V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları Qəbələdən xoş təəssüratlarla ayrılıblar
V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları iyulun 27-də tanışlıq məqsədilə Qəbələ rayonuna səfər ediblər.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), UNESCO, “Erasmus+”, “ALADDİN layihəsi” və Azərbaycanın Gənc Dostları Klubunun birgə təşkilatçılığı ilə Qax rayonunda keçirilən yay məktəbində iştirak edən 26 ölkənin universitetlərində təhsil alan 60 tələbə Qəbələ rayonunun tarixi məkanları və turizm obyektləri ilə tanış olublar.
Qonaqlar əvvəlcə Nic qəsəbəsindəki “Cotari” Alban-Udi kilsəsinə böyük maraqla baxıblar. Məlumat verilib ki, kilsə tarixi baxımdan qədim və əhəmiyyətli abidələrdən biridir. Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab edilir. Qəsəbədə 3 kilsə və iki məscid var. Altı min əhalisi olan qəsəbədə 3700 udi yaşayır. Nic qəsəbəsində udilər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Qəsəbədəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur.
Sonra tələbələr “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi ilə tanış olublar. Bölgənin ən çox turist qəbul edən bu obyekti ilə tanışlıq zamanı məlumat verilib ki, kompleksin 4 kanat xəttinin və 10 xizək yolunun hamısında tikinti işləri başa çatdırılıb. Turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar və beşulduzlu “Tufandağ” oteli açılıb, bütün dağ-xizək trassası süni qaryağdıran generasiya sistemi ilə təchiz edilib və gün ərzində kompleksdə 4 min nəfərə xidmət göstərilməsi üçün şərait yaradılıb. Ümumilikdə 4 kanat xəttinin uzunluğu 6 kilometr, 10 xizək yolunun uzunluğu 17 kilometrdir. “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin xidmətlərindən ötən 3 il 6 ay ərzində 450 mindən çox yerli və xarici qonaq bəhrələnib.
Qonaqlar kanat yolu ilə dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini, ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr edib, xatirə şəkli çəkdiriblər.
Yay məktəbinin iştirakçılarına Qəbələ ilə tanışlıq zamanı rayonun qədim tarixi, müasirliyi, yerli əhalinin məşğuliyyəti, sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, uğurlar barədə məlumat verilib. Bildirilib ki, 2500 il yaşı olan qədim Qəbələ şəhəri 900 il ərzində Qafqaz Albaniyasının paytaxtı olub.
V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları Qəbələdən xoş təəssüratlarla ayrılıblar.
Запись V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları Qəbələdən xoş təəssüratlarla ayrılıblar впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.