Beynəlxalq Qış Məktəbinin iştirakçıları Multikulturalizm Mərkəzində olublar
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkil etdiyi “Sabahın liderləri: Gənclər sivilizasiyaların toqquşmasına qarşı” adlı XIV Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Mərkəzin icraçı direktoru Rəvan Həsənovla görüşüblər. Rəvan Həsənov bildirib ki, Qış və Yay Beynəlxalq Multikulturalizm məktəbləri Mərkəzin mühüm layihələrindən biridir. Bu layihə ildə iki dəfə təşkil edilməklə Bakı şəhəri ilə yanaşı, bir sıra bölgələri də əhatə edir. O vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu tədbir artıq ənənə halı alıb. Məktəbdə iştirak edən əcnəbi tələbələr Azərbaycan multikulturalizmi ilə yaxından tanış olurlar. İcraçı direktor iştirakçılara Azərbaycandakı multikultural mühit, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında ətraflı məlumat verib. Bildırıb ki, qış məktəbi ərzində iştirakçılara “Azərbaycanda mədəniyyətlərin dialoqu və dinlərarası harmoniya”, “Multikulturalizmin Azərbaycan modeli sivilizasiyaların toqquşmasına cavab kimi”, “Müasir cəmiyyətdə dözümsüzlük problemi: ksenofobiya, islamofobiya, irqçilik” mövzularında mühazirələr, “Sivilizasiyaların toqquşması, yoxsa dialoq?” mövzusunda seminar keçiriləcək, ADA Univesitetinin prorektoru Fariz İsmayılzadə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini müvəqqəti icra edən Səyyad Salahlı ilə görüşəcəklər, Azərbaycan Respublikası Dövlət Dil Komissiyası Yanında Monitorinq Mərkəzində olacaqlar. Heydər Əliyev məscidində, Rus Provaslav Kilsəsində, Dağ yəhudiləri sinaqoqunda və “Müqəddəs Məryəm Ana Katolik Kilsəsi”ndə olacaqlar. Qubada dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbədə yerli əhali ilə görüşlər keçiriləcək, iştirakçılar məscid, kilsə və sinaqoqları, Quba Soyqırımı Memorial Kompleksini ziyarət edəcəklər, “Şahdağ” Qış-Yay Turizm Kompleksinə gedəcəklər.
Qış məktəbi çərçivəsində “Öz xalqını təqdim et” musiqili axşamlar da təşkil olunacaq. Burada iştirakçı tələbələr öz xalqlarının mədəniyyəti, adət ənənələri ilə bağlı məlumat verəcəklər.
Qed edək ki, qış məktəbi mart ayının 11-dən 17-dək davam edəcək. Qış məktəbi Bakı şəhəri ilə yanaşı, Quba və Qusar rayonlarında da fəaliyyət göstərəcək. XIV Beynəlxalq Multikulturalizm Qış Məktəbində Türkiyə, Braziliya, Rumıniya, Rusiya, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Bolqarıstan, Yaponiya, Əfqanıstan, Çin, Özbəkistan, Qazaxıstan və Azərbaycandan 20-dən artıq tələbə iştirak edir.
Xatırladaq ki, Yay və Qış məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində dünyanın və Azərbaycanın ali təhsil müəssisələrində Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün yay və qış məktəbləri təşkil olunur. Burada məqsəd tələbə gənclərin nəzəri biliklərinin multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə şahid olmalarına şərait yaratmaqdır. Artıq dəyərli ənənəyə çevrilən multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.