VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları “Şahdağ” Turizm Mərkəzinin xidmətlərindən istifadə ediblər
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin iştirakçıları fevralın 18-də “Şahdağ” Turizm Mərkəzində olublar.
16 ölkənin aparıcı universitetlərində təhsil alan tələbələrin cəlb olunduqları layihənin iştirakçılarına mərkəzdəki otellər, turistlərə göstərilən xidmətlərin növləri və qiymətləri barədə ətraflı məlumat verilib.
Diqqətə çatdırılıb ki, “Şahdağ” Turizm Mərkəzi 2012-ci ildə istifadəyə verilib. Mərkəz Azərbaycanda, eləcə də Qafqaz regionunda ən böyük dağ-xizək kurortudur. Turizm mərkəzi həm qış, həm də yay mövsümündə turistləri qəbul edir. Hazırda “Şahdağ” Turizm Mərkəzinin regional və daha irimiqyaslı təbliğatının aparılması, tanıdılması və buraya xarici turistlərin cəlb olunması məqsədilə bir sıra beynəlxalq turizm şirkətləri ilə işgüzar əlaqələr qurulur. Bunun nəticəsidir ki, bu məkana hər il xarici ölkələrdən on minlərlə turist gəlir.
Sonra qonaqlar “Şahdağ” Turizm Mərkəzində kanat yolundan istifadə edib, xizək sürüb və başqa xidmətlərdən yararlanıblar.
Azərbaycan, Gürcüstan, Çexiya, Almaniya, Serbiya, Hindistan, Bosniya və Herseqovina, Avstriya, Yaponiya, İspaniya, Tacikistan, Yunanıstan, Portuqaliya, Rusiya, Bolqarıstan, San-Tome və Prinsipi Demokratik Respublikası və Braziliyadan tələbələrin cəlb olunduqları layihə çərçivəsində fevralın 23-dək Quba, Qusar, Xaçmaz rayonlarında və Bakıda bir sıra tədbirlər keçiriləcək.
Beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 19, ölkəmizin isə 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə bilavasitə şahid olmasına şərait yaratmaqdır.