“Heydər Əliyev İli” çərçivəsində Bolqarıstan universitetində mühazirə təqdim edilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çərçivəsində silsilə tədbirləri davam etdirir. Silsilə tədbirlər çərçivəsində mayın 19-da Bolqarıstanın Müqəddəs Kliment Oxridski Universitetinin tələbələri üçün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş mühazirə təqdim edilib. Əvvəlcə, universitetin Azərbaycan Mədəniyyəti və Dili Mərkəzinin direktoru Sofiya Şiqayeva-Mitreska Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişafında Heydər Əliyevin rolundan danışıb. Sonra Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçısı Preslav Tsanov fevral ayında Ümummilli Liderin yubileyinə həsr olunmuş Qış Məktəbi ilə bağlı təəssüratlarını bölüşüb. Daha sonra tələbələr BBMM-in Tədris şöbəsinin müdiri İrina Kuninanın “Müstəqil Azərbaycanın formalaşmasında Heydər Əliyevin rolu” mövzusunda məruzəsini dinləyiblər. Mühazirə fəal müzakirələrlə yekunlaşıb.
Qeyd edək ki, Multikulturalizm Mərkəzi ilin sonuna qədər “Azərbaycan multikulturalizmi” fənninin xarici ölkə universitetlərində tədrisi layihəsinin icra olunduğu ali təhsil müəssisələrində Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbirləri davam etdirməyi nəzərdə tutur.