Multikulturalizm Mərkəzi 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş konfrans keçirib

Bakı, 21 yanvar

Yanvarın 21-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş konfrans keçirib.

Konfransda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxış edərək 20 Yanvar faciəsinin müstəqilliyimizin başlanğıc nöqtəsi olduğunu bildirib. O qeyd edib ki, 30 il əvvəl sovet ordusunun qarşısına əliyalın çıxan oğul və qızlarımız müstəqilliyimiz üçün canlarını fəda ediblər. Bu gün onların fədakarlıqları nəticəsində müstəqil və firavan ölkəmiz mövcuddur. Faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında və ona layiqli siyasi-hüquqi qiymətin verilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini vurğulayan Rəvan Həsənov bu faciənin Azərbaycan xalqının müstəqillik əzminin güclənməsinə, milli kimliyinin təsdiqinə həlledici təsirindən bəhs edib. Ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların əziz xatirəsinin Prezident İlham Əliyev tərəfindən daim böyük hörmətlə yad edildiyini bildirən icraçı direktor dövlətimizin başçısının 20 Yanvarı tariximizin şərəf və qəhrəmanlıq səhifəsi adlandırdığını deyib.

Sonra 20 yanvar faciəsinə dair sənədli film nümayiş etdirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov bildirib ki, 20 Yanvar hüzn günü olmaqla yanaşı, milli oyanış günüdür. O qeyd edib ki, 20 Yanvar şanlı gün kimi tariximizə yazılıb. İyirmi Yanvar ölkəmizin suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir. Sədr müavini hər bir azərbaycanlıda qürur hissi oyadan 20 Yanvar şəhidlərinin heç vaxt unudulmayacağını, xalqımızı daha da birləşdirən bu faciənin gənc nəsillər tərəfindən hər zaman anılacağını, Qanlı Yanvarın Azərbaycan xalqının mübarizliyini və qəhrəmanlığını təcəssüm etdirdiyini vurğulayıb.

Səyavuş Heydərov xalqımıza qarşı törədilmiş bu cinayətin ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı zamanı hüquqa, demokratiyaya, insanlığa zidd addım kimi pislənildiyini, sovet hakimiyyətinin qanlı siyasətinin cəsarətlə ifşa edildiyini, habelə Ulu Öndərin yenidən siyasi hakimiyyətə gəlişindən sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildiyini bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev qeyd edib ki, həmin gecə Azərbaycan xalqına qarşı həyata keçirilən hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya nümayiş etdirdi.

Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, AMEA-nın Şərqşünaslıq İnstitutunun professoru Solmaz Tohidi, Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri Firdovsiyə Əhmədova, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Bakı şəhəri dağ yəhudiləri dini icmasının sədri Melih Yevdayev və Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete çıxış ediblər. Onlar bildirilər ki, 30 il əvvəl Azərbaycan paytaxtında və rayonlarda baş vermiş faciəvi hadisələr xalqımızın yaddaşına əbədi həkk olub. Bu hadisələr faciə olmaqla yanaşı, eyni zamanda, Azərbaycan xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb. Sovet rəhbərliyinin cinayətkar siyasətinin mahiyyətini faciə zamanı həlak olanlar barədə məlumatlar da təsdiq edir. 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda və digər rayonlarda həyata keçirdikləri qırğınlarda 147 nəfər öldürülüb, 744 insan yaralanıb. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. İyirmi Yanvar şəhidlərinin xatirəsi daim əziz tutulacaq.

 

 

Etiketlər