Semantik sayrışmalar və mifolinqvistik konsepsiya
Semantik sayrışmalar
"Kitabi-Dədə Qorqud"da semantik sayrışmalar" adlı əsərində müəllif sayrışmaları lüğət formasında təqdim edir. Onun baxışına görə, dastan semantik sayrışmalar vasitəsilə gizlinləri açıqlayır, aşkar məqamlar gizlinlərə aparan yollardır. Məncə, bu, yalnız lüğət formasında təqdim olunmamalı, dastanı anlamamız üçün külli qaydalar kimi qəbul edilməlidir. Klassik İslam fəlsəfəsində təsbit olunmuş külli qaydalar (qəvaidi-kulliyyə) məfhumu bu kontekstdə fikrimizi izah etmək üçün yardıma gəlir. Sayrışmalar məhz külli qaydaların hissələrdə (cüzlərdə) əks olunmasıdır. Təsadüfi deyil ki, klassik məntiqdə belə bir qayda var: küllcüzün daxilindədir (immanentdir). Bu baxımdan sayrışmalar dastandakı aşkar və gizli məqamların üzərinə işıq salaraq onları aydınladır. Digər tərəfdən, müəllifə görə, kölgə arxetipi qeyri-səlis məntiqə müvafiq qaydada qaranlıqla işıq arasında yer alır. Müəllif bunu belə qeyd edir: "Üzdəki, görünən tərəfdəki məntiqsiz, izahsız tərəflər qaranlıqda gizlənmiş məqamların işığa salınması nəticəsində bizim üçün yeni semantikada bərq vurur".
"Kitabi-Dədə Qorqud"da semantik sayrışmalar" əsərində ən ümdə metodoloji məqamlardan biri dastanın dastanla təfsir edilməsidir. Sayrışma və mifolinqvistik məna burada eyni zamanda həm düyünlənir, həm də açılır. Bu baxımdan dil və söz mövzunu həm gizlədir, həm açır. Məşhur alman filosofu Martin Haydeggerin dediyi kimi, "dil varlığın evidir". Varlıq və varolma özünü dildə və mətnlərdə izhar edir. Təsadüfi deyil ki, mədəniyyətlərin qurucu mətnləri cəmiyyətin hərəkətverici gücünə çevrilir. Mətndən hərəkətlə, semantik, semiotik işarə-mənalarla fərdi və ictimai həyat tənzimlənir. İnsanların münasibətləri, dünyaları da mətndəki mənalar və sayrışmalar kimi özünü həm büruzə verir, həm də gizlədir. Kamal Abdullanın ifadəsi ilə desək, "Beyrəyin öldürülməsi sözün (mətnin) müəllifinin Beyrəkdən intiqamını alır". Ümumiyyətlə, "Dədə Qorqud" dastanları da, orta əsrlərdə yazılmış digər iri həcmli əsərlər də yalnız ədəbi abidə kimi yox, eyni zamanda ictimai həyatı tənzimləyən əxlaqi, siyasi, strateji mənbələr kimi də qəbul edilməlidir. Bunu Nizaminin "Xəmsə"sində, Füzulinin lirik-epik yaradıcılığında da görə bilərik. Kamal Abdullaya görə,"Dastan Oğuz cəmiyyətinin həyatının ən qədim tarixi və çox zaman mifoloji-tarixi qatlarının təsvirini də özündə ehtiva edir".
Akademik Kamal Abdullanın semantik sayrışmalar kimi qeydə aldığı məqamlardan biri də qədim dastanlar arasında səyyar süjetlərin mövcudluğudur. Müəllifə görə, dastandakı Basat və Təpəgöz xətti yunan mifologiyasındakı Odissey və Polifem xəttinə, Beyrək və Banuçiçək xətti Odissey və Penelopa xəttinə uyğundur və hər ikisi səyyar süjet sayıla bilər.
Dədə Qorqud mətni özündə sakral, ictimai və bəşəri ünsürləri birləşdirir. Kamal Abdulla bu bütünlüyü sayrışmalar anlayışı ilə oxucuya çatdırır. Burada Xızırla bağlı motivlər, Dədə Qorqudun qeybdən xəbər verməsi sakral və mifolinqvistik şərhlərə yol açır.
Müəllifin qeyd etdiyi kimi, dastandakı semiotik qarşıdurmaların ən mühüm məqamlarından biri təbiət-mədəniyyət toqquşmasıdır. Sosioloqların da qəbul etdiyi kimi, mədəniyyət təbiət üzərinə əlavə olunan ikinci təbiətdir. Bu mövzunun köklərini antik yunan fəlsəfəsinə qədər aparıb çıxarmaq olar. Məlum olduğu kimi, Aristotel həm "Nikomax etikası", həm də "Politika" əsərində insanın ictimai varlıq olduğunu vurğulayır. Kamal Abdullaya görə, Basatın Təpəgözə qalib gəlməsi və Təpəgözün ona keçmişdə yaşadıqları birgə həyatı xatırladaraq "biz qardaşız, mənə qıyma" deyə yalvarmasına baxmayaraq, onun başını kəsməsi cəmiyyətin geriyə - təbiətə gedən yolunun birdəfəlik qapanmasının dastandakı dahiyanə bədii inikasıdır. Bu kontekstdə əsas sayrışma məqamlarından biri də yazı mədəniyyətinə keçidin dastanda özünü büruzə verməsidir. Akademikin qeyd etdiyi kimi, "mif ideologiyasından sonrakı yazı ideologiyasının özəlliklərini daşıyan elementlər mətndə mövcud olur". Bu proses insan oğlunun təbiətdən mədəniyyətə keçidini əks etdirir.
Monoqrafiyanın maraqlı məqamlarından biri də müəllifin semantik sayrışmalar prinsipinə sadiq qalaraq qələmə aldığı "Casus" pyesində dastanın hər hansı istiqamətini təkrarlamadan ondakı bir nüvəni postmodern tərzdə izləyərək ifadə etməsidir. Yeri gəlmişkən deyim ki, bu pyes yaxın zamanlarda Lənkəran və Bakıda tamaşaya qoyulub.
Monoqrafiyada "Dədə Qorqud" dastanlarıyla bağlı yer almış əmr və yasaqları müasir etik dil anlayışı kontekstində başa düşə bilərik. Bu mövzu Avropada XX əsrin 50-ci illərində Con Oustinin "performativ-constative" (inşa-xəbər) ifadəsinin kəşfi ilə dil fəlsəfəsində meydana gəlib. Oustinə görə, nitq (speech acts) bir şeyi ifadə edərkən həyata keçirilən bir hərəkət-aktdır. Məsələn, "sənin yerinə olsaydım, bunu etməzdim" o deməkdir ki, yəni bunu etmə! Bu, fakta-fenomenə istinad edən akt deyil, bir əmr və xəbərdarlığı ifadə edən əxlaqi-hüquqi ifadə tərzidir. Bu mənada, söz həm bir şeyə işarə vurur, həm də təsir yaradaraq bir aktı - hərəkəti meydana gətirir. Əxlaqi ifadələr təsviredici və ya xəbərə istinad etməyən ifadələr olmadığına görə də inşaedici, normativ ifadələrdir. Monoqrafiyada yer almış yasaqlar, əmrlər, tövsiyələr və digər bu kimi məqamlar birbaşa etik dil səviyyəsinin mahiyyətindən xəbər verir. Dədə Qorqudun tarixi şəxsiyyətdən çox bir prinsip, yaxud prinsiplər məcmusu olması da bu əxlaqi kontekstdə mühüm məna daşıyır. Çünki Dədə Qorqud cəmiyyətin nizamlayıcısı, dəyərləri təlqin edən insandır. Bu mənada dastanın mətni əxlaqi, siyasi və sakral mahiyyət daşıyır.
Mifolinqvistika - təbii dilə dönüş
Klassik mətinlərdə və düşüncədə söz dilin varlıq sferasına, mərtəbəsinə aid edilir. Varlıq mərtəbələri (məratibül-vücud) iyerarxiyasında xarici aləm, təfəkkür, dil və yazı mərtəbələri yer alır. Bu mənada söz yoxluqla varlıq arasında keçid rolunu oynayır. Dahi Füzuli bunu çox sərrast ifadə etmişdi: "Bu nə sirdir kim olur hər ləhzə yoxdan var söz..."
Akademik Kamal Abdulla semantik boşluqları sayrışmalar kimi qeydə alır. Sayrışmaların əsasında sözün gücü durur; "Mifoloji təfəkkürün əsgəri olaraq Beyrəyin timsalında verilən sözə xilaf çıxan qəhrəmandan intiqam alınır".
Mifolinqvistikanın məzmun və mahiyyəti müəllifin sərrast düşüncələrində özünü büruzə verir: "Mifolinqvistika mifologiya və dilçiliyin sərhədində baş verən mifoloji və linqvistik hadisələr arasındakı toqquşmaların daxili mahiyyətini öyrənməyi qarşısına məqsəd qoyan bir elmi istiqamət kimi düşünülür". Müəllifə görə, etalon və kənaraçıxmalar qarşıdurmanın əsasını təşkil edir. Müstəqim səviyyə və ikinci qat birbaşa təfəkkür-dil rabitəsi ilə bağlıdır. İctimai münasibətlərin mif prizmasından, o cümlədən, simvollar vasitəsilə izahı təxəyyülün eyni zamanda hissi və rasional sərhədləri keçməsinə şərait yaradır.
XX əsrin məşhur fransız filosofu Pol Rikora görə də, mifik ifadələr və mətnlər, xüsusilə təxəyyül, məcazi-metaforik ifadələrin mövcudluğu olmadan dil-düşüncə əlaqəsində inkişafa nail ola bilmərik. Pol Rikor "Metafor qaydası" ("The rule of metaphor") əsərində metaforu təxəyyülün, mifik dünyagörüşün təcəssümü kimi qiymətləndirir. Metafor hissi və rasional idraka keçid arasında yer alır. Kamal Abdulla "Dədə Qorqud" dastanlarında bu məsələyə belə işarə vurur: "Qədim insan özünü təbiətin ayrılmaz hissəsi kimi dərk edirdi. Ətrafında gördüklərinə özünə xas əlamətləri şamil edirdi. "Qarşı yatan Qara dağ..." bu qəbildən olan bariz nümunədir. İnsana xas xüsusiyyətin (yatmaq) dağa şamil edilməsi, yəni dağın "yatması" bu dövrün səciyyəvi bədii təzahürüdür". Müəllif bütün bunları üçlü sistem şəklində izah edir: mifoloji təsəvvür, məntiqi baxış, ədəbi dərketmə.
Yeri gəlmişkən, modern analitik fəlsəfədə təyinedici mövzu dildir. Məşhur filosof Bertran Rassel dilin öz daxilində daşıdığı çoxmənalılıqdan qaynaqlanan bir qapalılığı aşmağı hədəf seçmişdi. O, bu məsələdə məntiqi əsas götürürdü. Bunun nəticəsində normal dili tamamən təkmənalı ikinci bir dillə, yəni süni dillə əvəzləyərək, beləcə ifadələrdə qətiliyə nail olmağa çalışırdı. Bu yeni anlayış formal məntiqin inkişafına və buna istinadla simvolik dilin yaradılmasına səbəb olmuşdu. Məntiqçi pozitivist Rudolf Karnap bu kontekstdə dünyanı fizikanın tərif etdiyi dünya kimi görürdü, ona görə bu, dünya sisteminin məntiqli olmasından qaynaqlanırdı. Karnapın dillə bağlı əsərləri də dilin sintaktik quruluşunun məntiq olduğunu vurğulamaqla dünya ilə dilin eyni prinsiplərə bağlı olduğunu iddia edirdi. Beləcə, mənalı ifadələr - fiziki dünyada bir şeyə uyğun gələn ifadələrdir. Bu uyğunluğu da yaradan məntiq və ya ikisinin də məntiqli olmasıdır. Bütün bu cəhdlər "təkmənalı və qəti" bir dil anlayışının mənimsənməsini tələb edirdi. Bu dil təbii bir dil olmayacağı üçün süni dil və simvolik məntiq mənasına gəlirdi. Bu çərçivədə dil və məna məsələsi yenidən ələ alınaraq təbii dildəki ifadələr yenidən təsnifatlandırılmış və mənalı olmanın fiziki dünyada təsdiqlənməyə aid edilməyəcəyi müəyyən olunmuşdur. Təsdiqləmə prinsipi (verification prinsiple) mənalı ifadələrin beş hissiyyat orqanı vasitəsilə təsdiqlənməli olduğunu iddia edir. Bu baxış tərzinin ən zəif olduğu nöqtə onun ən güclü olduğu yerdir, çünki təsdiqləmə prinsipinin özünü təsdiqləmək bu mənada mümkün deyil.
Kamal Abdullanın mifolonqvistikanı bir elm sahəsi olaraq müəyyənləşdirməsi, onun ontoloji statusunu və funksiyasını bəyan etməsi yuxarıda qeyd olunan düşüncələr kontekstində çox mühümdür. Təkmənalılıq prinsipinə qarşı təbii dilə dönüş strategiyasını müəllif bu şəkildə izah edir: "Əgər məcazlar yeni mənanı ifadə etməkdə dilə kömək edirsə, o zaman sinonimlər, başqa sözlə desək, variantlar dili xəstəlikdən qurtarmağa çalışan ünsürlər kimi diqqət çəkir. Məsələn, "qarşı yatan qara dağ" ifadəsində "yatan" mofoloji təsəvvürü, yəni dilin ikinci qatını ifadə edir. Bu mənada "dağ yata bilir, söz güləşə bilir, and içilə bilir".
Bu mövzunun davamı kimi Kamal Abdulla mifolinqvistik səviyyənin üçüncü qatını təqdim edir. Alimin iddiasına görə, bu, poetik qat adlanır: "Bu qat mifologizmdən istifadə edir, amma artıq ona inanmır. Oğlan quş olub qayadan uçmur, oğlan quş kimi qayadan uçur. Kimi qoşması, qətiyyətlə demək olar ki, poetik qatın böyük ixtirasıdır".
Akademik Kamal Abdullanın bu son iki əsəri dil fəlsəfəsi və dilçilik sahəsində çox mühüm paradiqma irəli sürür. Bu, müasir dövrdə rəqəmsal və texniki inkişafın təkanı ilə çoxmənalılığa, insanlığın müxtəlif anlam səviyyələrinə, əxlaqi aspektlərinə qarşı yönələn təhdidlərə bir cavabdır.
Rəşad İLYASOV
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi analitika şöbəsinin müdiri, fəlsəfə doktoru
Bu yazı akademik Kamal Abdullanın "Kitabi-Dədə Qorqud"da semantik sayrışmalar və "Mifoloinqvistika" adlı əsərlərinə dair mülahizələri ehtiva edir. Bu iki monoqrafiya bir-birini sistemli şəkildə tamamlayır.