IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başlayıb
İyulun 15-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” adlı IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi layihəsinə başlayıb.
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Böyük Britaniyada fəaliyyət göstərən Gənclər Arasında Ümumi Söz (ACWAY) beynəlxalq təşkilatı və Azərbaycan Respublikasının Gənclər Fondu ilə birgə təşkil olunub.
Yay məktəbi çərçivəsində “Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” mövzusunda I Beynəlxalq Gənclər Forumu keçirilib.
Forumda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov Azərbaycanda multikulturalizm ənənələrindən bəhs edib. O qeyd edib ki, Azərbaycanda müxtəlif dinlərə və millətlərə mənsub insanlar əsrlərdir birgə yaşayırlar. Azərbaycan multikulturalizmi dövlət siyasətinin tərkib hissəsi elan edən çox az ölkələrdən biridir.
Şöbə müdiri, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi”nin əhəmiyyətindən danışıb. O vurğulayıb ki, müxtəlif qitələrdə yaşayan, fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlaşma çərçivəsində səmimiyyət və hörmətə əsaslanan fikir mübadiləsi üçün müsbət platforma yaradan “Bakı Prosesi” mədəniyyətlərarası dialoqun inkişafı baxımından böyük önəm kəsb edir. “Bakı Prosesi” çərçivəsində keçirilən tədbirlər dinlərarası dialoqun inkişafına böyük töhfə verib.
Etibar Nəcəfov Beynəlxalq Multikulturalizm Yay və Qış məktəblərinin önəmindən danışaraq bildirib ki, müxtəlif millətlərdən olan gənclərin bir araya gəlmələri çox əhəmiyyətlidir. Bu, onlar arasında dialoqun, dostluğun yaranmasına xidmət edir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qeyd edib ki, BBMM yarandığı gündən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı əhəmiyyətli layihələr reallaşdırır. Mərkəzin önəmli layihələrindən biri də artıq ənənəyə çevrilən, mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Qış və Yay məktəbləridir. 2019-cu ilin yaz semestrində “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədris olunduğu yerli və xarici universitetlərdə təhsil alan tələbələrin qatıldıqları IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi iyulun 15-dən 21-dək Bakı şəhəri ilə yanaşı, Oğuz, Şəki və Qəbələ rayonlarında fəaliyyət göstərəcək. Forum çərçivəsində dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına həsr olunan seminar və müzakirələr keçiriləcək.
Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qeyd edib ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Şərqlə Qərbin qovuşuğunda yerləşən ölkəmiz müxtəlif dinlərin, millətlərin yaşadığı məkandır. Azərbaycanda gənclər cəmiyyətin fəal üzvləridir və onlar tolerantlıq ruhunda böyüyürlər. Təkcə ölkəmizdə deyil, həmçinin bir sıra beynəlxalq tədbirlərdə də gənclərimiz tolerantlıq və multikultural dəyərlərin təbliğ edilməsində böyük rola malikdirlər. Fərid Cəfərov Gənclər Fondu tərəfindən tolerantlıq və multikulturalizm ənənələrinin təşviqi istiqamətində müxtəlif layihələr reallaşdırıldığını diqqətə çatdırıb.
Gənclər Arasında Ümumi Söz beynəlxalq təşkilatının direktoru Ravaad Mahyub bu önəmli tədbirin təşkilinə görə Azərbaycan Hökumətinə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə minnətdarlığını bildirib. O deyib ki, müxtəlif dinlərə və millətlərə mənsub insanların bir-birilərinə münasibətdə qarşılıqlı hörmət və anlayış göstərmələri tolerantlıq üçün əsas şərtdir. Direktor 2016-cı ildən bu günə kimi ACWAY-ın yüzdən çox tədbir keçirdiyini, BMT və digər beynəlxalq təşkilatlar, həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu ilə əməkdaşlıq şəraitində çalışdığını bildirib. Sonra ACWAY-ın fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
“Striling” Fondunun direktoru Edvard Rou bildirib ki, Azərbaycanda ilk dəfə olmasına baxmayaraq, burada gördüyü qonaqpərvərlik və tolerant mühit onda böyük təəssürat yaradıb. O, “Striling” Fondunun dinlərarası və mədəniyyətlərarası dialoq sahəsində həyata keçirdiyi layihələrdən bəhs edib. Fondun rəhbəri müxtəlif dinlərə, mədəniyyətlərə mənsub olmalarına baxmayaraq, insanların sülh şəraitində yaşamaq kimi ümumi məqsədlərinin olduğunu bildirib. Əlavə edib ki, bu prinsip cəmiyyətimizin inkişafı üçün vacibdir.
Sonra Azərbaycanla bağlı "Tolerantlıq diyarı" adlı videoçarx nümayiş olunub.
Forum işini bölmə iclasları ilə davam etdirib.