Xaricdə Azərbaycan multikulturalizmi fənninin tədrisi davam edir

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan multikulturalizmi fənninin xarici ölkə universitetlərində tədrisi layihəsi davam edir. Layihə çərçivəsində Yaponiyanın Hokkaydo, Türkiyənin Erciyes, Bolqarıstanın K.Oxridski adına Sofiya, Hindistanın Şri Şri, Rumıniyanın Aleksandr İoan Kuza universitetlərində 2024-2025-ci tədris ilində dərslərə yenidən start verilib. Tədrisi Türkiyədə professor Qafar Mehdiyev, Yassı Universitetindəki Azərbaycan Multikulturalizm Mərkəzinin direktoru, professor Lüdmila Bejenaru, Yaponiyada Hokkaydo Universitetində konfliktologiya elmləri üzrə PHD təhsili almış yaponşünas alim, Yaponiya hökuməti dövlət təqaüdçüsü Əlibəy Məmmədov, Bolqarıstanda Kliment Ohridski Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şiqayeva, Hindistanda Şri Şri universitetinin müəllimi Kənan Məmmədov aparırlar. Tələbələrə Azərbaycanın tarixi, mədəniyyəti, multikulturalizm siyasəti, iqtisadiyyatı haqqında geniş məlumat verilir.
Layihə çərçivəsində Azərbaycan multikulturalizmi fənninin tədris edildiyi universitetlərdə konfranslar, dəyirmi masalar, seminarlar, mühazirələr təşkil olunur. Belə tədbirlərdən biri Rumıniyanın Aleksandr İoan Kuza Universitetində Azərbaycan Multikulturalizmi Mərkəzində keçirilib. Tədbirdə professor Ludmila Bejenaru Azərbaycanın mültikulturalizm siyasətindən danışıb. O bildirib ki, Azərbaycanın multikulturalizm siyasətinin məqsədi ümumbəşəri dəyərlərə sadiqlik, xalqların etnik, dil və mədəni özünəməxsusluğunun qorunub saxlanılmasına əsaslanır.
Qeyd edək ki, Prezident İlham Əliyevin Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq təşəbbüsünün real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2015-ci ildən “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici universitetlərdə tədrisi layihəsini həyata keçirir. Bu günədək dünyanın 27 universitetində Azərbaycan multikulturalizmi fənni tədris olunub. Layihə çərçivəsində tədrisə cəlb olunan tələbələr ildə iki dəfə təşkil olunan Beynəlxalq Multikulturalizm Yay və Qış Məktəblərində iştirak etmək imkanı qazanırlar.