Multikulturalizm Mərkəzi ATƏT-in milli azlıqlarla bağlı konfransında ölkəmizi təmsil edib
Sentyabrın 6-da Sloveniyada ATƏT-in Milli azlıqlar üzrə Ali Komissarı və Sloveniya Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Müxtəlif cəmiyyətlərin inteqrasiyası üzrə Lyublyana Qaydalarının (Lyublyana Qaydaları) 10 illiyi münasibətilə beynəlxalq konfrans keçirilib. Tədbirdə Azərbaycanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təmsil edib.
Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən bildiriblər ki, konfransda Lyublyana Qaydalarının müzakirəsi, onların ATƏT regionunda milli azlıqların inteqrasiyası sahəsində meydana çıxan çağırışların cavablandırılması istiqamətində tətbiqi və müzakirə olunan məsələ ilə bağlı müsbət təcrübə mübadiləsi aparılıb. Həmçinin konfransda Lyublyana Qaydaları barədə maarifləndirmə səviyyəsinin artırılması və sözügedən qaydaların daha geniş implementasiyasına dəstək yollarının müəyyən edilməsi ilə bağlı müzakirələr keçirilib. Tədbirdə iştirakçı dövlətlərin yüksək səviyyəli rəsmiləri, sahə üzrə ekspertlər, beynəlxalq təşkilatların və elmi dairələrin nümayəndələri iştirak ediblər.
Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəman konfrans iştirakçılarına ölkəmizdə multikulturalizm sahəsində həyata keçirilən tədbirlər və mövcud müsbət təcrübə barədə geniş məlumat verib.