“Azərbaycan multikulturalizmi ənənələrinin Almaniya ictimaiyyətinə çatdırılması mütərəqqi addımdır”
Məlum olduğu kimi, yanvarın 22-də Almaniyanın Drezden şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) xaricdə ilk filialı fəaliyyətə başlayıb. Filialın direktoru almaniyalı alim Bircit Vaysgerber, müşaviri Ağa Hüseyn Babayevdir.
Ağa Hüseyn Babayev 1962-ci ildə Bakıda dünyaya gəlib. Orta və ali təhsilini doğma şəhərində alıb. 2004-cü ildən etibarən ailəsi ilə birgə Almaniyada yaşayır və ictimai-siyasi fəaliyyətlə məşğul olur. Ağa Hüseyn Babayev 2006-cı ildə Drezdendə Azərbaycan dilinin qorunması, milli-mədəni dəyərlərimizin öyrənilməsi, təbliği və gələcək nəslə çatdırılması məqsədilə fəaliyyətə başlayan “Alm.az” Alman-Azərbaycan Cəmiyyətini yaradıcısı və rəhbəridir. Saksoniyanın ictimai-siyasi həyatında özünəməxsus yeri olan qurum tərəfindən 10 il ərzində Azərbaycan dili, tarixi, mədəniyyəti ilə bağlı çoxsaylı tədbir və layihələr həyata keçirilib.
Bugünlərdə BBMM-in aparıcı məsləhətçisi Sevinc Mürvətqızı Mərkəzin Drezden filialının müşaviri Ağa Hüseyn Babayevlə Azərbaycan multikulturalizmi modelinin Avropada təbliğatının əhəmiyyəti, filialın qarşısında duran vəzifə və perspektivləri barəsində söhbətləşib.
Ağa Hüseyn Babayev bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi multikulturalizmin ölkədə tarixən mövcud olan, yaşı əsrlərlə ölçülən mənəvi dəyər və dövlət siyasətində prioritet istiqamət olduğunun göstəricisidir: “Çağdaş dövrümüzdə Azərbaycan hökuməti sistemli şəkildə həyata keçirdiyi və dövlət siyasətinin prioritet istiqamətlərindən olan multikulturalizm siyasəti nəticəsində qazandığı uğurlarla multikultural dövlət imici əldə etmiş mərkəz kimi tanınır və bir çox dünya dövlətlərinə, o cümlədən Avropaya örnəkdir. Hazırda avropalılar əcnəbiləri, fərqli din və mədəniyyət daşıyıcılarını özlərinin yaşadıqları cəmiyyətə inteqrasiya etməkdən boyun qaçırırlar və buna görə də Avropanın əksər dövlətləri uzun illər apardığı multikulturalizm siyasətindən rəsmi şəkildə imtina edir.
Məhz belə bir dönəmdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Almaniyanın Drezden şəhərində ilk rəsmi filialı açılıb. Adıçəkilən filialın fəaliyyətə başlaması Azərbaycan multikulturalizmi xətti ilə ölkə həqiqətlərinin Avropaya - indiki halda Almaniya ictimaiyyətinə inteqrasiyası baxımından çox əhəmiyyətli hadisədir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Drezdendə yaradılması qərarı təsadüfi deyil. Drezden şəhəri Azərbaycanın nadir abidəsi olan “Kitabi-Dədə Qorqud”un əlyazmasının da saxlanıldığı şəhərdir. Bu məqsədlə BBMM-in Drezden filialının mərkəz rolunda seçilməsi Azərbaycan multikulturalizmi ənənələrinin Almaniya ictimaiyyətinə çatdırılması baxımından mütərəqqi addımdır. Eyni zamanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialının Almaniyada açılması maraqlı hadisədir. Çünki Almaniya multikulturalizm siyasətinin müzakirə olunduğu bir ölkədir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dünyada bu tipdə yaradılan ilk qurumdur. Gələcəkdə Mərkəzin belə filiallarının başqa Avropa ölkələrində də açılacağına inanıram.
Almaniyada, Drezdendə vaxtaşırı Azərbaycan multikulturalizminin təbliği, təşviqi ilə bağlı silsilə tədbir və layihələrin həyata keçirilməsi, bununla bağlı yerli mətbuat orqanlarında materialların dərc olunması, adıçəkilən ölkənin ali tədris ocaqlarında “Azərbaycan multikullturalizmi” fənninin tədrisi, “Azərbaycan multikulturalizmi” kafedralarının yaradılması istiqamətində müvafiq işlərin görülməsi yeni yaranmış filialın qarşısında duran əsas vəzifələrdəndir. Ümidvaram ki, mənə göstərdikləri etimadı layiqincə doğruldacağam”.
Запись “Azərbaycan multikulturalizmi ənənələrinin Almaniya ictimaiyyətinə çatdırılması mütərəqqi addımdır” впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.