Yaponiyada Azərbaycan Multikulturalizmi ilə bağlı mühazirə keçirilib
Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən Seijo Universitetinin Hüquq fakültəsində Azərbaycan Multikulturalizmi ilə bağlı xüsusi mühazirə keçirilib.
Əlibəy Məmmədov tərəfindən foto və video görüntülərlə təqdim olunan mühazirədə yaponiyalı müəllim və tələbələrə Azərbaycanın coğrafiyası, tarixi, iqtisadiyyatı, mədəniyyəti, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları haqqında məlumat verilib. Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa, Xankəndi səfərləri, bu şəhərlərə Azərbaycan bayrağının dalğalanması, tarixi ədalətin bərpasından danışılıb. Ermənilərin Qarabağ ərazisində törətdikləri vandalizm aktlarından, Qarabağ erməni işğalından azad olunduqdan sonra burada həyata keçirilən bərpa-quruculuq işlərindən bəhs olunub. Azərbaycan multikulturalizm modeli, onun tarixi və Azərbaycanın dövlət siyasətində yeri barədə məlumat verilib.
Xatırladaq ki, Yaponiyanın Hokkaydo Universitetinin Slavyan və Avrasiya Araşdırmalar Mərkəzində 2017-ci ildən “Azərbaycan Multikulturalizmi” fənni tədris edilir.