Multikulturalizm Mərkəzinin 2023-cü il ərzində çap etdirdiyi nəşrlərin təqdimatı keçirilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) 2023-cü il ərzində çap etdirdiyi nəşrlərin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan BBMM-in icraçı direktoru Rəvan Həsənov bildirib ki, Mərkəz Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı kitabların çap olunmasına, BBMM-in təşkilatçılığı ilə keçirilən yerli və beynəlxalq konfransların materiallarının nəşrinə, həmçinin Azərbaycanda yaşayan etnik azlıqların dillərində kitabların hazırlanmasına xüsusi diqqət ayırır. O vurğulayıb ki, biz Mərkəz olaraq xalqımızın mədəni irsini öyrənib təbliğ etməyə çalışırıq. Xarici platformalara əsasən mənbə lazımdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi beynəlxalq təşkilatdır. Beynəlxalq arenada da boş ifadələrlə mübarizə aparmaq mümkün deyil. Həqiqətləri çatdırmaq üçün elmi faktlar lazımdır. Mərkəzin çap etdirdiyi kitablara xarici ölkələrdə son ayda 7000 dəfə istinad edilib.
Rəvan Həsənov məlumat verib ki, 2023-cü idə BBMM tərəfindən “Həqiqətin Onomastikası – 2 : Qarabağ və Şərqi Zəngəzur”, “Həqiqətin Onomastikası” rus dilində, “Qarabağın və Şərqi Zəngəzurun Alban abidələri” kitabı ingilis dilində, “Qafqaz Diyarının Xəritəsi-1847” hərbi topoqrafik xəritəsi və izahlı kitabı, “Azərbaycan Albanşünaslığının tarixinə dair” biblioqrafiya çap olunub. Cari ildə “International Journal of Multiculturalism” (Beynəlxalq Multikulturalizm Jurnalı) adlı beynəlxalq elmi jurnalın iki sayı, “Qafqaz Albaniyasının etno-mədəni irsi” elmi jurnalın 4-cü buraxılışı – Azərbaycan, ingilis rus dillərində, “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransın məqalələr toplusu ingilis dilində nəşr edilib. Azərbaycan ədəbiyyatının incilərindən sayılan “Əli və Nino” romanı tat dilinə tərcümə olunaraq işıq üzü görüb. O diqqətə çatdırıb ki, BBMM Dərbənddən Həmədana qədər böyük Azərbaycan xalqının mədəni irsini öyrənməyə çalışır. Bu o demək deyil ki, bizim hər hansı ərazi iddialarımız var. Lakin tariximizi parça-parça öyrənsək, bu, bizim elmimizdə boşluqlar yaradacaq. Bu boşluqlara yol verməmək üçün əlimizdən gələni edirik. İcraçı direktor vurğulayıb ki, Mərkəzin bu istiqamətdə faliyyəti növbəti ildə də davam etdiriləcək.
Digər çıxış edənlər - BBMM-nin Himayəçilik Şurasının üzvü, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, kitabxananın şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, “Qafqaz Albaniyasının etno-mədəni irsi” məqalələr toplusunun elmi redaktoru, tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin Multikulturalizm Mərkəzinin direktoru, tarix elmləri doktoru professor Məhəbbət Paşayeva, “Geodeziya və Kartoqrafiya” MMC-nin direktor müavini Müqabil Bayramov, Bakı Slavyan Universitetinin “Azərbaycanşünaslıq” tədris-mədəniyyət mərkəzinin elmi işçisi Nazim Vəlişov, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı Rizvan Qarabağlı, Azəri-Tat mədəniyyət mərkəzi ictimai birliyinin sədri Elman Əhmədov, Gürcü Yəhudiləri Bakı dini icmasının nümayəndəsi Moisey Bekker, Talış icmasının ağsaqqalı İmamverdi Həmidov, Bakı Slavyan Universitetinin Multikulturalizm kafedrasının müdiri İbrahim Quliyev mərkəzin nəşrlərinin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, mərkəzin nəşrləri Azərbaycanın tarixinin, mədəniyyətinin, etnoqrafiyasının, etnik və dini müxtəlifliyinin öyrənilməsində mühüm rol oynayır.