Multikulturalizmin Azərbaycan modeli dünyada ölkəmiz haqqında xoş təəssüratlar yaradır
Bu gün multikulturalizmin Azərbaycan modeli bütün dünya ölkələri üçün örnəkdir. Bu model dünyada Azərbaycan haqqında xoş təəssüratlar yaradır, ölkəmizə qarşı son dərəcə ciddi münasibət formalaşdırır.
Bu fikri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev iyulun 29-da jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hazırda dünyanın müxtəlif universitetlərində Azərbaycan multikulturalizmi fənni tədris olunur. Bu dərslərdən sonra biz Azərbaycan multikulturalizmini öyrənən gəncləri ölkəmizə dəvət edirik. Onlar da yay və qış multikulturalizm məktəblərində iştirak edirlər. Bu da dövlətimizin başçısının tövsiyəsi ilə həyata keçirilir.
Kamal Abdullayev vurğulayıb ki, dünyada ölkəmizə olan münasibətin tənzimlənməsində Azərbaycanın Gənc Dostları Klubunun özünəməxsus rolu var.
Akademik diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin tövsiyəsi, BBMM, UNESCO, “Erasmus+”, “ALADDİN layihəsi” və Azərbaycanın Gənc Dostları Klubunun (AGDK) birgə təşkilatçılığı ilə keçirilən “Mədəniyyətlərarası dialoq dini və mədəni müxtəliflik kontekstində - Azərbaycanda dinlərarası harmoniya” adlı V Beynəlxalq multikulturalizm yay məktəbində 26 ölkəni 60-a yaxın tələbə təmsil edir. Ölkəmiz ilə yaxından tanış olan yay məktəbinin iştirakçıları Azərbaycanın Gənc Dostları Klubunun üzvləri olurlar. Bu klub hazırda dünyada bir sıra siyasi-ictimai proseslərdə fəal iştirak edir. Biz onlara Azərbaycan həqiqətlərini çatdırırıq. Onlar da öz ölkələrində bu həqiqətləri təbliğ edirlər. “Əminəm ki, klubun üzvləri Azərbaycanın dostu kimi bizimlə ünsiyyətlərini davam etdirəcəklər. Bu gənclərdən Azərbaycanı sevənlər ordusu yaranacaq”, - deyə Kamal Abdullayev qeyd edib.
Запись Multikulturalizmin Azərbaycan modeli dünyada ölkəmiz haqqında xoş təəssüratlar yaradır впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.