Multikulturalizm Mərkəzi Varşava konfransında təmsil olunub

26 sentyabr - 7 oktyabr tarixlərində Varşavada ATƏT-in Polşa sədrliyinin təşkilatçılığı ilə İnsan ölçüsü üzrə konfrans keçirilir. Varşava konfransının oktyabrın 3-dəki tolerantlıq, milli azlıqlara mənsub şəxslərin hüquqları, başqa dövlətlərin vətəndaşları ilə rəftar və miqrantların insan hüquqları mövzusuna həsr edilən V plenar sessiyasında Azərbaycanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəman təmsil edib. BBMM-in müşaviri Aytən Qəhrəman sessiyada çıxış edərək bildirib ki, nifrət və dözümsüzlüklə bağlı ciddi problemlərin aradan qaldırılmasının açarı bütün iştirakçı dövlətlər tərəfindən beynəlxalq hüquqa, ATƏT-in prinsiplərinə və öhdəliklərinə ciddi riayət etməklə müəyyən edilir. Bu kontekstdə Azərbaycan multikulturalizm, xüsusən də mədəniyyətlərarası və dinlərarası dialoq vasitəsilə tolerantlığın və ayrı-seçkiliyin qarşısının alınmasına verdiyi töhfə ilə tanınır. Azərbaycan hesab edir ki, mədəniyyətlər arasında bağlar axtarmaq və körpülər qurmaqla paralel olaraq, mədəni müxtəlifliyin təşviqi və qorunması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və bununla bağlı dözümsüzlüklə mübarizədə, eləcə də bəşəriyyətin birləşməsində multikulturalizmin təşviqi neqativ meyillərə qarşı mübarizədə mühüm töhfə verə bilər.

A.Qəhrəman çıxışında həm də Ermənistan QHT nümayəndəsinin Azərbaycanın ünvanına səsləndirdiyi bütün əsassız ittihamları rədd edərək bildirib ki, Azərbaycanı beynəlxalq hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliyi pozmaqda ittiham etməzdən əvvəl, Ermənistan silahlı qüvvələrinin bu gün də davamlı olaraq törətdiyi hərbi cinayətləri dayandırsın. Qeyd edib ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal etdiyi müddətdə bu ərazilərin tarixi-mədəni xüsusiyyətlərini dəyişdirmək və saxtalaşdırmaq üçün ardıcıl tədbirlər həyata keçirib və nəticədə Azərbaycanın tarix və mədəniyyət abidələri məhv edilib, ibadət yerləri təhqirlərə məruz qalıb.

Etiketlər