Kiyevdə Azərbaycan Udi cəmiyyətinin lideri ilə görüş keçirilib

Kiyevdə Azərbaycan Udi cəmiyyətinin lideri ilə görüş keçirilib. Martın 18-də Kiyev şəhər kitabxanasında ziyalıların, tələbələrin, Azərbaycan diasporu nümayəndələrinin ölkəmizin Alban-Udi xristian icmasının lideri, Bakı Dövlət Universitetinin baş elmi işçisi Robert Mobili və Udi icmasının rəhbəri Rafiq Danakari ilə görüşü keçirilib. Tədbirin təşkilatçısı jurnalist, ictimai xadim Marina Gonçaruk uzun illər ərzində Azərbaycanın Ukraynada təbliği və Azərbaycanla bağlı mövzularda tədbirlərin təşkili ilə məşğul olub. Tədbirin təşkilində Səməd Vurğun adına kitabxananın kollektivinin, habelə rəhbəri Qalina Çeboçarevanın, eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəliyinin rəhbəri Aurelia Qriqorinin də böyük zəhməti olub. "Azərbaycan multikulturalizmi və Alban-Udi xristian icması" mövzusunda keçirilən görüşdə Robert Mobili qeyd edib ki, Azərbaycanda müxtəlif icmaların rifahının əsas səbəbi dövlət dəstəyinin yüksək səviyyədə həyata keçirilməsidir. Tədbiri Azərbaycan əsilli telejurnalist Aynurə Əliyeva aparıb. Görüşdə Azərbaycanın Ukraynadakı səfirinin məsləhətçisi Elman Bağırov, professor Arif Quliyev, tarixçi Eldar Tağıyev, müəllim Elxan Atayev, diaspora fəallarından Rəşid Tağıyev və başqaları iştirak ediblər.