XV Beynəlxalq Multikulturalizm Məktəbi başa çatıb

“Sülhün, dialoqun və tolerantlığın qorunmasında mədəni irsin rolu” adlı XV Beynəlxalq Multikulturalizm Məktəbi başa çatıb. Məktəbin son günündə iştirakçılar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olublar. İştirakçılar Mərkəzin Himayəçilik Şurasının sədri akademik Kamal Abdullayev və icraçı direktoru Rəvan Həsənovla görüşüblər. 
Kamal Abdullayev məktəb iştirakçılarına Azərbaycan multikulturalizminin örnək modelindən, ölkəmizdəki multikultural ənənələrdən və dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasətdən danışıb. O, Mərkəzin yaranma səbəbləri və ötən 10 ildəki fəaliyyəti haqqında məlumat verərək bildirib ki, Multikulturalizm Mərkəzi yarandığı gündən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı Yay və Qış məktəbləri təşkil edir. Artıq ənənəyə çevrilən, mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Yay və Qış məktəblərinin iştirakçıları hər dəfə bu tədbirlərdən öz ölkələrinə zəngin təəssüratlarla qayıdırlar. O, əmin olduğunu vurğulayıb ki, XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları da Azərbaycandan xoş təəssüratlarla ayrılacaqlar.
BBMM-in icraçı direktoru Rəvan Həsənov Rəvan Həsənov bildirib ki, Beynəlxalq Multikulturalizm məktəbləri Mərkəzin mühüm layihələrindən biridir. Bu layihə ildə iki dəfə təşkil edilməklə Bakı şəhəri ilə yanaşı, bir sıra bölgələri də əhatə edir. O vurğulayıb ki, Məktəbdə iştirak edən əcnəbi tələbələr Azərbaycan multikulturalizmi ilə yaxından tanış olurlar. İcraçı direktor iştirakçılara Azərbaycandakı multikultural mühit, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında ətraflı məlumat verib.
Görüş iştirakçıları Yay Məktəbi çərçivəsində əldə etdikləri bilik və məlumatları, şahidi olduqları hadisələri, yaşadıqları duyğuları bölüşüblər. Sonra XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Günün sonunda XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçılarına sertifikatlar təqdim olunacaq. Tədbir musiqili bədii hissə ilə davam edəcək.
Qeyd edək ki, XV Beynəlxalq Multikulturalizm Məktəbində 21 ölkədən - Azərbaycan, Rusiya, Türkiyə, Çin, Serbiya, Yaponiya, Qazaxıstan, Rumıniya, Moldova, Özbəkistan, Hindistan, Mərakeş, Bolqarıstan, Gürcüstan, Amerika Birləşmiş Ştatları, Qırgızıstan, İraq, Pakistan, Əlcəzair, Mozambik və Konqodan olan 30-a yaxın  tələbə iştirak edib. İştitakçılar  məktəb çərçivəsində Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. Məktəb Bakı şəhəri ilə yanaşı, Şuşa, Laçın və  Ağdam rayonlarında da fəaliyyət göstib. İştirakçıların Şuşa, Laçın və Ağdam şəhərlərinə ekskursiyaları təşkil olunub.
XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural mühit, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında ətraflı məlumat verilib. İştirakçılar “Azərbaycan Multikulturalizm modelinin xüsusiyyətləri”, “Mədəniyyət və inancın kəsişməsi: Dini müxtəlifliyin Azərbaycan nümunəsi”, “Qafqaz Albaniyası irsi siyasi diskursda”, “Azərbaycan mədəni irsinə qarşı vandalizm aktları” mövzularında məruzələr dinləyiblər. Məruzələri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri İrina Kunina, Dini Qurumlarla İş üzrə Dövlət          Komitəsinin baş məsləhətçisi Günel Yusifi, Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi şöbəsinin müdiri Fərda Əsədov, Azərbaycan Respublikasının Mədəniyyət    Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xitmətinin böyük məsləhətçisi Ləman Əliyeva təqdim ediblər.
Beynəlxalq Multikulturalizm Məktəbi çərçivəsində “Öz xalqını təqdim et” musiqili axşamlar da təşkil olunub. Burada iştirakçı tələbələr öz xalqlarının mədəniyyəti, adət ənənələri ilə bağlı məlumat veriblər.

Etiketlər