Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Beynəlxalq Tolerantlıq Gününü təntənəli şəkildə qeyd edib

 

16noyabr

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən təşkil olunan tədbirdə Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, elm, mədəniyyət xadimləri və dini icmaların təmsilçiləri iştirak ediblər.

Tədbiri Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov açaraq qonaqları bayram münasibətilə təbrik edib və hər il ölkəmizdə qeyd olunan bu günün əhəmiyyətindən danışıb.

Bildirilib ki, bu gün 1995-ci ildən UNESCO səviyyəsində dünyanın bir çox ölkələrində Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur. Hazırda dünyada tolerantlıq və multikulturalizm vadisi kimi tanınan Azərbaycanda bu günü böyük təntənə ilə qeyd etmək hər bir Azərbaycan vətəndaşının haqqıdır. Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu strateji xəttin Prezident İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilməsinin göstəricisidir. Ölkəmizdəki tolerant və multikultural mühitin hazırkı səviyyəyə gəlib çatması Prezident İlham Əliyevin bu istiqamətdə apardığı dövlət siyasətinin - dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının üzvü Leyla Əliyevanın Ulu Öndərə həsr etdiyi elegiya səslənib, Ümummilli Liderin həyat və fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev qeyd edib ki, ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması Prezident İlham Əliyevin bu istiqamətdə apardığı dövlət siyasətinin, dinindən, dilindən və etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir.

“Bu gün burada Azərbaycan cəmiyyətinin müxtəlif təbəqəsindən olan insanların Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ətrafına toplaşaraq Beynəlxalq Tolerantlıq Gününü belə coşqu ilə qeyd etmələri həqiqətən son dərəcə sevindirici haldır. Bu gün Ulu Öndərin yad edilməsinin xüsusi bir mənası var. Azərbaycanda multikulturalizmin siyasi zəmində bərqərar olmasının əsasını ulu öndər Heydər Əliyev qoyub. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizi dünyanın multikulturalizm mərkəzlərindən birinə çevirib. Biz dünyaya öz dəyərlərimizi təqdim etməklə yanaşı, eyni zamanda dünyadan da öyrənməyə açıq bir cəmiyyətik. Prezident İlham Əliyevin Azərbaycan multikultural cəmiyyətinin formalaşmasına verdiyi önəm ölkəmizdə multikulturalizm siyasətinin nikbin qütbünü formalaşdırıb. Bu gün dünyada, bəzi Avropa ölkələrində multikulturalizm siyasətinin iflasa uğradığının şahidi oluruq. Bəzən deyirlər ki, multikulturalizmin gələcəyi şübhə altındadır və zaman məsafəsinə bağlı dəyərdir. Amma bu, belə deyil, insan qəlbinin hərarətinin, mərhəmətinin, şəfqətinin və humanizminin zaman ölçüsü, tarixi olmur. Tarix əbədiyyətə doğru nə qədər davam edəcəksə, Azərbaycan multikulturalizmi və tolerantlığı, dünya multikultural və tolerant dəyərləri yaşayacaq, insanların bir-birinə mərhəməti, şəfqəti və sevgisi davam etdikcə bütövlükdə insanlıq işığı sönməyəcək”, - deyə Kamal Abdullayev vurğulayıb.

Daha sonra dövlət müşaviri Azərbaycanda multikultural ənənələrinin və dinlərarası münasibətlərin inkişafında xidmətlərinə görə bir qrup şəxsin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamını oxuyub.

Sərəncama əsasən Sabir Həsənli, Füzuli Əliyev, Simax Yuşvayev, Seqal Şneor və Aleksandr Nesterova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim edilib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadə Azərbaycanda multikultural dəyərlərin və tolerantlıq ənənələrinin yaşının əsrlərlə ölçüldüyünü, ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların yüz illərlə qardaşcasına yanaşı yaşadığını vurğulayıb.

“Azərbaycanın Gənc Dostları Klubunun” litvalı həmsədri Salomeya Lukaite rəhbəri olduğu qurumun fəaliyyətindən danışaraq deyib: “Azərbaycanda beynəlxalq multikulturalizm yay məktəbində aldığım zəngin təəssüratların nəticəsi idi ki, hələ yay məktəbində ikən Yunanıstanın Afina Universitetinin tələbəsi Dimitrios Asproulis ilə birgə “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyini təsis etmək ideyası meydana gəldi. Birliyin həmsədrlərindən biri kimi düşünürəm ki, “Azərbaycanın Gənc Dostları Klubu”nun əhatə dairəsini genişləndirmək üçün dünyanın müxtəlif yerlərində təqdimatların sayını artırmaq lazımdır. Birliyin fəaliyyətə başladığı qısa müddət ərzində xeyli sayda xarici ölkələrin gəncləri “Azərbaycanın Gənc Dostları Klubu”na üzv olmaq üçün müraciət ediblər. İnanıram ki, “Azərbaycanın Gənc Dostları”nın fəaliyyəti yaxın gələcəkdə ölkə həqiqətlərini xaricdə təbliğ etmək, beynəlxalq ictimaiyyətə çatdırmaq üçün mobil qruplara çevriləcək”.

BBMM-in Bolqarıstan filialının rəhbəri Eliza Nikolova söyləyib ki, filiala rəhbərlik etmək məsuliyyətli və şərəfli işdir. Filial rəhbəri Azərbaycanın və Bolqarıstanın milli tarixinin və mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın multikulturalizm modelinin təbliği və təşviqi istiqamətində birgə tədbirlərin keçirilməsi ilə bağlı əlindən gələni edəcəyini bildirib.

BBMM-in İsrail filialının rəhbəri Arye Qut bayram təbrikini çatdırıb, yəhudilərin yüz illərdir Azərbaycanda əmin-amanlıq içində yaşadığını deyib.

İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Fənani, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov və başqaları Azərbaycan xalqına təbriklərini və bayram arzularını çatdırıblar.

Mərasimdə BBMM-in İtaliya və Moldova filiallarının rəhbərləri Sandro Teti və Aureliya Qriqoriunun, həmçinin ötən il müxtəlif ölkələrdən Azərbaycanda keçirilən yay və qış multikulturalizm məktəblərində iştirak edən gənclər tərəfindən yaradılmış və hazırda yüzlərlə üzvü olan “Azərbaycanın Gənc Dostları Klubu”nun Yunanıstandan olan həmsədri Dimitrios Asproulis və indoneziyalı İmas Fuciyatinin təbrik videomüraciətləri nümayiş etdirilib, mərkəzin xarici ölkə filialları rəhbərlərinin və “Azərbaycan multikulturalizmi” fənnini öz ölkələrində tədris edən xarici mütəxəssislərin təbrik teleqramları oxunub.

Tədbirdə Ülkər Əliyeva və Mahir Tağızadənin ifasında müxtəlif ölkə xalqlarının mahnıları və dini nəğmələr səslənib, Qafqaz Universitetinin müxtəlif xarici ölkə gənclərindən ibarət tələbə rəqs qrupu çıxış edib.

Запись Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Beynəlxalq Tolerantlıq Gününü təntənəli şəkildə qeyd edib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.