Qış Məktəbinin iştirakçıları Azərbaycandakı dini müxtəliflik barəsində məlumatlandırılıblar

Fevralın 17-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən X Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin iştirakçıları “Azərbaycanda dini müxtəliflik” mövzusunda mühazirə dinləyiblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əli Həziyevin təqdim etdiyi mühazirədə ölkəmizdə milli, dini və bəşəri dəyərlərə hər zaman böyük önəm verildiyi qeyd olunub. Bildirilib ki, qədim zamanlardan müxtəlif dinlərin və millətlərin qarşılıqlı anlaşma şəraitində yaşadıqları bir məkan olaraq Azərbaycan həmişə öz tolerantlığı və başqalarına qarşı dözümlülüyü ilə seçilən bir dövlət olaraq tanınıb. Bu səbəbdən də ölkəmizdə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri hər zaman yüksək səviyyədə qorunur və inkişaf etdirilir. Müstəqilliyini bərpa etdikdən sonra isə milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir və onun inkişafına böyük önəm verilir. Azərbaycanda dövlət-din münasibətlərinin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyev qoyub və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Əhalisinin əksəriyyəti müsəlman olan və dini zəmində münaqişələrin, o cümlədən antisemitizmin qeydə alınmadığı Azərbaycan daim dinlərarası dialoqun inkişafına töhfə verən tədbirlərə ev sahibliyi edir.

Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 21, Azərbaycanın isə 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə şahid olmasına şərait yaratmaqdır.

Fevralın 22-dək davam edəcək X Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Ukrayna, Kolumbiya, Xorvatiya, Hindistan, İraq, Yaponiya, İordaniya, Qazaxıstan, Qırğızıstan, Litva, Monteneqro, Moldova, Nigeriya, Portuqaliya, Rusiya, San-Tome və Prinsipi Demokratik Respublikası, Türkiyə, ABŞ və Braziliya kimi ölkələrin aparıcı universitetlərindən 25 tələbə iştirak edir.

Etiketlər