Koreyanın İNHA Universitetində Azərbaycanla bağlı tədbir keçirilib

Koreya ilə Azərbaycan arasında təhsil sahəsində yeni əməkdaşlıqlar qurulur. Bunun bariz nümunəsi Azərbaycanla İNHA Universiteti arasında ikili diplom proqramıdır. Hazırda burada 61 azərbaycanlı tələbə təhsil alır. 
İyunun 10-da İNHA Universitetində Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar “Azərbaycan Günü” adlı tədbir keçirilib. Tədbirdə Cənubi Koreyadakı Azərbaycan icmasının üzvləri, İNHA Universitetində təhsil alan azərbaycanlı tələbələr, eləcə də universitetin Multikulturalizm departamentinin tələbə və müəllim heyəti iştirak edib.
Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Koreyadakı Səfirliyi ilə əməkdaşlıq çərçivəsində baş tutan tədbirdə Azərbaycanın milli geyimlərindən ibarət guşə yaradılıb, iştirakçılara milli mətbəximizin ləziz təamları təqdim edilib, Azərbaycanın tarixinin, mədəniyyətinin, coğrafiyasının tanıdılması məqsədilə viktorinalar keçirilib. Qaliblərə milli simvollar və Komitənin loqosu olan hədiyyələr təqdim edilib. Tədbirdə ikili diplom proqramının iştirakçıları Anar Rzayev və Jalə Məmmədovanın ifasında Azərbaycan milli rəqsləri qonaqlar tərəfindən maraqla qarşılanıb.
Bundan əlavə, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə İNHA Universitetinin doktorantı Leyla Məsimli və Yoo Su-jinin koreya dilinə tərcümə etdiyi “Azərbaycan nağılları” kitabı, eləcə də Azərbaycana aid digər nəşrlər və rəsm əsərləri də nümayiş olunub. Azərbaycan diasporunun fəal üzvü Leyla Məsimli Azərbaycan dilinin və mədəniyyətinin xaricdə təbliğində mühüm xidmətlərinə görə “Diaspora xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib.
Xatırladaq ki, 2024-cü ildə İNHA Universiteti ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi arasında Azərbaycanla tərəfdaşlığı daha da möhkəmləndirən müqavilə imzalanıb. Müqaviləyə əsasən, multikultural təhsil kafedrasında professor Yünsub Oh və İNHA Universitetinin doktorantı Leyla Məsimli Azərbaycan multikulturalizmi kursunu təqdim edir. Bu kurs magistrant və doktorantlara Azərbaycanın tarixi, mədəniyyəti, multikulturalizm modeli haqqında dərin biliklər qazandırır.

Etiketlər