Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut vəfat edib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, siyasi analitik Arye Qut uzun sürən xəstəlikdən sonra vəfat edib. Həm İsrail, həm Azərbaycan mətbuatı ilə fəal şəkildə əməkdaşlıq edən Arye Qut Türkiyə-İsrail münasibətləri, İsrail və Azərbaycan strateji tərəfdaşlığı, Cənubi Qafqazda geosiyasi vəziyyət, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən artıq analitik məqalənin müəllifidir. Azərbaycan multikulturalizm modelinin yayılmasında böyük xidmətləri olan Arye Qut, bütövlükdə dövlətimizin taleyüklü məsələlərində beynəlxalq ekspert kimi hər zaman Azərbaycanın yanında olub. O, İsrail dövlətində "Justice for Khojaly" beynəlxalq kampaniyanın rəsmi əlaqələndiricisi olub. 2016-cı ildən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərən A.Qutun İsrailin Təl-Əviv şəhərindəki "Medial" nəşriyyatında "Ağrı" bədii-sənədli romanı ingilis dilində çapdan çıxıb. Əsərdə 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən Xocalıda törədilən soyqırımı aktı ilə bağlı dəhşətli hadisələrdən bəhs edilir, müxtəlif dinlərə, müxtəlif millətlərə mənsub olan, müxtəlif mühitlərdə böyümüş, taleyin qismətindən gözəl Bakı şəhərində rastlaşan iki gəncin romantik sevgi tarixçəsi təsvir olunur.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi İsraildəki nümayəndəliyinin rəhbəri, siyasi analitik Arye Qutun vəfatından kədərləndiyini bildirir və doğmlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!