Almaniya Müsəlmanları Mərkəzi Şurasının prezidenti Multikulturalizm Mərkəzində olub
Almaniya Müsəlmanları Mərkəzi Şurasının prezidenti Ayman Matsyek Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub. Görüşdə Mərkəin icraçı direktoru Rəvan Həsənov qonağa qurumun fəaliyyəti barədə geniş məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə yaradılan BBMM beynəlxalq statusa malikdir və azsaylı xalqların mədəniyyətinin, dilinin, inanclarının qorunması istiqamətində çox mühüm layihələr həyata keçirir. Mərkəzin təşkilatçılığı ilə dünyanın nüfuzlu universitetlərində, eyni zamanda, Almaniyanın Auqsburq və Vürsburq Universitetlərində “Azərbaycan Multikulturalizmi” fənni tədris edilir. BBMM-in dünya ölkələrində 9 nümayəndəliyi var. İcraçı direktor Azərbaycanda multikultural dəyərlərin əsrlərdən bəri son dərəcə önəmli yer tutduğunu, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını diqqətə çatdırıb. Ölkəmizin bütün dünyada müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, həmrəylik hisslərinin bərqərar olmasına çalışdığını və bu baxımdan nümunə olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan Respublikasının təşəbbüsü mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə beynəlxalq forumlar təşkil olunur. Multikulturalizm Mərkəzi bu forumların keçirilməsində əsas təşkilatçılardan biri kimi çıxış edir.
Görüşə görə təşəkkürünü bildirən Almaniya Müsəlmanları Mərkəzi Şurasının prezidenti Ayman Matsyek Azərbaycandakı dini rəngarənglik, multikultural və həmrəylik mühitinin digər ölkələr üçün də örnək olduğunu bildirib.
Görüşdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Sonda qonağa BBMM-in ingilis dilində nəşr etdiyi kitabları hədiyyə edilib.