Özbəkistanın Urgenç Dövlət Pedaqoji İnstitutunun nümayəndə heyəti Multikulturalizm Mərkəzinin qonağı olub

Özbəkistanın Urgenç Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinin dekanı Zəfər Adilovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) qonağı olub. BBMM-in icraçı direktoru Rəvan Həsənov nümayəndə heyətini salamlayaraq, Azərbaycandakı multikultural və tolerant mühit, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən multikulturalizm siyasəti, eləcə də Azərbaycan multikulturalizm modeli haqda ətraflı məlumat verib. R.Həsənov Multikulturalizm Mərkəzinin  fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında danışıb. O bildirib ki, Mərkəz tərəfindən Azərbaycanda yaşayan etnik və dini icmalar arasında əlaqələrin möhkəmləndirilməsi, Azərbaycan multikulturalizminin öyrənilməsi və təbliği istiqamətində çoxsaylı regional və beynəlxalq tədbirlər keçirilir, beynəlxalq multikulturalizm yay və qış məktəbləri təşkil edilir. Azərbaycanın bütün ali təhsil müəssisələrində, o cümlədən dünyanın 20-dən artıq nüfuzlu universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur, multikulturalizmlə bağlı kitablar çap olunur.
Özbəkistanın Urgenç Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinin dekanı Zəfər Adilov müasir dünyada multikulturalizmin rolu və təbliğatından danışaraq, Azərbaycanın bu istiqamətdə  həyata keçirdiyi siyasətin əhəmiyyətini vurğulayıb. O, bu sahədə BBMM-in fəaliyyətini yüksək qiymətləndirib. 
Görüşdə qeyd olunub ki, Urgenç Dövlət Pedaqoji İnstitutu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi arasında gələcək əməkdaşlıqla bağlı geniş perspektivlər mövcuddur. Bu əməkdaşlıq tədris, birgə konfranslar, seminarlar şəklində həllini tapa bilər.

Etiketlər