Anar Qafarov: Multikulturalizmlə bağlı həyata keçirilən tədbirlər mədəni mühitimizin sağlam çərçivədə inkişafı üçün xüsusi şərait yaradır

Bu gün Azərbaycanda mədəni müxtəlifliklə bağlı dəyərlərin, eyni zamanda, multikultural dəyərlərin təbliği ilə bağlı bir çox tədbirlər təşkil olunur. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, eyni zamanda, mərkəzlə əməkdaşlıq edən digər qurumlar, o cümlədən Azərbaycan İlahiyyat İnstitutu bu istiqamətdə işlərə öz töhfəsini verirlər. İlahiyyat İnstitutu mərkəzin təşkilatçılığı ilə keçirilən yay məktəblərində dünyanın müxtəlif ölkələrindən gələn, eyni zamanda, ölkəmizdə təhsil alan xarici vətəndaşlara Azərbaycan mədəni mühitinin tanıdılması ilə bağlı müxtəlif seminarlar, treninqlər təşkil edir. Azərbaycan mədəniyyətinin, xüsusilə də mədəni müxtəlifliklə bağlı dəyərlərin təbliğində və bu kontekstdə ölkəmizin bir nümunə kimi təbliğ olunmasında belə tədbirlər xüsusi əhəmiyyət kəsb edir.

Bu sözləri Şəkidə keçirilən XII Beynəlxalq Multikulturalizm Yay Məktəbinə dəvət olunan Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov jurnalistlərə müsahibəsində deyib.

İnstitutun kafedra müdiri bildirib ki, cəmiyyətdə müxtəlif mədəniyyətlərdən olan insanların bir araya gələrək birgə yaşaması artıq günümüzün reallığına çevrilib. Ona görə də, bu mühitin sağlam bir çərçivədə davam etdirilməsi, yəni müxtəlif mədəniyyətlərdən olan insanların birlikdə sülh şəraitində yaşaması üçün bu istiqamətdə tədbirlər davamlı olaraq təşkil olunmalıdır.

“Biz, əslində, Azərbaycanda multikultural mühitin, tolerantlığın bir dəyər olaraq nə işə yaradığının 44 günlük Vətən müharibəsində bir daha şahidi olduq. Müharibədə dini, milli, etnik kimliyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirdi. Şəhidlərimizin, qazilərimizin arasında müxtəlif millətlərdən olan vətəndaşlarımız da var. Ona görə də, multikulturalizmlə bağlı Azərbaycanın həyata keçirdiyi bütün tədbirlər, atdığı bütün praktiki addımlar mədəni mühitimizin sağlam çərçivədə inkişafı üçün xüsusi şərait yaradır”,- deyə Anar Qafarov bildirib.

Etiketlər