Ukraynada Nizami Gəncəviyə həsr olunmuş elektron sərgi açılıb
Dekabrın 29-da Ukrayna Milli Elmlər Akademiyasının Vernadski adına Ukrayna Milli Kitabxanasında “Nizami Gəncəvi Ukrayna tərcümələrində və tədqiqatlarında” mövzusunda elektron sərgi açılıb. Kitabxananın “Elmi-biblioqrafik informasiya” şöbəsinin kollektivi tərəfindən aparılan biblioqrafik tədqiqatların nəticələrinə əsaslanan sərgi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə baş tutub.
Görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi yaradıcılığının tərcümə və tədqiqinə həsr olunmuş elektron sərgidə Nizami əsərlərinin ukrayna dilinə tərcümələri, ukraynalı alimlərin bu mövzuda araşdırmaları haqqında sistemləşdirilmiş məlumatlar, o cümlədən Nizami Gəncəvi ilə bağlı kitabxananın fondunda saxlanılan materiallar nümayiş etdirilib. Tədqiqatlar 1917-2021-ci illəri əhatə edir. Sərginin materiallarını Ukrayna Milli Elmlər Akademiyasının Vernadski adına Ukrayna Milli Kitabxanasında “Elmi-biblioqrafik informasiya” şöbəsinin müdiri Tatyana Dobko və “Beynəlxalq informasiya və xarici əlaqələr” şöbəsinin müdiri Tatyana Arseenko hazırlayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukrayna üzrə nümayəndəsi Marina Qonçaruk sərgi ilə bağlı fikirlərini bölüşüb. O deyib: “Bu, Ukrayna-Azərbaycan əməkdaşlığının mədəniyyət və ədəbiyyat sahəsində inkişafına, habelə Nizami yaradıcılığının Ukraynada populyarlaşmasına yönəlmiş çox əhəmiyyətli və fundamental layihədir. Bu layihə Nizami ədəbi irsinin Ukrayna alimləri tərəfindən daha geniş tədqiqinə şərait yaradır. Kitabxananın kollektivi böyük əhəmiyyətə malik bir iş görüb. Xatırladım ki, Ukrayna Milli Elmlər Akademiyasının Vernadski adına Ukrayna Milli Kitabxanası dünyanın 10 ən böyük milli kitabxanasından biridir. Kitabxana fondu 15.800.000-dən çox kitabdır. Düşünürəm ki, Azərbaycan ədəbiyyatı haqqında daha çox öyrənmək istəyənlər üçün bu sərgi çox maraqlı olacaq.”
Sərgi haqda daha ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz.