Mehman İsmayılov: Qafqaz Albaniyasının irsinin dünyaya tanıdılmasının çox böyük əhəmiyyəti var
Qafqaz Albaniyası mövzusuna həsr olunan beynəlxalq konfrans çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan xalqının sahib olduğu mədəni-mənəvi irs çox zəngindir. Bunu Azərbaycanda yaşayan, ölkəmizə gələn hər kəs əyani olaraq görür. Mədəni-mənəvi irsimizin dünyaya tanıdılmasının çox böyük əhəmiyyəti var. Qafqaz Albaniyasının irsinin öyrənilməsi ilə bağlı son illər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən böyük işlər görülür. Şübhəsiz ki, belə tədbirlər mədəni-mənəvi irsimizin daha dərindən öyrənilməsinə öz töhfəsini verəcək.
Bu sözləri Qəbələ rayonunun Nic qəsəbəsindəki Alban Udi Ocağında keçirilən “Qafqaz Albaniyası: tarix və müasirlik kontekstində” mövzusunda beynəlxalq konfransda iştirak edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.
Dünyada baş verən müharibələr nəticəsində bir çox qədim tarixi abidələrin ciddi zərər gördüyünü, dağıdıldığını diqqətə çatdıran icraçı direktor bildirib ki, bunun qarşısını almaq üçün dünya ölkələri tərəfindən mədəni irsin qorunması ilə bağlı müxtəlif konvensiyalar, xartiyalar təsdiq olunub, müqavilələr bağlanılıb. Azərbaycan da həmin konvensiyalara qoşulan ölkələrdəndir və bu konvensiyalara həmişə sadiqdir.
Mehman İsmayılov deyib: “Qafqaz Albaniyasının irsi, eyni zamanda, bəşəri məsələdir. Yəni, dünyanın hər hansı bir yerində qədimliyi ilə seçilən bir dəyər varsa, hansı xalqa məxsus olmasından, harada yerləşməyindən asılı olmayaraq, həmin dəyər bəşəriyyətin ortaq irsi hesab olunur. Azərbaycana məxsus olan mədəni-mənəvi irsin dünyaya tanıdılmasında belə tədbirlərin böyük rolu olacağına inanırıq”.