Dini ekstremizmə qarşı multikulturalizm
"Din" sözünün kökünün arami, ibrani, fars və ərəb dilində olması ilə bağlı indiyədək müxtəlif fikirlər irəli sürülüb.
Yunan dilində "qorxu ilə qarışıq hörmət", latın dilində "Allaha və dinlərə hörmət və ya Allaha hörmət ilə qarışıq sədaqət hissi", Avestada "daena", pəhləvi dilində (qədim fars) "den" şəklində işlədilib. Bunların mənası da "yol, üslub, tərz" deməkdir. Ərəb dilində müqəddəsliyə olan sevgi və bağlılıq mənasındadır, bu da həmçinin "tanrı qarşısında borc" anlamındadır.
Hər bir cəmiyyətin inkişafında, dünyagörüşü, davranış və fəaliyyətində din tarixi hadisə kimi çox böyük rol oynayıb. Din insan mənəviyyatının əsasında durmaqla yanaşı, sosial münasibətlərin tənzimlənməsində də, xüsusi rola malikdir. Mahiyyətinə nəzər saldıqda isə, dinin insanlara xoşbəxtlik gətirdiyi, ədaləti, digərlərinin hüquqlarına hörməti və hər kəsin haqqının təmin olunmasını təbliğ etdiyi açıq-aydın özünü büruzə verir. Lakin real həyatda din pərdəsi altında qeyri-humanist ideyaların tətbiqi də müşahidə olunur. Din adından həyata keçirilən hər hansı subyektiv fəaliyyət dinin naqisliyindən qaynaqlanmır. Burada söhbət dini hökmlərin tətbiqində qeyri-obyektiv mövqe nümayiş etdirilməsindən, dinin əsas mahiyyətini və məqsədini nəzərə almayaraq, ondan öz maraqları üçün yararlanmaqdan gedir. Və narahatlıq doğuran hal odur ki, bəzən dindən siyasi məqsədlər üçün istifadə olunmuş, insanları xurafata, fanatizmə sürükləməyə cəhd göstərilmiş, din pərdəsi altında radikal və ekstremist meyillər mənəvi cəhətdən sağlam həyat tərzini korlamağa, vətəndaş həmrəyliyini pozmağa, xalqın tarixi ənənələrinə, milli düşüncə sisteminə zərbə vurmağa hədəflənmişdir. Bu baxımdan dini radikalizm və ekstremizm bu gün də vətəndaş cəmiyyəti, hüquqi, demokratik dövlət üçün təhlükə mənbəyi hesab edilir.
"Dini radikalizm və ekstremizm nədir?" sualına daha dəqiq cavab vermək üçün, bu anlayışların mahiyyəti ilə bağlı bəzi məqamlara diqqət yetirək. Ümumiyyətlə, radikalizm müəyyən bir hədəfə çatmaq üçün başqalarının hüquq və azadlıqlarını pozmağa hazır olan birlik və təşkilatların fəaliyyəti ilə bağlı işlədilən termindir. "Radikal" ifadəsi latın dilindən "radix" sözündən yaranıb. Mənası "kök" deməkdir. Radikal hərəkatlar cəmiyyətdə köklü dəyişiklik etmək istədikləri üçün bu adla adlandırılıb. İlk dəfə bu termini 1797-ci ildə İngiltərədə parlament üzvü Çarls Ceyms Fox (Charles James Fox ) seçki sistemi ilə əlaqəli "radikal reform" ifadəsini dilə gətirərkən işlədib. Daha sonra elmi ədəbiyyatda siyasətdən incəsənətə, ədəbiyyatdan dinə qədər köklü dəyişikliklərin tərəfdarı olan qruplar üçün "radikal" terminindən istifadə olunub. Dini radikalizm yeni ictimai hadisə deyil. Tarix boyu din və məzhəb zəminində qanlı münaqişələr baş verib, günahsız insanların qanı axıdılıb. Varfolomey gecəsi, səlib yürüşləri və digər tarixi hadisələr bunun bariz nümunəsidir. Hətta, bəşəriyyətin elmi-texnoloji, siyasi-iqtisadi cəhətdən sürətlə irəliləməsinə, Yer kürəsinin kiçik bir kəndə dönməsinə baxmayaraq, dini radikalizm aktuallığını itirməyib, əksinə, yeni qiyafəyə bürünərək qlobal təhlükəyə çevrilib.
Radikal qruplar xalq arasında yayılmış ənənəvi inanclara qarşı çıxırlar, elm və texnologiyanın, qloballaşmanın gətirdiyi hər cür yeniliyi rədd edirlər, yalnız öz inanclarının doğruluğunu müdafiə edir, öz "həqiqətlərini" isbatlamaq üçün dini mətnləri öz məqsədlərinə uyğun şərh edirlər.Günümüzdə radikalizmin ən təhlükəli forması dini ekstremizmdir. Qeyd edək ki, radikalizm və ekstremizm sözləri arasında nə qədər uyğunluq olsa da onları bir-birindən fərqləndirən xüsusiyyətlər də vardır. Ən başlıca fərq odur ki, ekstremizm ifrat ideyaların zorakı yollarla həyata keçirilməsidir.
Tədqiqatlar göstərir ki, müxtəlif dinlərin nümayəndələrinə qarşı dözümsüzlük, eyni zamanda konfessiyalararası qarşıdurma mahiyyətcə dini ekstremizmə yol açan amillərdəndir. Dini ekstremizmin tətbiqi əsasən dini ekstremist təşkilat vasitəsilə həyata keçirilir. Dini ekstremistlər milli-dini dəyərlərə hörmətlə yanaşmır, bu dəyərləri məhv etməyə, gözdən salmağa çalışırlar. Onların fəaliyyətində zorakılıq metodu üstünlük təşkil edir. Daha dəqiq desək, ekstremist fəaliyyət hakimiyyəti dəyişdirməyə və ya ələ keçirməyə, hər hansı dövlətin suveren hüquqlarını pozmağa, qanunsuz silahlı birləşmələr yaratmağa, dini - etnik nifrət zəminində təxribata əl atmağa səsləyən ideologiya və fəaliyyətləri özündə əks etdirir. Əsasən radikal dini birliklər bu mövqedən çıxış edir. Onlar özündən fərqli dini inanc və əqidələrə qarşı barışmaz mövqe nümayiş etdirirlər. Onlar aqressiv təbliğat metod və vasitələrindən istifadə edir, cəmiyyətin nizamını pozmağa cəhd göstərirlər. Bu dini radikalizmin ən təhlükəli formasıdır.
Elmi ədəbiyyatda ekstermizmin insanda mövcudluğu barədə diqqəti cəlb edən üç əsas səbəb qeyd olunur: bioloji, psixoloji-psixiatrik və sosioloji .Bioloji yanaşma, kimyəvi və hormonal qarşılıqlı təsirlərin ümumiyyətlə beynin fəaliyyətindən asılı olaraq zorakı davranışların beyində yatmış olduğunu bildirir. Psixoloji və psixiatrik yanaşmaya görə, zorakılığa yönəlmiş davranışların ortaya çıxmasında ağılın necə işlədiyi və əqli xəstəliklərdən başqa psixopatoloji sindromlar, instinktizm, özünüdərk, hiperaktivlik, zəka səviyyəsi, şəxsiyyət pozğunluqları və əsəbilik kimi şəxsiyyət əlamətləri təsirli olur. Sosioloji yanaşmada zorakılıq fenomeni ictimailəşmə prosesindəki təcrübələrlə yaşadığı cəmiyyətin sosial-mədəni dəyərləri ilə birbaşa əlaqəli şəkildə izah olunur. Fərqli şiddət növləri ilə radikallaşma arasında qarşılıqlı əlaqə mövcuddur. Buna görə, insanın şiddət yönümünün qaynaqlandığı radikal düşüncələrin olmasına baxmayaraq, radikal düşüncələrin formalaşmasında genetik, psixoloji və sosioloji amillərin formalaşdırıcı, istiqamətləndirici təsiri inkar edilə bilməz.
Ekstermizmi aradan qaldırmağın əsas yolu insanlar arasında sevgi, xoşgörü, sülh, tolerantlıq, kimi anlayışların təbliğ edilməsidir. Tolerantlıq - dini dözümlülük, yəni digər inanc və əqidələrə dözümlü yanaşmaq deməkdir. Daha dəqiq desək, tolerantlıq insan hüquqları və vicdanı ilə bağlı olmaqla yanaşı, insan azadlıqları və hüquqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır. Onun üçün həm də irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror və ekstremizmin qəbul edilməməsi xarakterikdir. Multikulturalizm isə, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil. Bir çox minilliklərlə ölçülən təkamül nəticəsində ruh mədəniyyət bəşəriyyətin sosial inkişafının, intellektual və mənəvi tərəqqisinin universal əsası olmuşdur. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Digər mədəniyyətlərin xüsusiyyətlərini, tarixini öyrənmədən, onlara qarşı tolerant münasibət, qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyların dialoqunu qurmaq mümkün deyil. Buna görə də, bu sosial problemə qarşı effektiv mübarizə aparılması, həmçinin səbəb olduğu amillərin müxtəlifliyi və özünü büruzə verən fərqlər səbəbindən hərtərəfli sosial siyasət və hərtərəfli tənzimləmələrin hazırlanmasını zəruri edir. Çünki yaşadığımız dövrdə bəşəriyyət tarixdə əvvəllər heç olmamış kimi radikallaşma və ekstermizmə qapılır, yaşanan problemlər çərçivədən kənara çıxmaqla yanaşı, bütün bəşəriyyətə təsir edən ümumbəşəri ölçülərə sahib olur. Bu səbəblə problemlərlə qarşılaşarkən universal yolları və məzmunu seçmək vacibdir. Ekstermizmin və zorakılığın qlobal problemlərdən biri olaraq qalması və hələ də bəşəriyyətin gələcəyini təhdid etməsi, məsələnin həlli barədə səhvlərin edildiyini və ya bu problemlə mübarizədə çatışmazlıqların olduğunu göstərir. Bu vəziyyətdə problemin qalıcı bir həll yolu axtarma ehtiyacı ortadadır. Bu məqsədlə multikulturalizmin daha dəqiq desək, ümumi dəyərlərdən vaxt itirmədən "yüksək etimad mədəniyyətini" canlandırmalı və dünyada genişləndirilməlidir. Yüksək etimad mədəniyyəti hər bir insana ailəsi, qohumları və dostları və yaxın və uzaq mühitdəki digər insanların təhlükəsiz olduğu, onların əsas hüquq və azadlıqlarının qorunub saxlanıldığı öz həyatı ilə birlikdə etibarlı və azad bir mühitdə yaşamağa imkan verir .
Multikultural cəmiyyətdə nəinki sosial ədalətsizliyi aradan qaldırmağa nail olmaq mümkündür, həm də burada irqçiliklə bağlı ədalətsizliyə qətiyyən yol verilmir. Məhz buna görə də bu siyasəti təkcə siyasi elita deyil, eyni zamanda millətin yüksək vəzifə tutmayan digər nümayəndələri ilə yanaşı, həm də milli və dini azlıqlarda dəstəkləyirlər. Bir insanın öz qabiliyyətlərini inkişaf etdirməsi və mənalı bir həyat qurma arzusu yalnız bu cür azad və təhlükəsiz mühitin mövcudluğundan asılıdır. Əslində, yüksək etimad mədəniyyətinə əsaslanan sosial həyatın zəruriliyi təhlükəsizlik, azadlıq, bərabərlik və ədalət dəyərlərinin bərqərar olmasıdır. Sosial ədalət hər bir insana hər hansı bir mövzuda haqsızlıq edildikdə, nəticədə haqqını alacaqlarına və səhv edənlərin cəzalandırılacağına inandığı universal bir qanundır. Və bu qanun, qaydaları işə salmaqla təmin edilə bilər. Çünki qanun olmadığı yerdə ədalət yoxdur və ədalətin olmadığı təqdirdə daimi dəyərlərdən danışmaq mümkün deyil. İnsanlar arasında sədaqət və güvən əsaslı əlaqələrin inkişaf etdiyi bir mədəniyyət mühitində ləyaqətli bir həyat üçün tələb olunan minimum şərtlər təmin edilir. İnsanlar yalnız belə bir mühitdə qardaş, xoşbəxt və dinc həyat gözləyə bilər.
Respublikamızda dini radikalizm və ekstremizm elementlərinin yaranmaması, yaxud onlara qarşı mübarizə üçün möhkəm qanunvericilik bazası vardır. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə18. Din və dövlət, bənd 2) göstərilir ki, "insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan" dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır". Konstitusiyanın 48-ci maddəsində (maddə 48. Vicdan azadlığı. bənd 4.) göstərilir ki, "dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır". Və qeyd etmək mühümdir ki, dini radikalizm və ekstremizmə qarşı mübarizədə ailədə aparılan tərbiyə işi ilə bərabər, məktəbdə təlim-tərbiyə işinin məqsədəuyğun təşkil edilməsi mühüm əhəmiyyət kəsb edir. Təhsil prosesində milli-dini dəyərlərin elmi-pedaqoji tələblərə uyğun öyrədilməsi böyüməkdə olan nəsilləri xalqımızın tarixi köklərinə, türkçülüyə, azərbaycançılığa möhkəm tellərlə bağlayır, onlar milli ruhlu şəxsiyyətlər kimi yetişir, multikultural dəyərlərə, digər xalqların da inanclarına, mədəniyyətlərinə hörmətlə yanaşır, ümummilli birliyin möhkəmləndirilməsində torelantlığın əhəmiyyətini dərk edirlər.
Beləliklə, çoxmədəniyyətlilik, digər mədəniyyətlərin bir-birinə davamlılığı həmçinin onların qorunmasından asılıdır. Bu mənada cəmiyyət olaraq birlikdə yaşamağın şərti, ədalətli, azad və humanitar dəyərlərə əsaslanan təhlükəsiz bir mədəni mühitin formalaşdırılmasıdır. Və ən əsası bütün mənəvi, əxlaqi və hüquqi sistemlərin, ümumbəşəri dəyərlərin formalaşmasını təmin edən ən üstün varlıq insandır. Buna görə də, mədəniyyətlərdəki bu yüksək dəyərlərin potensialı fərdlərdən başlayaraq, sonra cəmiyyət və qlobal ölçüləri əhatə edəcək şəkildə yayılmasını təmin edəcək imkanlar araşdırılmalıdır. Bu müddətdə bəşəriyyətə zorakılıq yönümlü davranışın dünyanın hər yerində qarşısı alınmalı, zorakılığın yayılmaması üçün lazımi tədbirlər görülməlidir. Bu vəzifənin həlli üçün bütün dünyada "Homo sapiens" tipli insandan "Homo culturalies" tipli insana keçid proqramının işlənib hazırlanması və tətbiq edilməsi zəruridir.
Tahirə MƏMMƏDZADƏ
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı