"İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsi"nin nümayəndə heyəti Multukulturalizm Mərkəzində olub

ABŞ-ın Yuta ştatındakı "İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsi"nin rəhbəri Devid Bednarın başçılıq etdiyi nümayəndə heyəti Bakı Beynəlxalq Multukulturalizm Mərkəzində (BBMM) olub. 
BBMM-in icraçı direktoru Rəvan Həsənov qonaqlara Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verib, Azərbaycandakı multikultural və tolerant mühit, dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilən multikulturalizm siyasəti, eləcə də Azərbaycan multikulturalizm modeli haqda danışıb. Azərbaycanda multikultural dəyərlərin əsrlərdən bəri son dərəcə önəmli yer tutduğunu, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını diqqətə çatdırıb. Ölkəmizin bütün dünyada müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, həmrəylik hisslərinin bərqərar olmasına çalışdığını və bu baxımdan nümunə olduğunu vurğulayıb. Rəvan Həsənov mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli dialoqun qurulması məqsədilə Azərbaycan Respublikasının təşəbbüsü ilə irəli sürülmüş "Bakı Prosesi"ndən bəhs edib. Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Qarabağda aparılan quruculuq işlərini də diqqətə çatdırıb.
"İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsi"nin rəhbəri Devid Bednar Azərbaycandakı multikultural və tolerant mühiti yüksək qiymətləndirib. O, Azərbaycanda müxtəlif xalqların, etnik qrupların və bir çox icma nümayəndələrinin əmin-amanlıq şəraitində yaşamaları üçün hər cür şəraitin yaradıldığını vurğulayıb. Gələcəkdə Bakı Beynəlxalq Multukulturalizm Mərkəzi və "İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsi" arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə ümidvar olduğunu deyib.
Qeyd edək ki, Devid Bednarın rəhbərliyi ilə nümayəndə heyətinin səfərinin əsas məqsədi "İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsi" ilə Azərbaycandakı bir sıra dövlət qurumları, dini təşkilatlar arasında sıx əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsidir.
Xatırladaq ki, "İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsi" ilə sıx əməkdaşlıq edən ABŞ-ın Stirlinq Fondu ölkəmizin işğaldan azad olunan ərazilərində minatəmizləmə işinə 250 min dollar ianə edib və gələcəkdə humanitar sahədə Azərbaycanla əlaqələrin genişlənməsində maraqlıdır.

Etiketlər