Multikulturalizm Mərkəzinin yaranmasının 6 ili tamam oldu
Multikulturalizm Azərbaycanın dövlət siyasətidir. Bu siyasətin əsasında ölkənin etnik, dini, dil və mədəni müxtəlifliklərinin qorunması dayanır. Multikulturalizm siyasəti dövlətin inteqrasiya siyasətini də möhkəmləndirir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu siyasətin həyata keçirilməsində əhəmiyyətli yerə malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 15 may tarixli Fərmanı ilə yaradılan Multikulturalizm Mərkəzi artıq 6 ildir ki, uğurla fəaliyyət göstərir. Mərkəzin yaradılmasında əsas məqsəd Azərbaycanın tarixən sahib olduğu multikultural dəyərlərin, mədəniyyətlərarası və xalqlararası dostluğun bu gün də təbliğ edilməsidir. Müasir dövrdə Multikulturalizm Mərkəzi Azərbaycanın ictimai-siyasi, mədəni həyatında və multikulturalizm siyasətinin həyata keçirilməsində mühüm rol oynayır. Dövlət başçısının həyata keçirdiyi uğurlu siyasəti nəticəsində Azərbaycan həqiqətlərinin dünyaya yayılması, eləcə də ölkəmizin imicinin daha da yaxşılaşdırılması baxımından BBMM önəmli bazaya çevrilib. Bu istiqamətdə Mərkəz bir sıra uğurlu layihələr həyata keçirir. Bu layihələr içərisində “Azərbaycan multikulturalizmi” və “Multilulturalizmə giriş” fənlərinin yerli və xarici universitetlərdə tədrisi, yay və qış beynəlxalq multikulturalizm məktəbləri, “Terror multikulturalizmə qarşı”, "Qafqaz Albaniyası" və digərlərini xüsusi qeyd etmək olar. Bu gün 9 xarici ölkədə BBMM-in filialı fəaliyyət göstərir. Respublikamızın bütün universitetlərində, eləcə də dünyanın 22 nüfuzlu ali məktəbində (Almaniya,Rusiya,İndoneziya, Türkiyə, Yaponiya, İtaliya, Braziliya, Portuqaliya, Hindistan, Gürcüstan,Ukrayna və s.) Azərbaycan multikulturalizm modeli tədris edilir. Beynəlxalq yay və qış multikulturalizm məktəbi iştirakçılarının yaratdığı "Azərbaycanın gənc dostları" klubu xarici ölkələrdə Azərbaycanın maraqlarını müdafiə edir.Hər il onlarla uğurlu elmi nəşr təqdim edən Multikulturalizm Mərkəzi, həm də yerli və xarici tədqiqatçılar üçün araşdırma mərkəzi rolunu oynayır. BBMM-in nəşrləri sırasında "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında" (Azərbaycan,rus, ingilis, fransız,ispan, italyan dillərində), "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" (Azərbaycan,rus, ingilis dillərində) kitabları, eləcə də "Azərbaycan multikulturalizmi" (Azərbaycan, ingilis dillərində)və "Multikulturalizmə giriş" dərslikləri xüsusilə diqqətə layiqdir. Onu da əlavə edək ki,BBMM-in ildə 4 dəfə nəşr olunan "Multikulturalizm" jurnalı və ayda 2 dəfə Mədəniyyət telekanalı ilə birgə təqdim etdiyi "Multikulturalizm" adlı verilişi də fəaliyyət göstərir. Bu yaxınlarda isə mərkəzin “International Journal of Multiculturalism” (Beynəlxalq Multikulturalizm Jurnalı) adlı yeni beynəlxalq elmi jurnalı ingilis dilində nəşrə başlayıb.
Prezident İlham Əliyevin də dediyi kimi, bu gün Azərbaycan dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınır. Bu, Azərbaycan dövlətinin əsas istiqamətlərindən biri və ölkə başçısının həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi də bu siyasətə öz töhfəsini verir. Mərkəz artıq dünya ictimaiyyəti tərəfindən təqdir edilən, multikulturalizmin bu funksiyasını daşıyan, aparıcı bir qurum statusunu qazana bilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti
6 may 2020-ci il