Kiyevdə tələbələrə Dağlıq Qarabağın tarixi barədə məlumat verilib
Taras Şevçenko adına Kiyev Milli Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə tədris edilən “Azərbaycan multikulturalizmi” fakültativi çərçivəsində tələbələrə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın tarixi, Azərbaycanda yüksək səviyyədə reallaşdırılan mədəniyyətlərarası və dinlərarası dialoq barədə məlumat verilib.
Tədbir Kiyevdəki Səməd Vurğun adına kitabxanada baş tutub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi, fakültativ kursun müəllimi Marina Qonçaruk deyib: “Azərbaycan həmişə tolerant, multikultural ölkə olub. Burada müxtəlif xalqların və müxtəlif konfessiyaların nümayəndələrinin hüquqları yüksək səviyyədə həyata keçirilir. Qeyd etmək istəyirəm ki, Azərbaycan erməni təcavüzündən zərər çəkmiş ölkədir və bu gün, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdiyi bir vaxtda Ukrayna Azərbaycanı və onun beynəlxalq hüququ reallaşdırmaq səylərini dəstəkləyir”.
Kiyevdəki Səməd Vurğun adına kitabxananın müdiri, Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olmuş Qalina Çebotaryova da tələbələr qarşısında çıxış edib. O, Azərbaycanda müxtəlif xalqların və konfessiyaların mədəni və tarixi irsinin qorunub saxlanmasına yüksək səviyyədə qayğı göstərilməsini şəxsən yəqin etdiyini bildirib.
Tələbələrə Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoq barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən nəşr edilmiş ədəbiyyat da təqdim olunub.
Qeyd etmək lazımdır ki, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Türkologiya kafedrasında Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və tarixi öyrənilir.