Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri” kitabı təqdim edilib
Aprelin 28-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri” kitabının təqdimatı keçirilib.
BBMM-in müşaviri, professor Aytən Qəhrəman nəşri yüksək dəyərləndirərək rəhbərlik etdiyi qurumun hər zaman belə layihələrə dəstək olduğunu və bundan sonra da olacağını vurğulayıb. Müşavir bildirib ki, kitabda Azərbaycanda yaşayan müxtəlif xalqların həyatının müxtəlif sahələri, məişəti, münasibətləri, fikri, dünyagörüşü haqqında 1300-ə yaxın atalar sözü və deyimlər toplanıb.
Filologiya elmləri doktoru, professor İmamverdi Həmidov qeyd edib ki, sözügedən nəşr ölkəmizdə yaşayan xalqların ədəbi-mədəni irsi haqqında obyektiv təsəvvür yaratmağa kömək edir.
Filologiya elmləri üzrə fəlsəfə doktoru Mətanət Yaqubqızı İradə Məlikovanın tərtib etdiyi kitabı aktual hesab etdiyini bildirib: “ Prezident İlham Əliyev “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə bakıda keşirilən Beynəlxalq Humanitar Forumda belə bir fikir səsləndirib: “Multikulturalizm bütün xalqları birləşdirir”. Bu münasibətlə ölkəmizdə keçirilən tədbirlərin və nəşr olunan kitabların xalqımızın mədəniyyət tarixində böyük rolu var”.
Kitabın tərtibçisi və ön sözün müəllifi İradə Məlikova çıxışında nəşri hazırlarkən hər bir xalqın həyat şəraiti, məişət tərzi, tarixi, etnoqrafiyası, adət-ənənəsi ilə bağlı fikirləri, ifadə üsullarını saxlamağa çalışdığını deyib: “Kitabda avar, buduq, xınalıq, ingiloy, kürd, ləzgi, rutul, saxur, talış, tat və udi xalqının atalar sözü və deyimləri toplanıb. Bu atalar sözləri əsl poeziyadır. Bu folklor nümunələrindən görünür ki, multikulturalizm xalqımızın həyat tərzidir. Əsrlər boyunca Azərbaycan xalqı bir-birinin dilinə, dininə, adət-ənənəsinə, dəyər verərək yaşayıb və yaşayır”.
İradə Məlikova layihədə ona mənəvi dəstək olan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzivə Azərbaycan Elmlər Akademiyasının Folklor İnstitutuna, eləcə də atalar sözləri və deyimləri toplayıb Azərbaycan dilinə tərcümə etməkdə yardımçı olan şəxslərə minnətdarlığını bildirib.
Tədbirdə iştirak edən etnik icma nümayəndələri, adıçəkilən qurumların əməkdaşları və qonaqlar nəşrlə bağlı fikirlərini bölüşüblər, müzakirələr aparıblar.
Запись Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri” kitabı təqdim edilib впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.