XIV Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçıları Azərbaycan İlahiyyat İnstitutunda olublar
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) mühüm layihələrindən olan “Sabahın liderləri: gənclər “sivilizasiyaların toqquşması”na qarşı” mövzusunda təşkil olunan XIV Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçıları Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olublar.
Aİİ-nin rektoru dosent Aqil Şirinov qış məktəbinin iştirakçılarına Azərbaycanda mövcud olan dinlərarası harmoniya, həmçinin ali təhsil müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat verib. Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşdiyini qeyd edən rektor ölkəmizdə mövcud dinlərarası harmoniyadan bəhs edib. A. Şirinov Azərbaycanda tarixən müxtəlif dinlərin və məzhəblərin nümayəndələrinin birlikdə sülh şəraitində yaşadıqlarını vurğulayıb. Ölkəmizin dinlərarası harmoniya, tolerantlıq və multikulturalizm ənənələri, eyni zamanda, məzhəblərarası münasibətlər baxımından dünyaya nümunə olduğunu diqqətə çatdırıb.
A. Şirinov daha sonra ali təhsil müəssisəsinin yaranması və fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, institutda xüsusilə dinşünaslıq ixtisasında İslamla yanaşı, digər dinlər haqqında kifayət qədər geniş məlumat verilir. Bu məlumatlar normativ deyil, deskriptiv yolla tədris olunur. Rektor, həmçinin magistratura səviyyəsində müxtəlif dinlərlə bağlı olan ixtisaslaşmalar haqqında məlumat verib.
Sonda XIV Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçıları Azərbaycan İlahiyyat İnstitutunun inzibati binası ilə tanış olublar.