Avstriya nümayəndə heyəti Multikulturalizm Mərkəzində olub
Avstriya Respublikası Milli Şurasının Avstriya-Cənubi Qafqaz Parlament Qrupunun nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovla görüşü olub.
Görüşdə qonaqları salamlayan R.Həsənov əvvəlcə Azərbaycandakı multikultural və tolerant mühit, dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilən multikulturalizm siyasəti, eləcə də Azərbaycan multikulturalizm modeli haqda geniş məlumat verib. Azərbaycanda multikultural dəyərlərin əsrlərdən bəri önəmli yer tutduğunu, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını diqqətə çatdırıb. Ölkəmizin bütün dünyada müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, həmrəylik hisslərinin bərqərar olmasına çalışdığını və bu baxımdan nümunə olduğunu vurğulayıb. Daha sonra o, qonaqları BBMM-in fəaliyyəti ilə tanış edib, həyata keçirilən layihələr haqqında danışıb. Azərbaycan multikulturalizminin xarici ölkələrin nüfuzlu ali məktəblərində tədrisi, Beynəlxalq Multikulturalizm Yay və Qış Məktəbləri, eləcə də, ölkəmizdəki milli və dini icmalarla iş, hazırlanan nəşrlər haqda ətraflı məlumat verib.
Görüş üçün minnətdarlıqlarını bildirən qonaqlar müasir dünyada multikulturalizmin rolu və əhəmiyyətindən danışaraq, Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətin mühüm olduğunu vurğulayıblar. Bu sahədə BBMM-in fəaliyyəti xüsusi olaraq qeyd edilib. Sonra qonaqları maraqlandıran suallar cavablandırılıb.
Görüşdə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, Milli Məclisin komitə sədri Tahir Mirkişili, QMİ-nin sədr müavini Qəmər Cavadlı, Azərbaycanda Katolik Kilsəsinin Yepiskopu Vladimir Fekete, Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov və Azərbaycan-Gürcü Yəhudi İcmasının sədri ravvin Zamir İsayev iştirak ediblər.