DQİDK-nın sədri Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüşüb

Fevralın 20-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Mədəni müxtəliflikdə birlik: Azərbaycan nümunəsində” adlı XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşüblər.

Öncə Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Mübariz Qurbanlı layihənin Azərbaycanın tolerantlıq modeli ilə əyani tanışlıq, eləcə də bu dəyərlərin beynəlxalq aləmdə təbliği və təşviqi baxımından önəmini qeyd edib. Vurğulayıb ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlətin din siyasətinin prioritet istiqamətlərindən biri məhz tolerantlıqla bağlıdır. Xalqımızın minilliklər ərzində formalaşmış tolerantlıq ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, yerli və beynəlxalq səviyyədə təşviq və təbliğ etmək dövlətin din siyasətinin əsas hədəfləri sırasındadır. Bildirib ki, Azərbaycanda bütün dinlərin mənsublarına bərabər şərait yaradılır, onların öz inanc və etiqadlarına uyğun yaşamaları üçün lazımi tədbirlər görülür. Dövlət Komitəsinin sədri dinlərin sülhyaratma, dialoq və əməkdaşlıq imkanlarından maksimum istifadənin önəminə toxunub. Bu prosesdə fəal iştirak edən Azərbaycanın hazırda dinlər və mədəniyyətlərarası dialoqun aparıcı qüvvəsinə çevrildiyini vurğulayıb.

Daha sonra Qış Məktəbinin müxtəlif ölkələrdən olan tələbələrinin sualları cavablandırılıb.

Xatırladaq ki, “Heydər Əliyev İli”nə həsr olunan XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi fevralın 26-dək davam edəcək. XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Türkiyə, Braziliya, Rumıniya, Almaniya, Fələstin, Rusiya, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Pakistan, İraq, Bolqarıstan, Mozambik, Mərkəzi Afrika Respublikası, Suriya, Şri-Lanka, Çin və Yaponiya kimi ölkələrin aparıcı universitetlərindən 30 tələbə iştirak edir.

Etiketlər