay məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 19, Azərbaycanın isə 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.
Görüşdə akademik Kamal Abdullayev çıxış edərək Azərbaycanın qədim və zəngin tarixə, multikulturalizm ənənələrinə malik bir ölkə olduğunu, bu gün multikulturalizmin dövlət siyasətinə çevrildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan xalqı sülhsevərdir və ölkəmizdə çoxlu azsaylı xalqlar dostluq şəraitində yaşayır.
Dünya şöhrətli Azərbaycan şairi Məhəmməd Füzulidən söz açan natiq çıxışında bu bəşəri mütəfəkkirin Allaha müraciətini stat gətirib. M.Füzuli yazıb: “Sən mənə elə bir imkan ver ki, mən bütün dünya insanlarının qəmini özüm çəkim”. Bu, multikultural təfəkkürə malik bir Azərbaycan şairinin sözləridir.
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gil çıxış edərək vurğulayıb ki, Azərbaycan bir sıra etnik azlıqların azad yaşadıqları ölkədir. ABŞ-da da etnik qruplar vardır, lakin onlar miqrant kimi gəliblər. Azərbaycandakı multikulturalizm dəyərlərinin öyrənilməsinin xarici ölkə gəncləri üçün faydalı olduğunu deyən Uilyam Gil multikulturalizmin insanları bir araya gətirən dəyər olduğunu diqqətə çatdırıb.
Sonra Yay Məktəbinin iştirakçıları, o cümlədən portuqaliyalı Joao Mestre, indoneziyalı İmas Fuciate, fələstinli Farah Erekat öz təəssüratlarını bölüşüb, Azərbaycanda multikultural dəyərlərin bugünkü dünyamız üçün nümunə olduğunu bildiriblər.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 10-dan çox millətin yaşadığı İsmayıllıda insanların bir-biri ilə mehriban və qarşılıqlı hörmət şəraitində birgə həyat sürdüklərini diqqətə çatdırıb.
Sonda Yay Məktəbinin iştirakçıları malakanların yaşadıqları İvanovka kəndində olub, folklor qruplarının çıxışlarını dinləyiblər.
https://www.youtube.com/watch?v=gIS4lxnq1r0&feature=youtu.be
Запись VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları İsmayıllıda впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.