Azərbaycan dövləti ölkədə multikultural mühitin qorunmasını daim diqqət mərkəzində saxlayır

 

Bakıda keçirilən “Gənclər arasında tolerantlıq, humanizm və sülhsevərlik prinsiplərinin təbliğ edilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçıları noyabrın 23-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olublar.
MDB-yə üzv dövlətlərdən, o cümlədən Rusiya, Belarus və digər ölkələrdən gənclər təşkilatlarının nümayəndələri, gənc alimlər və ekspertləri salamlayan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov ölkəmizdəki multikultural mühit barədə qonaqlara məlumat verib. O bildirib ki, Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir. Ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir.
“Azərbaycan dünyada çox az ölkələrdəndir ki, burada bütün dinlərə mənsub insanlar rahat yaşayırlar, onlara eyni münasibət var. Azərbaycan dövləti ölkədə multikultural mühitin qorunmasını daim diqqət mərkəzində saxlayır. Son illər Azərbaycanda bu mövzularda mötəbər beynəlxalq forumlar və konfranslar təşkil olunur. Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dünyanın 15 ölkəsində multikulturalizmi təbliğ edir”, - deyə Rəvan Həsənov bildirib. O qeyd edib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin nəticəsidir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi təmsil etdiyi qurumun fəaliyyət istiqamətlərindən də danışıb. Diqqətə çatdırıb ki, azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, eləcə də Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək Mərkəzin əsas məqsədidir.
Qonaqlar Azərbaycana səfərdən, Bakıda keçirilən “Gənclər arasında tolerantlıq, humanizm və sülhsevərlik prinsiplərinin təbliğ edilməsi” mövzusunda beynəlxalq konfransda iştirakdan məmnunluqlarını bildiriblər. Onlar Azərbaycandakı multikultural və tolerant mühiti yüksək qiymətləndiriblər.
Sonra qonaqlara Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hədiyyələri təqdim olunub.

Запись Azərbaycan dövləti ölkədə multikultural mühitin qorunmasını daim diqqət mərkəzində saxlayır впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.